Qarabağ: Ağdamın Azərbaycan iqtisadiyyatındakı rolu -III Yazı
İşğaldan sonra yerlə-yeksan olunmuş Ağdamın gələcək ərazisi iki dəfə böyüyəcək
Azərbaycanın yeraltı sərvətlərlə ən zəngin bölgəsi hesab edilən Qarabağ düşmən tapdağında olduğu müddətdə vandallar tərəfindən ekoloji terrora da məruz qoyulub. Ermənistanın işğalınadək Qarabağda 163 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 16 yeraltı şirin su və 10 müalicəvi mineral su yatağı mövcud olub. Bu sərvətlər işğal dövründə vəhşicəsinə istismar edilərək dünya bazarında satılıb.
İşğalı 3 milyard itkiyə səbəb olan rayon
Ağdam rayonu potеnsialına görə Azərbaycan iqtisadiyyatında mühüm paya sahibdir. Rеspublikanın ən inkişaf еtmiş, güclü sənayеsi və kənd təsərrüfatı, böyük iqtisadi potеnsialı olan rayonlardandır. Rayondakı mədəni, elmi, xidməti binalar-məktəblər, xəstəxanalar, muzeylər, kitabxanalar, klublar, tibb məntəqələri, texnikum və kolleclər işğal dövründə vəhşicəsinə talan edilib, yerlə-yeksan olunub.
I Qarabağ müharibəsində Ağdam uğrunda 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatıb. Təcavüz nəticəsində ermənilər Ağdam rayonunun ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldular, Ağdamın rayon mərkəzi ilə birgə 82 yaşayış məntəqəsi, o cümlədən 80 kənd, 1 şəhər və 1 qəsəbəsi işğal olundu. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşadı, Ağdam rayonunun 38 kolxozu, 12 sənayеsi, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə kеçdi.
Ərazisinin 70 faizdən çoxunu itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirdi. 40 min ha-dan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda kənd təsərrüfatının əsasını heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, bostançılıq, üzümçülük, meyvəçilik təşkil edirdi.
Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayondur. Ağdamda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları fabriki, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ — pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları fabriki fəaliyyət göstərirdi. Tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları vardı. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi.
Xalçaçılıq sənəti Ağdam xalça fabriki ilə genişləndirilib
Qarabağ xalçaçılıq ənənələrinin qorunub saxlanılmasında Ağdam xalça fabrikinin böyük rolu olub. Ötən əsrin ortalarına qədər xalça istehsalı fərdi şəkildə evlərdə həyata keçirilirdi. 1939-cu ildə Ağdamda xalça fabriki yaradılıb. Ağdam xalça fabrikinin fəaliyyəti 1980-ci ildən daha da genişlənib və Ağdam Xalçaçılıq İstehsalat Birliyi yaradılıb. Birliyin Bərdə, Xocalı, Şuşa, Baş Güney, Papravənd, Əlimədədli, Mərzilidə filialları, sexləri fəaliyyət göstərirdi. İstehsalat Birliyində ildə 3 min kvadratmetrə yaxın xalça toxunurdu.
XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan general Səməd bəy Mehmandarovun malikanəsində fəaliyyət göstərən Xalça muzeyində 200-dən çox xalça və xalça məmulatı saxlanılırdı. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü xalçaçılığa da ağır zərbə vurdu. 1992-ci ildə Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ərəfəsində muzey əməkdaşlarının fədakarlığı nəticəsində XIX–XX əsrlərə aid olan xalçalar və digər eksponatlar xilas edilərək Bakıya gətirilib. Muzey-malikanə isə erməni vandalları tərəfindən dağıdılıb. İşğaldan azad ediləndən sonra Qarabağın bərpası prosesində təmir və yenidən qurulacaq abidələr siyahısında Ağdam xalçaçılıq muzeyi də var.
Dünyada yeganə çörək muzeyi Ağdamda idi
Ağdam şəhərində çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında muzey fəaliyyət göstərirdi. Muzey ilk dəfə qapılarını 1983-cü ildə açıb. Muzeydə 2800-ə yaxın eksponat var idi. Ağdam Çörək Muzeyi Azərbaycan SSR dövləti tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu. Muzeyə bitişik ərazidə təndirxanası olan "Sünbül" kafesi ziyarətçilərə xidmət göstərirdi. Kompleksə karvansara da daxil idi.
Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü. Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. İkinci mərmi isə 1992-ci ilin avqust ayının 12- muzeyə düşən mərmi muzeyi tamamilə məhv etdi. Yanğını söndürməyə cəhd göstərilsə də, muzeyi xilas etmək olmadı və nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv oldu.
Burada undan hazırlanan məhsullar, o cümlədən, Gəncə, Naxçıvan, Qarabağ, Gürcüstan, Ermənistan, Dağıstan, Səmərqənddə bişirilən çörək növləri sərgilənirdi. Həmçinin müxtəlif taxıl növləri, buğdadan hazırlanmış eksponatlar, müharibə dövrundə uşaqlara verilən çörək kartoçkaları, eləcə də, buğda dənələrindən düzəldilmiş Azərbaycan xəritəsi nümayiş olunurdu.
Muzeyin eksponatları arasında Ağdam ərazisindəki “Çalağan təpədə” arxeoloji qazıntılar zamanı aşkar edilən və yaşı 3000 ildən artıq olan daşlaşmış buğda da var idi. Keçmiş SSRİ-nin paytaxt şəhərlərində bişirilən 300-dən artıq çörək nümunəsi muzeydə sərgilənirdi. Həmin illərdə muzeydə Azərbaycan Respublikasının bütün bölgələrindən çörək növləri toplanmışdı. Moskvanın Zvezdnıy qorodok şəhərciyindən göndərilən və kosmosu dolanıb gələn çörək nümunələri böyük dəyərə malik idi.
Muzeydə nümayiş olunan eksponatların bir hissəsini muzeyi ziyarətə gələn əcnəbi qonaqlar bağışlamışdılar. Belə eksponatlar arasında ən məşhuru Qalina Konayeva adlı bir qadının Sankt-Peterburq şəhərindən gətirdiyi “blokada çörəyi” idi. İkinci dünya müharibəsi zamanı Sankt-Peterburq şəhəri uzun müddət faşistlərin mühasirəsində qalmışdı. O zaman şəhər əhalisinə adambaşı gündəlik çörək norması olaraq 125 qramlıq qara çörək verilirdi. Konayeva həmin günlərin yadigarı olaraq bir çörək tikəsini saxlamışdı. Televiziyada muzeylə bağlı süjet verildikdən az sonra o, Ağdama gələrək onu muzeyə təqdim etmişdi.
Viran edilmiş Ağdamdan yeni Ağdama
İşğaldan sonra yerlə-yeksan olunmuş Ağdamın gələcək ərazisi iki dəfə böyüyəcək. “Vaxtilə Ağdam şəhərinin ərazisi 700-800 hektar idi. İndi iki dəfə böyüdürük”- şəhərin Baş planı ilə tanış olanda İlham Əliyev belə demişdi. Yeni Ağdam 100 min nəfər sakin üçün planlaşdırılır. Plana görə, şəhərə onun “tarixi hüdudlarından başqa” bir neçə kənd birləşdirilib. Əhalinin 70 faizi şəhər ərazisinin 30 faizində yaşayacaq.
Baş plana görə, Ağdamda 1750 fərdi ev və 23 min mənzilin inşa olunacağı nəzərdə tutulur. Beləliklə, şəhər sakinlərinin üçdə biri fərdi evlərdə yaşayacaq. Ağdam rayonundakı evlərin daha böyük həyətyanı sahələrlə təmin olunacağı bildirilir. Şəhərdə ictimai yaşıllıq məkanları da qurulacaq. Belə ki, hər bir Ağdam sakini evinin 400 metrliyindəki istirahət parkında dincələ biləcək.
İşğalı dövründə rayona vurulan maddi və mənəvi zərər nəhəngdir, lakin əminik ki, dövlətimiz bu işin öhdəsindən gələcək və yaxın illərdə Ağdam rayonu yenidən öz iqtisadiyyatını, mədəniyyətini dirçəldəcək.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB