İlin birinci yarısında “BMW” şirkətinin mənfəəti 29 faiz azalıb

“BMW” şirkətinin mənfəəti bu ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz azalıb. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, konsernin xalis mənfəəti ilin ilk altı ayında 4 milyard avro olub. Azalmaya gömrük rüsumları, Çində çətin bazar şəraiti və dolların kursunun zəif olması təsir edib. Buna baxmayaraq, “BMW” hələ də digər alman avtomobil istehsalçıları ilə müqayisədə daha sabit mövqedədir. Belə ki, “Volkswagen”, eləcə də onun törəmə şirkəti “Audi”i ilin ilk yarısında mənfəətinin üçdəbirindən çoxunu, “Mercedes-Benz” isə yarıdan çoxunu itirib.

“BMW” konserninin baş direktoru Oliver Zipse yarımillik nəticələri şirkətin biznes modelinin dayanıqlılığının göstəricisi kimi dəyərləndirib.

Satış rəqəmləri də “BMW”nin rəqibləri ilə müqayisədə bu vəziyyətdən daha az zərər gördüyünü göstərir. Avtomobil satışı “Mercedes” və “Audi”dən fərqli olaraq sabit qalıb, 1,2 milyon avtomobil satılsa da, ümumi gəlirlər 8 faiz azalaraq 67,7 milyard avroya düşüb.

Konsern gömrük tariflərinin bu il avtomobil bölməsində mənfəət marjasını 1,25 faiz azaldacağını hesab edir ki, bu da milyardlarla avro dəyərində zərər deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə