Cəbrayıl rayonuna qayıdış planı uğurla icra edilir ŞƏRH

44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi diqqəti və nəzarəti altında işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma siyasətinə əsaslanan geniş tikinti-quruculuq işləri aparılır. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" və “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı”na əsasən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış məntəqələri layihələndirilir, şəhərlərin Baş planları hazırlanır və təsdiq edilir.

Belə ərazi planlaşdırılması sənədlərindən biri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Britaniyanın “Chapman Taylor” şirkəti ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış Cəbrayıl şəhərinin Baş planı 25 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 238 nömrəli Qərarı ilə təsdiq edilib.

Cəbrayıl şəhəri illər ərzində işğalçılar tərəfindən urbisid və ekosidə məruz qalıb, əhali öz doğma yurdlarından didərgin salınıb, əraziyə küllü miqdarda maddi ziyan vurulub. Nəticədə mövcud infrastruktur, yaşayış evləri tamamilə məhv edilib və şəhərin yenidən qurulmasına ehtiyac yaranıb. Bunu nəzərə alaraq, dağıdılmış şəhərin yerləşdiyi ərazinin kompleks qiymətləndirilməsi və konseptual layihələndirilməsi işləri aparılıb.

Cəbrayılın yaşayış məntəqəsi kimi tarixi VIII əsrə bağlanır. 1930-cu ildə inzibati mərkəzi olan Cəbrayıl rayonu yaradılıb və şəhəri də məhz həmin illərdə formalaşmağa başlayıb. Şəhərin ilk Baş planı 1984-cü ildə işlənilib. O zaman şəhərin ərazisi 258 ha, əhalinin sayı 5200 nəfər idi. Təsdiq edilmiş yeni Baş plana əsasən, müasir Cəbrayıl şəhəri özü və yaxınlıqdakı 5 kəndi əhatə edəcək və şəhərin ümumi ərazisi 625 ha təşkil edəcək. Layihədə şimaldan cənuba doğru uzanan Çaylaqçay ətrafında şəhərin mərkəz hissəsində təklif olunan “yaşıl zolaq” şəhərin əsas onurğası kimi verilib. Qeyd edək ki, rayon ərazisində bir çox tarix-memarlıq abidələrinin, o cümlədən Xudafərin körpüsünün yerləşməsi şəhərin gələcək ozünəməxsus memarlıq görünüşünün yaradılmasında xüsusi rol oynayacaq.İşğaldan azad edilmiş şəhərdə ilkin mərhələdə təhlükəsizlik, infrastruktur məsələlərinin həlli, sosial xidmətlərin fəaliyyəti, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələləri əsas götürülür. Bu ərazilərdə bərpa və yenidənqurma strategiyalarının əsas məqsədi dayanıqlı iqtisadi inkişafa nail olmaqdır.2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldilər. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cənab prezidentin Cəbrayıla səfərləri mütəmadi xarakter alaraq burada "Azad ticarət zonası" və digər iaşə obyektlərinin açılışlarini edib. Həmçinin yeni kəndlərin təməlini qoyub. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.

Artıq azad Cəbrayıla keşmiş məcburu köçkünlərin qayıdışı başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı məhz 4 oktyabr Cəbrayıl şəhəri günü ərəfəsində baş tutub. 2024-cü il sentyabrın 30-da Cəbrayıl şəhərinə 123 nəfərdən ibarət 40 ailə köçürülüb. Beləliklə, indiyədək Cəbrayıl şəhərinə 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə