SOCAR metan emissiyasının azaldılması üzrə fəaliyyət istiqamətlərini təqdim edib

İqlim dəyişikliyi ilə mübarizə səylərində mühüm əhəmiyyət kəsb edən metan (karbon dioksiddən 28 dəfə güclü istixana effektinə malik qaz) emissiyalarının azaldılmasında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) dörd fəaliyyət istiqaməti kömək edir. SİA xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev Beynəlxalq Enerji Agentliyinin və COP29 Sədrliyinin Bakıda İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil etdiyi “Metan üzrə öhdəliklərin fəaliyyətə çevrilməsi” seminarındakı çıxışında deyib.

Birinci istiqamət emissiya mənbələrinin müəyyən edilməsi və aradan qaldırılmasıdır ki, bunun üçün SOCAR üç növ texnoloji həllərdən istifadə edir. İkinci istiqamət emissiyaların azaldılması proqramı, üçüncüsü isə zərərin azaldılması proqramları üzrə şirkətlərlə çoxtərəfli əməkdaşlıqdır. Nəhayət dördüncü fəaliyyət sahəsi emissiyalarının monitorinqi, idarə edilməsi və hesabatı üçün “Methane.AI” şərti adı olan platformanın işə salınmasıdır.

Hikmət Abdullayev xatırladıb ki, 2023-cü ilin dekabrında Dubayda keçirilən COP28 tədbirində SOCAR dekarbonizasiya üzrə fəaliyyət planını təqdim edib, həmçinin 2035-ci və 2050-ci ilə qədər olan dövrlər üçün istixana qazı emissiyalarının azaldılması üzrə hədəflərini açıqlayıb.

“Məqsədlərimizdən biri 2035-ci ilə qədər metan emissiyasının intensivliyində 0,2 faizə nail olmaqdır. Bu məqsədlərə çatmaq üçün SOCAR-ın hər bir aktivi üzrə müfəssəl fəaliyyət planları yaradılıb”, - deyə SOCAR-ın vitse-prezidentinin müavini qeyd edib.

O vurğulayıb ki, 2024-cü ilin yanvar ayından BMT strukturlarının köməyi ilə metanla bağlı ətraflı araşdırmalar, o cümlədən sensorlu dronlardan istifadə (obyektlərin ətrafında uçmaq, metan sızması olan yerləri qeydə almaq), peyk tədqiqatları (10-12 kvadratkilometr ərazilərin ölçülməsi) aparılır.

H.Abdullayev əlavə edib: “Dronlardan və peyklərdən alınan məlumatlar öyrənilir, bundan sonra SOCAR-ın mütəxəssisləri bütün mümkün metan sızmalarını təfərrüatı ilə yoxlayırlar. Bu məlumat axınını ümumiləşdirmək və təhlil etmək üçün SOCAR süni intellektə əsaslanan “Methane.AI” adlı proqram hazırlayıb”.

Xatırladaq ki, 2023-cü ilin dekabrında keçirilən COP28 konfransı zamanı SOCAR neft-qaz sənayesində dekarbonizasiya haqqında Xartiya imzalayıb. Bu sənəddə şirkət fəaliyyət göstərən bütün obyektlərində 2030-cu ilə qədər məşəl qazı yandırılması prosesinin olmayacağını, 2030-cu ilə qədər mədənçilik seqmentində karbon dioksid emissiyalarının intensivliyinin 2022 səviyyələri ilə müqayisədə 30 faiz azalacağını təsdiqləyib. Korporativ karbon dioksid emissiyalarının intensivliyinin isə 2035-ci ilə qədər 2022-ci il səviyyələri ilə müqayisədə 20 faiz azaldılması, habelə metan tullantılarının sıfra yaxınlaşması və 2050-ci ilə qədər “xalis sıfır” emissiyalara nail olunması istiqamətində səylər göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə