"Zəfərdən quruculuğa: Qarabağın investisiya cəlbediciliyinin prioritet istiqamətləri"

Prezident İlham Əliyev: "Qarabağ ölkəmizin ən gözəl və bərəkətli regionlarından biridir. Regionun bərpası ilə bağlı bizi çox işlər gözləyir." Azərbaycan öz tarixinin mühüm dövrünü yaşayır. 30 ilə yaxın davam edən Ermənistan işğalına son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu möhtəşəm tarix yazaraq 44 günlük Vətən müharibəsində düşməni darmadağın etdi. Ordumuzun tarixi qələbəsini fərəhlə, qürurla, böyük iftixarla səsləndiririk. Xalqımızın yenilməz ruhu, qüdrətli Sərkərdəsi və məğlubedilməz Ordusu ilə Azərbaycanın müstəqilliyi, suverenliyi və sərhədlərinin bütövlüyü uğrunda verdiyi Şəhidlərin qanıyla suvarılmış torpaqlarımızda Xeyirin Şər üzərində qələbəsi, ədalətin qalib gəlməsi, sonunda Böyük Zəfər hər birimizdə iftixar hissi doğurur. Böyük tarixi zəfəri bizlərə yaşadan, gənc yaşlarında şəhidliyi və qaziliyi seçən igid oğullarımızın hamısı hər birimizə eyni dərəcədə əziz və yaxındılar. Vətən uğrunda canlarından keçən Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirik. Artıq işğaldan azad olunmuş torpaqlarımızda Xarıbülbül yenidən göyərməyə başlayır. Prezident İlham Əliyev: "Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə baxmalıyıq və əraziləri, tam viran qalmış ərazini yenidən qurmalıyıq və biz bunu edəcəyik, artıq bu işlərə başlanılıb". Hər bir dövlət öz resurslarına əsasən strateji inkişaf xətti seçməlidir. Prezident İlham Əliyev: "Azərbaycan müasirləşir, yeniləşir, hər bir yerdə, hər bir bölgədə və hər bir sahədə çox böyük quruculuq, abadlıq işləri aparılır". Bildiyimiz kimi önümüzdəki 4 ildə Azərbaycanın sosialiqtisadi siyasətinin 6 əsas hədəfi müəyyən edilmişdir ki, bunlar makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadi davamlılığın və iqtisadiyyatda şəffaflığın artırılması, milli iqtisadiyyatın və ixracatın rəqabət qabiliyyətinin artırılması, dövlət müəssisələrinin səmərəliliyi, özəl investisiyaların genişləndirilməsi və prioritet sahələrin inkişaf etdirilməsi, milli yenilik ekosisteminin və insan kapitalının inkişafının sürətləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası, pandemiya dövründə və pandemiyadan sonrakı dövrdə xalqın sağlamlığının qorunması, sosial müdafiə və sosial təminatın gücləndirilməsi, ekoloji tarazlığın qorunması, resurslardan səmərəli istifadə kimi mühüm məsələlərdir. Qarabağ və digər ərazilərimizin işğaldan azad edilməsi, bu ərazilərlə bağlı prioritet inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yaratdı. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən, digər iqtisadi rayonlardakı kimi, Kəlbəcər-Laçın iqtisadi rayonu və 1991-2021-ci illərdə Yuxarı Qarabağ adlandırılan, işğaldan azad ediləndən sonra Qarabağ adlandırılan iqtisadi rayonunun inkişafı, habelə burada kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsinin inkişafı, sənayenin inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, meyvəçiliyin və pambıqçılığın inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının yaradılması və möhkəmləndirilməsi, yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisinin aparılması, içməli su təchizatının istifadəsi və yaxşılaşdırılması sahəsində işlərin həyata keçirilməsi, enerji təchizatının təşkili və inkişaf etdirilməsi, telekommunikasiya və poçt xidmətlərinin təşkili və yaxşılaşdırılması, yaşayış binalarının tikintisi və abadlıq-quruculuq işlərinin aparılması, səhiyyə müəssisələrinin tikintisi, idman-sağlamlıq və təhsil müəssisələrinin tikintisi və s. istiqamətlərdə işlərin aparılması prioritet istiqamətdir. Hazırda Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində islahatlar aparılır. Bu islahatların davam etdirilməsi orta və uzunmüddətli dövrdə təhsilin (xüsusilə təhsilin ixtisaslı kadr hazırlığı pillələrində) keyfiyyətinin yüksəldilməsi, infrastrukturun və "elm-təhsil-istehsal" əlaqələrinin çevik idarəetmə mexanizminin qurulması, eləcə də şirkətlərin qlobal dəyər zəncirinə qoşulmaqla dünya bazarlarına inteqrasiyası üçün əhəmiyyətlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın və Azərbaycan xalqı təhlükəsiz şəraitdə öz dədə- baba torpağında yaşasın. Dayanıqlı inkişafın təmin edilməsi istiqamətində ölkəmizdə əhəmiyyətli islahatlar aparılır. Ölkəmizdə sağlam düşüncəli, bacarıqlı gənc kadrların önə çəkilməsinə şərait yaradılır. Ölkə rəhbərinin çıxışından irəli gələn müəyyən məqamlar onu deməyə əsas verir ki, biz Cənubi Qafqazda sağlam mühitin dərinləşməsi üçün çalışacağıq, daxili siyasətdə xalq- iqtidar birliyi dərinləşən islahatlarla möhkəmlənir, xarici siyasətdə isə strateji müttəfiqlərin düzgün seçilməsi, tərəfdaşlarla da milli maraqlarımıza uyğun siyasətin müəyyənləşdirilməsi bizi dünyanın aparıcı dövləti sırasında öz mövqeyimizdə sabit edəcəkdir. Bildiyimiz kimi, torpaqlarımızın işğaldan azad edilməsi hədsiz sevinc bəxş etsə də, gördüyümüz mənzərə ürək ağrısı gətirdi. Qarabağımızın füsünkar təbiəti talan edilmiş, mədəni, tarixi abidələrimiz dağıdılmışdır. İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işləri aparılması ilə yanaşı, Qarabağ və digər işğaldan azad edilmiş ərazilərlə bağlı prioritet vəzifələr müəyyənləşdirilmişdir. Bu, abadlıq- quruculuq işləri ilə bölgənin imicini özünə qaytarmaq üçün ilk növbədə infrastruktur layihələr və yol çəkilişini ön plana çəkdi. Yol mədəniyyətdir, inkişafın başlanğıcıdır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə çəkilən yolların birinin "Zəfər" yolu adlandırılması, məhz Şuşanın azad olunduğu günün qələbəmizin tarixi kimi müəyyənləşdirilməsi ilə bağlıdır. Ümumilikdə abadlıq-quruculuq işləri düşünülmüş, bu işlərin planlı şəkildə aparılması üçün layihələrə beynəlxalq təcrübəsi olan şirkətlər cəlb olunmuşdur. Nəzərdə tutulmuşdur ki, görülən işlər ərazinin coğrafi mövqeyinə uyğun olmalı, tarixi və mədəni irsimiz qorunmalıdır. Böyük zaman tələb edən bu işlərin keyfiyyətli icrası üçün bütün güclər səfərbər olunmuşdur. Bölgənin abadlaşdırılması, quruculuq işlərinin həcmi ölkəmizin iqtisadi gücünü bir daha nümayiş etdirəcək. Görülən işlərin olduqca böyük ərazilər əhatə etməsi layihələrdə hər bir kəsin iştirakına imkanlar açır. Həmçinin yeni infrastruktur layihələr sayəsində Avrasiyaya yeni nəqliyyat damarının açılması Azərbaycanın tranzit ölkə kimi nüfuzunu qaldıracaq. Böyük maliyyə tələb edən irimiqyaslı layihələrdə iştirak etmək istəyən ölkələrin və şirkətlərin sayının çoxluğu Azərbaycana olan etimadın, etibarın nəticəsidir. Azərbaycan hər bir zaman beynəlxalq layihələrin icrasında özünü etibarlı tərəfdaş kimi tanıtmışdır.

Ölkəyə cəlb olunan investorların daha effektiv seçilməsi məqsədilə onların təhlil edilməsi və fərqli xüsusiyyətlərinə görə müxtəlif kateqoriyalara ayrılması, investorlara ən uyğun fərdi yanaşma metodlarının tətbiqi imkanları araşdırılacaqdır. Belə yanaşmalardan biri fondların əlverişlilik (əlçatanlıq, qoyulan investisiyaların intensivliyi, yanaşmanın mürəkkəbliyi) və cəlbedicilik (aktivlərin səhm kapitalı və regionlar üzrə bölgüsü, gözlənilən maliyyə vəsaiti axını, investisiyaların zaman müddəti) baxımından təhlil edilməsi ola bilər. Digər yanaşma isə investorların risk və rentabellilik baxımından müxtəlif kateqoriyalara bölünməsi ola bilər. Ölkəyə investisiyaların cəlb edilməsi zamanı fondların ərazi üzrə paylanması, investisiya mandatları və məqsədləri, eləcə də investisiya qoyuluşuna mane olan hallar nəzərə alınır. Qarşıda duran əsas məsələ Azərbaycanın tarixi qələbəsinin nəticələrinin möhkəmləndirilməsi və əbədiləşdirilməsi üçün işğaldan azad olunan Qarabağ bölgəsində əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək və həmin ərazilərin cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühitinin yaradılmasıdır. Məlum olduğu kimi, artıq bərpa-quruculuq prosesinə diqqətlə koordinasiya olunan tərzdə, vahid mərkəzdən idarə edilərək başlanılıb. Xüsusilə qeyd etmək lazımdır ki, işğaldan azad edilən ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var. Həmin torpaqlar kənd təsərrüfatının inkişafı baxımından vacib ərazilərdir. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyədək artacağı proqnozlaşdırılır. Nəzərə alsaq ki, bu rayonlar növbəti mərhələdə Azərbaycan iqtisadiyyatına, xüsusən də ölkənin ərzaq təminatına və ərzaq təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə verəcək bu istiqamətdə indi həmin ərazilərdə artıq kənd təsərrüfatı fəaliyyətinə də başlanılıb, 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Bunun üçün əvvəlcə ərazi minalardan təmizlənib. Bu sahədə də Azərbaycan geniş beynəlxalq əməkdaşlığa hazırdır və müxtəlif şirkətlərdən çoxlu təkliflər daxil olur. Müəyyən iş növləri barədə müxtəlif ölkələrdən sifarişlər alınır. Bunlar şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlıdır. Hazırkı dövrdə postmüharibə dövrü həqiqətən yeni perspektivlər açır. Əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin açılması üçün nadir imkanlar yaranır. Qarabağ bölgəsinin iqtisadi potensialı müəyənləşdirilərkən, münbit torpaqlara malik ərazilərdə kənd təsərrüfatının– maldarlığın, əkinçiliyin inkişafı üçün əlverişli şəraitin olmasını xüsusilə qeyd etmək istərdim. Görüləcək işlərin sürətinin artırılması və şəraitin yaxşılaşdırılması üçün beynəlxalq miqyaslı bir neçə aeroportun tikilməsi, ilkin icra olunacaq layihələrdəndir. Hər bir rayonun coğrafi mövqeyinə uyğun işlərin görülməsi nəzərdə tutulmuşdur. İlkin olaraq layihələrin icrası üçün təyin olunan investisiyalara uyğun artıq bir çox beynəlxalq şirkətlərlə müqavilələrin bağlanması bölgəyə və bu bölgədə görüləcək işlərə olan marağın böyüklüyündən irəli gəlir. Beynəlxalq təcrübədən istifadə edilərək bölgədə ilk dəfə olaraq eksperimental layihələrin icrası həyata keçiriləcək. "Yaşıl enerji" zonası, "Ağıllı kənd" pilot layihəsi bu layihələr sırasında oldu. Görüləcək işlərin Baş Planının hazırlanması və bir sıra infrastruktur layihələrin icrasına başlanması artıq arzularımızın tezliklə reallaşdırılacağından xəbər verir. Görülən işlər zamanı müasir texnologiyalardan istifadə olunması görüləcək işlərin, həyata keçiriləcək layihələrin həcminin və keyfiyyətinin yüksək olacağını sübut edir. 2021-ci ilin dövlət büdcəsində ərazilərimizin bərpası və yeniqənqurulması üçün 2,2 milyard manat vəsaitin ayrılması planlaşdırılan işlərin əhatə dairəsi, miqyası və intensivliyi ilə bağlı əyani mənzərə yaradır. Növbəti illərdə 1,5 milyard manatdan az olmayacaq bu vəsaitlərdən məqsədyönlü, şəffaf və ünvanlı istifadənin təmini məqsədilə yeni, müsbət reputasiyalı, şəffaf idarəetməyə malik publik hüquqi şəxsin yaradılması obyektiv zərurətdən irəli gəlir. QDF-nin Müşahidə Şurasında aidiyyəti bir sıra dövlət qurumlarının rəhbərlərinin təmsil olunması bərpa və yeniqənqurma işləri zamanı koordinasiyanın sürətlənməsinə və idarəçilikdə səmərəliliyin yüksəlməsinə imkan verəcək. Məqsəd həm də işğaldan azad olunmuş ərazilərin Cənubi Qafqaz regionunda abad və müasir zonaya çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərin vahid mərkəzdən reallaşdırılmasıdır. "Qarabağ Dirçəliş Fondu" böyük biznes potensialına malik olan işğaldan azad edilmiş ərazilərimizə sərmayələr üçün etibarlı təminat mexanizmləri formalaşdırmaqla, eyni zamanda yerli və xarici sərmayələr təşviq edəcək. İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələ üzrə fəaliyyət nəzərdə tutulur: 1) Xüsusi idarəetmə forması və təhlükəsizlik; 2) Strateji əhəmiyyətli infrastruktur məsələlərinin həlli; 3) Sosial xidmətlərin təmin edilməsi;4) İqtisadiyyatın yenidən qurulması və davamlı inkişaf etdirilməsi. İşğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı və təbii ehtiyatları var: bu ərazilər həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından dövlət siyasətinin bir parçası olacaq. 2016-cı il aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi qısa müddətdə yenidən qurulmuşdur. Bu baxımdan qeyd etməliyik ki, işğaldan azad edilən torpaqların az müddətdə inkişafının uğurlu təcrübələri vardır. Azad edilən rayonlar işğaldan əvvəl üzümçülük, pambıqçılıq, taxılçılıq, heyvandarlıq sahəsində xüsusi paya malik idi. Bu ərazilərin aqrar istehsal və ixrac potensialı kifayət qədər böyükdür. Şuşa, Füzuli, Kəlbəcər və Zəngilan əraziləri böyük turizm potensialına malikdir. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası Füzuli rayonu ərazisində yerləşir. Bu rayonlarda daxili və xarici turizm imkanları kifayət qədər böyükdür. İsti su mənbələri ilə zəngin Kəlbəcərdə sağlamlıq turizminin inkişaf etdirilməsi, mədəniyyət turizm marşrutlarının bərpa olunması ptioritet istiqamətdir. Prezident İlham Əliyev: "Biz böyük layihə olan Cənub Qaz Dəhlizini tamamlamağa çox şadıq. BP əvvəldən strateji tərəfdaşımızdır, Azərbaycanda həyata keçirilən əsas layihələrdə investor qismində çıxış edib. İşğaldan azad edilmiş ərazilərdə böyük potensialımız var. Britaniya şirkətləri buna maraq göstərir. Regionun çox yaxşı günəş, külək, su potensialı var." Qarabağın inkişafı ilə bağlı, həmçinin alternativ enerji mənbəyinə çevrilməsi prioritet məsələlər sırasındadır. Hələ müharibədən əvvəl Azərbaycan bərpa olunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdu. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirmişlər. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürmüşdür. Kəlbəcər- Laçın zonasında külək stansiyaları yaradılması nəzərdə tutulub, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları nəzərdə tutulub, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir. Ölkə rəhbəri tərəfindən Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilmişdir. Cənab Prezident işğaldan azad edilmiş əraziləri "Yaşıl enerji" zonası elan etdiyini və bunun üçün, ilk növbədə, bərpa və quruculuq işərində investorlar gözlədiyini vurğulayıb. Ötən il bir sıra layihələr başa çatdırıldı, eyni zamanda yenilərin təməli qoyuldu. İcrası başa çatan Güləbird Su-Elektrik Stansiyası, 7 yarımtsansiya, Suqovuşan və Talışa gedən yollar istifadəyə verildi, Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı, Ağalıda "Ağıllı kənd" kimi nəhəng və möhtəşəm layihələr tam başa çatdırıldı. Şuşanın su və elektrik təchizatı təmin edildi, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, o cümlədən büstü, Üzeyir bəy Hacıbəylinin heykəli, Xarıbülbül və Qarabağ hotellərinin açılışı əlamətdar gün kimi zəfər tariximizin səhifələrinə yazıldı. Bildiyimiz kimi, Qarabağ və digər işğaldan azad olunmuş ərazilərimizdə kifayət qədər işlər görülüb başa çatdırılmış, tikinti-quruculuq işləri sürətlə davam edir. Hadrutda inşası davam edən qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi isə xüsusilə əhəmiyyətli yarımstansiyadır. Şükürbəyli, Hadrut və Şuşa yarımstansiyaları arasında yaradılan qovşaq yarımstansiyası Hadrut qəsəbəsində, eləcə də Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında qurulacaq infrastrukturun elektrik enerjisinə olan təlabatını qarşılayacaq. Prezident İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılışnı etdiyi Zəngilan Beynəlxlaq Hava Limanı da qısa müddət ərzində həyata keçirilən möhtəşəm layihələrdən biridir. 2021-ci ilin aprel ayında tikintisinə başlanılan beynəlxalq hava limanı İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanıdır. Hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. İqtisadçı deputat Vüqar Bayramov: "Regionda baş verən iqtisadi və geosiyasi dəyişikliklər işğaldan azad olunan ərazilərimizdə 3 hava limanına niyə ehtiyacın olduğunu bir daha təsdiq etdi. Hər 3 hava limanı bütün növ təyyarələri qəbul edə biləcək. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxaq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyyətlidir". Bu il Ağdamın Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının, eləcə də Ağdamdan köçkün düşən əhali üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, Sarıcalı kəndinin təməli qoyulub. Ağdam şəhər 1 saylı məktəbin, Ağdam Sənaye Parkının bərpası artıq yekunlaşmaq üzrədir. Şəhərdə 2024-cü ildə bir sıra tikintilərin başa çatdırıması nəzərdə tutulub. Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam edir. Şuşada birinci məhəllənin, Laçın Beynəlxalq Hava Limanının, Cəbrayılda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, "KamAZ" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin, mərkəzi xəstəxananın, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, memorial kompleksin, Füzulidə çoxmənzilli yaşayış məhəlləsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Rəqəmsal Yarımstansiyanın, "Dost Aqropark"ının, Şuşada Radio-Televiziya Yayım Stansiyasının, mərkəzi xəstəxananın tikintisi yekunlaşmaq üzrədir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. Ötən il əkini aparılan buğda və arpanın biçini başa çatdırılıb. Bütün bunlarla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl- Şükürbəyli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam yolları ən müasir standartlar səviyyəsində inşa olunur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 kmdən artıq olacaq. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur. Bütün bu bərpa işləri yaxın gələcəkdə Qarabağımızın daha da çiçəklənəcəyindən xəbər verir. Yaxın gələcəkdə perspektivlərlə bağlı onu da qeyd edək ki, təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi investisiyaların qoyuluşu baxımından böyük perspektiv vəd edir. Son illərdə Azərbaycanın qeyri- neft ixracında qızıl mühüm yer tutur. Həm dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi, həm də bu sahədəki şirkətlərin müasir istehsal texnologiyalarına sahib olması onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə qızıl yataqlarının istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcəkdir. Bildiyimiz kimi, cənab Prezident Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti ilə video formatda görüşü zamanı, bankın iqtisadiyyatımızın şaxələnməsində Azərbaycanı dəstəklədiyinə görə, ölkəmizin enerji layihələrinə, xüsusilə Cənub Qaz Dəhlizinə bir milyard avro dəyərində TAP-a verdiyi dəstəyini vurğulamaqla həmçinin qeyd etdi ki, Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilən 13 infrastruktur layihə uğurla tamamlanıb. Ölkəmizdə neft satışından toplanan vəsait hesabına özəl sektor, qeyri- neft sənayesi dəstəklənmişdir, inkişaf etmişdir. Hazırda əsas məqsədimiz işğaldan azad edilən ərazilərin bərpasıdır. Bir milyondan çox keçmiş məcburi köçkün üçün layiqli həyat şəraiti təmin etmək məqsədilə 10 min kvadrat km olan böyük bir ərazinin yenidən qurulması prioritet istiqamətdir. Azərbaycanda hava limanı, avtomagistrallar tikilir, dəmiryolu xəttləri inşa edilir. Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri "Yaşıl enerji" zonası kimi elan etdiyini, azad edilmiş zonalarda bərpa olunan enerji mənbələri baxımından böyük potensial olduğundan həmin ərazilərdə bu resurslardan istifadə ediləcəyini bildirib. Həmçinin cənab Prezident Azərbaycan və regionun inkişafında yeni era başladığını, regional əməkdaşlıq üçün yeni imkanların açıldığını, Azərbaycanın əməkdaşlığa, qonşularımızla dürüst şəkildə işləməyə hazır olduğumuzu qeyd edib. Digər bir aspektdən də yanaşaq. Bildiyimiz kimi, Azərbaycanın ümumi daxili məhsulunda aqrar və turizm sektorunun payı vardır. Hər iki sektor məşğulluğa kifayət qədər təsir göstərən sahələrdir. Bu baxımdan əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində böyük perspektiv yaranır. Geniş miqyaslı bərpa fəaliyyətləri və yeni infrastrukturun qurulması tikinti sektorunun inkişafında yeni üfüqlər, imkanlar açır. Beləliklə ölkədə turizmin inkişafı üçün işğaldan azad olmuş ərazilər əlverişli məkandır. Həmçinin yerli investorların işğaldan azad olunan torpaqlara sərmayə yatırıb , onun inkişafına çalışmaqla öz töhfələrini vermək üçün də real şərait yaranmışdır. Bu istiqamətdə, hər bir kəs bacardığı töhfəni verməklə bölgənin imicinin qaytarılmasında, inkişafında öz mövqeyini nümayiş etdirməsi arzu olunur. İşğaldan azad olunan ərazilərdə dağ-mədən sənayesi, metallurgiya, yeyinti sənayesi, emal sənayesi, turizm-rekreasiya, yaradıcı sənaye, əczaçılıq, taxılçılıq, tərəvəzçilik, üzümçülük, pambıqçılıq, meyvəçilik, heyvandarlıq, quşçuluq, arıçılıq, tikini materialları kimi sahələr inkişaf potensialına malikdir. Bu sahələrə yatırılan sərmayələr həm qeyri-neft ixracının artması və idxalın əvəzlənməsi, həm də dəyər zəncirlərinə qoşulmaq nöqteyi-nəzərindən əhəmiyyət kəsb edəcək. Post-konflikt quruculuğu ölkəmizin iqtisadi təhlükəsizliyi, o cümlədən ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətli rol oynayacaq. Bu ərazilərdə investisiyaların təşviqi üçün müxtəlif mexanizmlər, o cümlədən, sənaye parkları və məhəllələri, aqro və texnoparklar və digər investisiya təşviqi mexanizmləri tətbiq edilə bilər. Qarabağda investorların maraqlarına səbəb ola biləcək resurslar, strateji aktivlər, səmərəlilik və bazarlar mövcuddur. Regionun həm 80 milyonluq İran, həm də Naxçıvan üzərindən 83 milyonluq Türkiyə bazarlarına çıxış imkanları ixrac-yönümlü sərmayələr üçün cəlbedicidir. İşğaldan azad olunmuş torpaqlarımızın bərpa prosesində innovativ texnologiyaların tətbiqi müəyyənləşdirilmişdir. Qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməklə həmin ərazilərin tez bir zamanda çiçəklənib, dirçəlib, inkişaf edəcəyinə əminik. Bu istiqamətdə dövlət səviyyəsində bütün mümkün addımlar atılır. Görülən işlərin nəticəsi bunu deməyə əsas verir ki, Çocuq Mərcanlı və Ağalı kəndi timsalında Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər tamamilə dirçələcək, bərpa olunacaq, müəyyən bərpa-quruculuq işlərindən sonra vətəndaşlarımız öz doğma yurd- yuvalarına qayıdıb, yaşayıb- yaradacaqlar. Əminik ki, ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı, qüdrətli liderimiz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan daha da qüdrətlənəcək, cənab Prezitentin qeyd etdiyi kimi, Qarabağ dünyanın cənnət məkanına çevriləcək.

Ruhiyyə Hüseynova

İqtisad üzrə fəlsəfə doktoru

Mingəçevir Dövlət Universiteti

Bütün xəbərlər Facebook səhifəmizdə