İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycanda yeni Vergi Məcəlləsinin hazırlanması məqsədilə sahibkarlardan və ictimaiyyətdən təkliflərin qəbuluna başlayıb. Dövlət Vergi Xidmətindən SİA-ya verilən məlumata görə hazırda vergi Məcəlləsinin yeni strukturunun hazırlanması məqsədilə təkliflərin qəbulu davam etdirilir.

Ölkədə aparılan aparılan islahatlar, ölkənin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası, qabaqcıl dünya təcrübəsinə əsaslanan yeni vergi sisteminə keçid, vergi sisteminin səmərəliliyinin artırılması səbəbindən mövcud Vergi Məcəlləsinin yenilənməsinə zərurət yaranıb.

Məcəllənin daha da rəqabətqabiliyyətli və anlaşılan olması, bir sıra məsələlərin detallı tənzimlənməsi və mövcud maddələrin tərkib elementlərinin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşlıyır.

Bu çərçivədə Dövlət Vergi Xidməti qarşıdakı 1 ay ərzində vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar ölkədə biznesin inkişafına təkan verəcək, sahibkarlıq fəaliyyəti zamanı ortaya çıxan çətinliklərin həllinə yönəlmiş Vergi Məcəlləsində tənzimlənməyən, habelə Vergi Məcəlləsində olub təkmilləşdirilməsi zəruri hesab edilən istiqamətlərə dair əsaslandırılmış təkliflərin qəbuluna başlayıb.

“Hazırda təkliflər qəbul edilir və toplanıb aidiyyəti üzrə təqdim olunacaq. Təkliflər çoxdur və hər birinə baxılacaq. Hazırda Məcəllənin strukturu işlənilir. Bu ilk təcrübədir ki, geniş şəkildə tədbiq olunur. Burada təkcə biznes subyektlərinin deyil, ictimaiyyətin də təklifləri qəbul edilir”.

Xidmətdən bildirilib ki, əlverişli biznes mühitinin yaradılması, dövlət-biznes münasibətlərində qarşılıqlı etimadın artırılması baxımından biznes nümayəndələri ilə fikir mübadiləsinin aparılması zəruridir.

Onların rəy və təkliflərinin, qarşılaşdığı çətinliklərin, qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi prosesində onların təkliflərinin dinlənilməsi və öyrənilməsi məqsədilə sahibkarlıq subyektləri ilə mütəmadi olaraq sahəvi görüşlər keçirilib.

Həmin görüşlərdə irəli sürülən bir sıra təkliflər uğurlu təcrübələr də nəzərə alınmaqla vergi qanunvericiliyində aparılmış dəyişikliklərdə öz əksini tapıb. Bu baxımdan sahibkarlar, sahəvi assosiasiyalar, bütövlükdə biznes və ictimaiyyət tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təqdim ediləcək təkliflər xüsusi önəm daşıyır.

Qeyd edək ki, hazırda qüvvədə olan Vergi Məcəlləsi 2000-ci ildə təsdiqlənib.

Məcəllə Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin f orma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.

Ötən 24 ildə Vergi Məcəlləsinəı xeyli dəyişiklik edilib və təkmilləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə