Elektronlaşmanın aqrar sahənin inkişafına təsiri necədir? - ARAŞDIRMA

Kənd təsərrüfatının rəqəmsallaşdırılması proseslərinin effektivliyi ölkəmizdə aqrar-sənaye sektorunun iqtisadi vəziyyətini müəyyən edən xüsusiyyətləri arasında bir sıra problemləri, aradan qaldırılmışdır.

Mövcud tendensiyalar kontekstində Azərbaycanın aqrar-sənaye sektoru kənd təsərrüfatının təşkilinin köhnəlmiş modelindən tam innovasiya və rəqəmsallaşmanın inkişafın əsasını təşkil edən modelə doğru irəliləyir. Kənd təsərrüfatında proqnozlaşdırılan rəqəmsal ssenarinin həyata keçirilməsinin təhlili iqtisadi və idarəetmə kateqoriyaları kimi “rəqəmsal texnologiyalar” və “kənd təsərrüfatı”nın xüsusiyyətlərini əlaqələndirməyə imkan verir. Təhlil edilən "Rəqəmsal Kənd Təsərrüfatı" layihəsinin həyata keçirilməsinin gedişatının qiymətləndirilməsi ölkənin aqrar-sənaye kompleksinin rəqəmsal ssenarisinin mütərəqqi inkişafına yol açır. İşin nəticəsi rəqəmsal texnologiyaların Azərbaycan kənd təsərrüfatına tətbiqi problemlərinin müəyyənləşdirilməsidir:

Tədqiqatın aktuallığı onunla əlaqədardır ki, rəqəmsallaşma hazırda milli iqtisadiyyatların mütərəqqi inkişafının əsas determinantı hesab olunur.

Elektron kənd təsərrüfatı ölkəmizdə necə inkişaf edir?

SİA mövzu ilə bağlı araşdırma edib.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin istifadəyə verilməsi aqrar sahənin inkişafına bir neçə baxımdan müsbət təsir göstərir. EKTİS daxili və xarici sistemlər ilə inteqrasiya imkanlarını geniş əhatə edən və kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan vahid bir sistemdir, şəffaflıq və operativlik baxımından fermerlərin işini asanlaşdıran və kənd təsərrüfatı məhsullarının ilkin mərhələsindən son mərhələsinə qədər bütün biznes prosesləri əhatə edən modulların formalaşdırılmasını özündə ehtiva edir. Bu sistemin fəaliyyətə başlaması kənd təsərrüfatı ilə bağlı bütün proseslərin məntiqi əlaqəliliyini qurmağa, analizlər aparmağa, müasir texniki həlləri tətbiq etməyə, dəqiq məlumatlara əsaslanan proqnozlar verməyə imkan verir. 2020-ci ildən aqrar subsidiyalar məhz elektron sistem üzərindən, fermerlərin bəyanları əsasında verilir.

Kənd Təsərrüfatı Nazirlindən SİA-ya verilən açıqlamada qeyd olunur: "İstənilən sahədə olduğu kimi, aqrar sahədə də trendlərin müəyyən olunması üçün dataların toplanması və analizi vacibdir. Biz bunu EKTİS-in timsalında aydın görürük. Elektronlaşma “Big data”ların toplanmasına, təhlilinə, trendləri müəyyənləşdirməyə imkan verir, əldə olunan nəticələr isə aqrar sahədə gedən inkişafı stimullaşdırmağa şərait yaradır. Bu sistem şəffaflığı və hesabatlılığı təmin etmək kimi böyük üstünlüklərə malikdir.

Artıq payızlıq əkinlər başa çatır, fermerlər öz əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edərək subsidiya üçün müraciət etməyə başlayıblar. Xidmətlərin elektronlaşması nəticəsində bütün ölkə üzrə fermerlər qısa müddətdə öz əkin və torpaq məlumatlarını sistemə daxil edirlər. Subsidiya almağa müraciət etməyə fermerin cəmi bir neçə dəqiqə vaxtı gedir. Fermer eyni zamanda prosesi tam şəkildə izləyir, şəxsi kabineti aktivləşdirməkdən subsidiya almağa qədər olan proseslərin hamısı fermerin nəzarətində olur. Hər hansı çətinlik yaranan zaman fermerin operativ müraciət etmək, sənəd, bəyan prosedurları ilə bağlı texniki dəstək almaq imkanı var. Yəni, elektronlaşma hər şeydən əvvəl fermerə həm də zaman qazandırır, vaxt itkisinin qarşısını alır. Aqrar sahənin elektronlaşması ilə fermerin dövlət dəstəyinə və xidmətlərə çıxışı asanlaşdırılıb. Fermer öz əkin sahələrini özü bəyan edir, subsidiya almaq üçün elektron müraciət formalaşdırır, monitorinqlərdən dərhal sonra subsidiyalar fermerin “Fermer kartı”na köçürülür. Aqrar sahədə elektronlaşma təkcə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə yekunlaşmır. Kənd təsərrüfatında xidmətlərin elektronlaşması istiqamətində də mühüm addımlar atılır. Fermerlərin ixtiyarına çoxsaylı mobil tətbiqlər verilib. Fermer bu tətbiqlər vasitəsilə baytarlıq, bitki mühafizəsi, aqrotexniki xidmətlər sifariş edə bilir. Operativlik və əlçatanlıq fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin artmasına da mühüm təsir göstərir ki, burada elektronlaşmanın rolu əvəzsizdir".

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə