İsveçdə 63 nəfərin öldürüldüyü 2022-ci ildə ölümlə nəticələnən rekord sayda atışmalardan sonra silahlı zorakılıqla bağlı vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. SİA xəbər verir ki, polis statistikasına əsasən, 2024-cü ildə 90-a yaxın atışma baş verib ki, bu da əvvəlki il ilə müqayisədə təxminən iki dəfə azdır.
Ekspertlər hesab edirlər ki, ölkədə bu tendensiyada dönüş baş verib. Əsas amillərdən biri polisin işinin effektivliyinin artırılması olub: cinayətkar şəbəkələri ilə bağlı qətllərin açılması səviyyəsi 20-30 faizdən 60 faizə yüksəlib. Bundan əlavə, daha sərt tədbirlər, cəzaların sərtləşdirilməsi və mütəşəkkil cinayətkarlıqla mübarizədə uzunmüddətli səylər öz rolunu oynayıb.
Kriminoloqların sözlərinə görə, bir çox şiddətli münaqişənin arxasında duran “Fokstrot” dəstəsinin zəifləməsi də qurbanların azalmasına töhfə verib. Bundan əlavə, kriminal ünsürlərin bir hissəsi İsveçi tərk edib və zorakılıq xaricə keçib.
Polisin mütləq atışmaların olacağını gözlədiyi “qırmızı” adlandırılan münaqişələrin sayı bir sıra şəhərlərdə azalıb. Mütəxəssislərin fikrincə, silahlı zorakılığa qarşı mübarizədə kompleks yanaşma və sistematik iş öz real bəhrəsini verir.
Bütün xəbərlər Facebook səhifəmizdə