Binəqədidə dəyirmanın fəaliyyəti DAYANDIRILDI - FOTOLAR

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 100 ünvanında fəaliyyət göstərən “Xırman” MMC-yə məxsus buğda unu emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı bir sıra nöqsanlar müəyyən olunub. Agentlikdən SİA-ya verilən məlumata görə, müəssisədə xammal, hazır məhsul və qablaşdırma materiallarının saxlanması üçün müvafiq şəraitin təmin edilmədiyi, temperaturun monitorinqinin aparılmadığı, işçilər üçün gigiyenik vasitələr və isti su ilə təchiz olunmuş yuma çanağının təşkil olunmadığı, havalandırma sisteminin qurulmadığı, divar, döşəmə və tavanın, eləcə də un emalında istifadə olunan dəyirman qurğusunun tamlığının pozulduğu, həmçinin emal olunan “Qaymaq” əmtəə nişanlı tam buğda unu məhsullarında zərərvericilərlə sirayətlənmə aşkarlanıb.

Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, uyğunsuzluq aşkar edilmiş məhsulların satışının qadağan olunması və emalın dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə