Mağazada əşya sındırmışıqsa, dəyərini ödəməliyik? - VƏKİL AÇIQLADI

""Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə “Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Turan Abdullazadə sözlərinə belə davam edib: "Qeyd olunan maddədən görünür ki, əmlakın təsadüfi məhv olması riski mülkiyyətçinin üzərinə düşür. Lakin qəsdən qarşı tərəfə zərər verən şəxs müvafiq cavabdehlik daşıyır. Bu cür öhdəliyin meydana çıxması aşağıdakı şərtlərin mövcudluğundan asılıdır: 1) Zərər verənin qanunsuz davranışı; 2) Qanunsuz hərəkətlə zərər arasındakı səbəb əlaqəsi.

Alıcı mallara vurulan zərərin təqsirli hərəkətləri nəticəsində baş verdiyinə inanırsa, zərəri könüllü şəkildə ödəyə bilər. Lakin, alıcı özünü təqsirkar hesab etmirsə, mağaza rəhbərliyi onu ziyanın əvəzini verməyə məcbur etməyə haqqı yoxdur.

Mağazanın riayət etməli olduğu bəzi faktları gözdən qaçırması (məsələn, zəminin sürüşkən olması, mağazada keçidlərin dar olması və sair) əmlakın təsadüfi itkisinə səbəb ola bilər ki, bu halda alıcı məsuliyyət daşımamalıdır.

Şəxs mağazada ehtiyatlı davranırsa, artıq heç bir şeyə qəsdən toxunub ziyan vermək niyyəti yoxdursa, amma nədənsə mallar yıxılır və qırılırsa, deməli bu təsadüfən zədələnmiş məhsuldur. Buna görə görə alıcı qismində mağazaya gələn şəxs məsuliyyət daşımır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə