Böyük zəhmətin uğurlu bəhrəsi (Portret cizgiləri)

Ağalar İdrisoğlu. Bu ad və soyad ədəbiyyat aləminə, teatr ictimaiyyətinə və jurnalistika dünyasına çox yaxşı tanışdır. Çünki artıq ömrünün 50 ilindən çoxunu sənətin bu sahələrinə həsr etməklə o, bu müqəddəs, keşməkeşli yolda böyük zəhmət hesabına öz adını ədəbiyyat, teatr və jurnalistika tarixinə yazıb. Məhz uğurlu əməyinin nəticəsi olaraq 2013-cü ilin may ayında Ağalar İdrisoğlu Prezident mükafatına layiq görülüb. 2013-cü il iyun ayının 25-də isə Milli Teatrımızm 140 illiyi münasibəti ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə ona Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adı verilib. Yaradıcılığında heç kəsi təkrarlamayan, orijinal düşüncə tərzinə malik, öz yolu, cığırı olan Ağalar İdrisoğlunun həyat və sənətkarlıq yoluna gəlin, birlikdə nəzər salaq.

1950-ci il mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olan Ağalar İdrisoğlu (Mehdiyev) Digah kənd səkkiz illik və Masallı şəhər Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbi bitirib. O, ilk ədəbi yaradıcılığına hələ orta məktəbin doqquzuncu sinfində oxuyarkən başlayıb. Belə ki, onun ilk məqalələri və kiçik həcmli hekayələri 1966-67-ci illərdə Masallıda çıxan “Çağırış” və respublika səviyyəli “Azərbaycan pioneri” qəzetlərində çap olunub. Elə həmin vaxtlardan da həvəskar aktyor kimi Masallı rayon Mədəniyyət Evində Şakir Həsənov və Adil Səfərovun yaratdıqları Miniatür Teatrında çıxış etməyə başlayıb.

İlk əmək fəaliyyətinə Masallı rayon Texnika Birliyində dispetçer kimi başlayıb. İki il Rusiyanın Kalinin vilayətinin Boloqoye şəhərinin yaxınlığındakı raket hərbi hissəsində qulluq etdikdən sonra Vətənə qayıdan Ağalar İdrisoğlunun teatr aləminə böyük marağı olub. Teatr institutunda imtahanlar tez başladığından özünün bilik səviyyəsini yoxlamaq məqsədi ilə sənədlərini 1971-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə verib. Elə həmin ildə sənətşünaslıq doktoru, SSRİ Xalq artisti Mehdi Məmmədovun sinfinə qəbul olub. Birinci kursu bitirəndən sonra təhsilini ilk arzusu olan jurnalistika fakültəsində davam etdirmək istəyib. Amma professor Mehdi Məmmədovun müdrik fikirlərinə qulaq asaraq, sevimli müəlliminin tövsiyyəsi ilə təhsilini teatr sahəsində davam etdirib. 1975-ci ildə o, bu fakültəni bitirəndən sonra təyinatla Şəki Dövlət Dram Teatrına göndərilib. Yeni yaranan teatrda böyük həvəslə işləməyə başlayıb. Yerli həvəskar aktyorlara səhnə danışığından dərslər keçib. Truppa müdiri kimi aktyor truppasının formalaşmasında baş rejissor Vaqif Abbasova köməklik etməyə başlayıb.

1976-cı ilin fevral ayından Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına dəvət olunduğundan və ailə vəziyyəti ilə əlaqədar olaraq, bu şəhərə gələrək taleyini Sumqayıtla bağlayıb. O, aktyor kimi yaradıcılığa başladığı dövrdən bu günə kimi 40-dan çox ayrı-ayrı xarakterli rollarda uğurla çıxış edib. Oynadığı rolların çoxu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının (keçmiş Teatr Cəmiyyəti) və başqa təşkilatların pul mükafatlarına, diplomlarına layiq görülüb.

Bir an boş dayanmağı xoşlamayan Ağalar İdrisoğlu 1976-cı ildə texniki peşə məktəblərinin tarixində ilk dəfə olaraq Sumqayıt şəhərindəki 49 nömrəli texniki peşə məktəbində “Ümid” adlı Teatr-Studiya yaradıb. Sonra bu Teatr-Studiya həmin vaxtlar Sumqayıt şəhərində yenicə istifadəyə verilən Oktyabr Mədəniyyət evində (indiki 28 may) öz fəaliyyətini davam etdirib. Qısa vaxt içərisində bu Teatr-Studiyada üç yüzə yaxın yeniyetmə həvəskar ayrı-ayrı yaş qruplarında teatr sənətinin, səhnə danışığının, səhnə plastikasının, musiqinin, ədəbiyyatın, jurnalistikanın sirrlərini bu sahələrin mütəxəssisləri olan müəllimlərdən öyrənməyə başlayıblar. Uğurlu çıxışlarına, maraqlı iş metoduna görə bu Teatr-Studiyanın işi respublikada yayılmağa başlayıb. Və bu kollektiv həmin vaxtlar respublikada keçirilən Teatr Festivallarında birinci dərəcəli diplomlara, mükafatlara layiq görülüb. 1979-cu ildə Mədəniyyət naziri, fəlsəfə elmləri doktoru, mərhum Zakir Bağırovun əmri ilə bu kollektiv Xalq Teatrı adına layiq görülüb və Sumqayıt Gənclərinin “Tənqid-Təbliğ” Xalq Teatrı kimi öz işini davam etdirib. Bu kollektivin 1980-ci ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin səhnəsində oynadıqları Feyruz Məmmədovun “Bir bayraq altında” teatrlaşdırılmış tamaşası “Qızıl” medala layiq görülüb. Bu tamaşanın rejissoru kimi Ağalar İdrisoğlu da “Qızıl” medalla təltif olunub. O, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aktyor işləməklə yanaşı, yüksək təşkilatçılıq bacarığı və rejissor istedadı olduğuna görə, 1985-ci ilə kimi bu kollektivə də rəhbərlik edib. Həmin vaxta qədər repertuarında Ağalar İdrisoğlunun quruluşunda iyirmidən çox tamaşa olan Sumqayıt Gənclərinin Xalq Teatrı hər həftənin dörd günü Sumqayıt tamaşaçılarının qarşısında özlərinin maraqlı tamaşaları ilə çıxış ediblər. Sumqayıt Dövlət Dram Teatrı ilə rəqabətə girərək, bilet sataraq pullu tamaşalar oynayıblar. Bu kollektiv öz işini təkcə tamaşalar oynamaqla bitirməyib, həm də şəhərin bütün mədəni-kütləvi tədbirlərində maraqla çıxışlar ediblər. Həmin vaxtlar Sumqayıtda hazırlanan demək olar bütün mədəni-kütləvi tədbirlərin həm ssenari müəllifi və həm də quruluşçu rejissoru məhz Ağalar İdrisoğlu olub. Bu gün Azərbaycan peşəkar teatrında və incəsənətin ayrı-ayrı sahələrində, ədəbiyyat aləmində, jurnalistikada və başqa sahələrdə həmin kollektivin - Ağalar İdrisoğlunun çoxlu yetirməsi çalışır. Onlardan on nəfərindən çoxu hətta fəxri adlara layiq görülüb.

Bu illərdə Ağalar İdrisoğlu ali rejissorluq təhsili almağı da unutmayıb. 1981-1986-cı illərdə Moskva şəhərindəki Andrey Vasileviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Teatr Akademiyası) rejissorluq fakültəsini bitirib (qiyabi təhsil almaqla). Beş il müddətində o vaxtlar Sovetlər Birliyinin, Avropanın ədəbiyyat və incəsənət sahəsində beşiyi sayılan Moskva şəhərində böyük sənət təcrübəsi toplayıb. Bu gün də həmin təcrübəni öz işində tətbiq edir.

1985-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatı ilə Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə göndərilən Ağalar İdrisoğlu ilk gündən böyük yaradıcılıq həvəsi ilə işə başlayıb. Bu teatrda quruluş verdiyi ilk tamaşalar Məhərrəm Əlizadənin “İlk qurban”, Loğman Rəşidzadənin “Toya bir gün qalmış”, Eduard Bobrovun “Vicdanla üz-üzə” (tərcümə edəni Zakir Abbas) tamaşaları təkcə Ağdam teatrsevərlərinin yox, həm də Bakı şəhərindən Ağdama gələn teatr mütəxəssislərinin, ziyalıların böyük marağına səbəb olub. Bu tamaşalardan sonra onun SSRİ-də keçirilən Fransa respublikası festivalı çərçivəsində Nobel mükafatı laureatı Alber Kamyunun “Qismət” (“Anlaşılmamazlıq”) (tərcümə edəni Vaqif Əlixanlı) psixoloji dramına quruluş verməsi təkcə Azərbaycan teatrsevərlərini yox, həm də Moskva teatr mütəxəssislərini çox maraqlandırıb. Moskvadan tanınmış beş teatr mütəxəssisi məhz bu tamaşaya baxmaq üçün həmin vaxt Ağdama gəliblər. Səhnə əsərinin rejissor yozumu və aktyor oyunu onların xoşuna gəlib. Bu haqda Ümumittifaq mətbuatında maraqlı ressenziyalar çap etdiriblər. Məlum olub ki, “Qismət” pyesinə keçmiş Sovetlər İttifaqında məhz ilk dəfə olaraq Ağalar İdrisoğlu Ağdam teatrında quruluş verib.

Bu teatrda hazırladığı tamaşalara bir-birindən maraqlı, peşəkar quruluşlar verdiyinə və aktyorlarla yüksək pedaqoji formada işlədiyinə, onların yaradıcılıq potensialını üzə çıxardığına, öz sənətlərinə böyük maraq yaratdığına görə Ağdam rayon partiya komitəsinin birinci katibi, dəyərli ziyalı, ədəbiyyata, incəsənətə böyük qiymət verən, sənətşünaslıq üzrə fəlsəfə doktoru, adı Azərbaycan tarixinə qurucu katib kimi düşən, mərhum Sadıq Nəbi oğlu Murtuzayevin tövsiyəsi ilə Ağalar İdrisoğlunu qısa vaxtda teatrın baş rejissoru və direktoru vəzifələrinə təyin ediblər. O, 1989-cu ilin yanvar ayına qədər bu vəzifələrdə çalışıb və üç il dörd ay müddətində Ağdam Dövlət Dram Teatrında 16 tamaşaya və 10 teatrlaşdırılmış şənliklərə, əmək-incəsənət bayramlarına, Novruz bayramı şənliklərinə bir-birindən maraqlı quruluş verib.

1989-cu ilin yanvar ayından Sumqayıt şəhər partiya komitəsinin birinci katibi, dəyərli ziyalı, Sumqayıt şəhərinin qurucularından biri olan, 1991-ci ilin oktyabr ayının 20-də Qarakənd üzərində vurulan vertalyotda şəhid olan, rəhmətlik Zülfü Salah oğlu Hacıyevin çox böyük istəyi və Mədəniyyət Nazirliyinin göndərişi ilə Sumqayıt Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin olunub. Bir il yarımdan sonra isə seçki yolu ilə bu teatrın direktoru və bədii rəhbəri vəzifələrinə seçilib. Həmişə özünün maraqlı ideyaları, təşkilatçılığı, orijinal düşüncə tərzi ilə seçilən Ağalar İdrisoğlu 1991-ci ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının, Musiqili-Dram Teatrına çevrilməsi ideyasını verib. Onun bu ideyası da şəhər rəhbərliyi, Mədəniyyət Nazirliyi tərəfindən yaxşı qarşılanıb və teatra Nazirlər Kabinetinin sədri Həsən Həsənovun əmri ilə əlavə 80 ştat verilib. Bu, Sumqayıt şəhərinin və respublikanın teatr həyatında böyük hadisəyə çevrildi. Yeri gəlmişkən qeyd edək ki, bu teatrda ilk musiqili tamaşa olan Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasına da orijinal quruluşu məhz Ağalar İdrisoğlu verib. Bu tamaşanın ilk premyerası 1992-ci ilin 16 aprel tarixində böyük uğurla keçib. Respublika mətbuatı həmin vaxtlar bu tamaşaya çoxlu ressenziyalar həsr edib. Azərbaycan televiziyası bu tamaşa ilə bağlı maraqlı proqram hazırlayıb.

Onun rəhbərlik etdiyi teatrlar rəngarəng repertuarına, professional quruluşlarına, tərtibatına, maraqlı aktyor truppasına, aktyorların rollardakı yüksək peşəkar oyunlarına, oynadıqları əsərlərdə roldan-rola püxtələşməsinə görə, mütəxəssislər və tamaşaçılar tərəfindən həmişə yüksək qiymətləndirilib və dövri mətbuatda bu haqda çoxlu məqalə və ressenziyalar yazılıb. Rəhbərlik etdiyi kollektivlər məhz onun təşkilatçılığı və təşəbbüsu ilə Moskvada, Qazaxıstanda, Şimali Osetiyada, Gürcüstanda, Dağıstanda və başqa respublikalarda festivallarda, qastrollarda böyük uğurla çıxış ediblər. Respublikamıza çoxlu mükafat və diplomlar gətiriblər.

Bir insan ömrünə bəs edən bütün bu işlər azmış ki, o, 1991 və 1996-cı illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı idarə heyətinin üzvü və katibi seçilib. 1992-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Teatr Xadimləri İttifaqı Sumqayıt Bölgə şöbəsi yaradılıb. Ağalar İdrisoğlu seçki yolu ilə bu şöbənin sədri seçilib. Həmin illərdə başda Azərbaycan Teatr Xadimləri İttifaqının prezidenti, Xalq Artisti Həsənağa Turabov olmaqla, İttifaqın işlərinin qurulmasında, inkişafında, respublika və beynəlxaq səviyyəli, yüksək formalı, ayrı-ayrı janrlı festivalların keçirilməsində idarə heyətinin üzvü və katib kimi əlindən gələni edib. Onun təklif etdiyi maraqlı ideyalar katiblikdə qəbul olunub və həvəslə tətbiq edilərək reallaşıb.

Ağalar İdrisoğlunun quruluşçu rejissoru olduğu Cəlil Məmmədquluzadənin “Kamança”, Vasili Şukşinin “Diribaş adamlar”, Camal Yusifzadənin “Səhər qatarı”, Rafıq Səməndərin “Dəyişmə”, Nəcəf bəy Vəzirovun “Ağa Kərim xan Ərdəbili”, Anarın “Zəncir”, Məhərrəm Əlizadənin “İlk qurban”, Loğman Rəşidzadənin “Toya bir gün qalmış”, Eduard Babrovun “Vicdanla üz-üzə”, Alber Kamyunun “Qismət”, Zəlimxan Yaqubun “Aşıq Ələsgər”, Georqi Caqarovun “Prokuror”, Gəfər Cabbarlının “Oqtay Eloğlu”, Georqi Xuqayevin “Qocaların məhəbbəti” və “Varlı ev”, Feyruz Məmmədovun “Anasının gül balası”, Aleksandr İvaşenkonun “Uşağa bir üç yazın”, Üzeyir Hacıbəyovun “Arşın mal alan”, Ağalar Mirzənin “Məlikməmmədin yeni sərgüzəştləri”, Əbdürrəhim bəy Haqverdiyev və Jan Keverin “Ağa Məhəmməd şah Qacar”, özünün yazdığı “Həyatın astanasında”, “Şah İsmayıl”, “Sabir Rüstəmxanlının portret cizgiləri” və “İnan mənə”, Akif Həsənoğlunun “Yanmış evin nağılı”, “Dünyaxanım ev axtarır”, Zeydulla Ağayevin “Haray”, İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər”, Aleksandr Suxovo-Kobılinin “Tarelkinin ölümü”, Hidayətin “Məhəbbət yaşayır hələ”, Vaqif Əlixanlının “Əcəl atı”, Mirzə Fətəli Axundzadənin “Xırs quldurbasan”, Firuz Mustafanın “Pələng ili”, Panço Pançevin “Dörd əkizin nağılı”, Xanımana Əlibəylinin “Aycan”, Qənbər Şəmşiroğlunun “Caninin etirafı” ( səhnələşdirənlər Nəriman Ocaqlı, Ağalar İdrisoğlu), Redyard Kiplinqin “Mauqli” əsəri əsasında Nicat Kazımov və Ağalar İdrisoğlunun “Mauqlinin yeni il arzuları” və başqa tamaşaları teatr mütəxəssisləri tərəfindən çox yüksək qiymətləndirilib. Dəfələrlə dövri mətbuatda bu tamaşalar haqqında bir-birindən maraqlı ressenziyalar çap olunub. Bu tamaşaların bir neçəsi Respublika televiziyası ilə çəkilərək, qızıl fonda salınıb və gələcək nəsillər üçün saxlanılıb. Quruluş verdiyi tamaşaların çoxu mükafatlara, diplomlara layiq görülüb. Onun quruluşunda “Yanmış evin nağılı” (müəllifı A.Həsənoğlu) tamaşası Qarabağ savaşına, erməni işğalçılarının törətdiyi faciələrə həsr olunan respublikada ilk peşəkar teatr tamaşasıdır. Bu tamaşaya görə Ağalar İdrisoğlu Osman Mirzəyev adına mükafata layiq görülüb. Özünün müəllif və quruluşçu rejissoru olduğu, milli iftixarımız, dövlət xadimi Şah İsmayıl Xətaiyə həsr etdiyi “Şah İsmayıl” tarixi faciəsi “Qızıl Dərviş” respublika mükafatına, Eduard Bobrovun “Vicdanla üz-üzə”, Alber Kamyunun “Qismət” və Georgi Xuqayevin “Varlı ev” tamaşaları isə respublikada ilin ən yaxşı tamaşaları kimi Azərbaycan Mədəniyyət Nazirliyinin və ayrı-ayrı təşkilatların birinci dərəcəli mükafatlarına layiq görülüb. Bu tamaşaların da hər biri geniş ictimaiyyət, teatr tamaşaçıları tərəfındən maraqla baxılıb.

Baxmayaraq ki, rəhbərlik etdiyi teatrlar həmişə respublikamızın ən aparıcı teatrlarından olub, bu haqda mütəxəssislər tərəfindən çoxlu məqalələr, ressenziyalar yazılıb, amma 1997-ci ildə ona qarşı olan haqsızlığa, düşmənçiliyə dözməyərək, Ağalar İdrisoğlu ərizə verərək bədii rəhbəri və direktoru olduğu Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrından işdən çıxıb və Dağıstana işləməyə gedib. Üç il Azərbaycan-Dağıstan Beynəlmiləl Estrada Teatr truppasına rəhbərlik edən Ağalar İdrisoğlu bu kollektivlə Dağıstan Respublikasında 100-dən artıq tamaşa göstərməklə, iki respublika arasında mədəni və dostluq əlaqələrinin möhkəmlənməsində böyük işlər görüb. Həm də bu tarixi günlərə həsr olunan “Sərhədsiz dünyamız” adlı kitab yazıb. O vaxtlar Dağıstanda keçmiş Azərbaycan Dövlət Dram Teatrını bərpa etmək müşkülə düşmüşdü. Yenə də Ağalar İdrisoğlunun orijinal fıkri qələbə çaldı. Onun maraqlı ideyası və məntiqli təklifı Dərbənd ziyalılarının xoşuna gəldi.

Beləliklə, Dağıstan - Azərbaycan Dövlət Dram Teatrının yenidən bərpa olunmasında əsas ideya müəlliflərindən, təşəbbüskarlardan və təşkilatçılardan biri oldu. (Seyid Qurbanov, Hüseynbala Hüseynov, Məhəmməd Qurbanov və Ağalar İdrisoğlu) Dağıstan - Azərbaycan ziyalılarının da arzusu bu idi ki, yeni yaranan teatra məhz Ağalar İdrisoğlu rəhbərlik eləsin. Amma bu teatra rəhbərlik etməkdə ona Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən çoxlu maneə yaradıldı. Bütün bu haqsızlıqları görən Ağalar İdrisoğlu yenidən Azərbaycana qayıtmağa məcbur oldu.

2001-ci ilin fevral ayından Azərbaycan Dövlət Gənclər Teatrında quruluşçu rejissor kimi işə başlayan Ağalar İdrisoğlu özünün yazdığı “İnan mənə” dramatik faciəsinə bu teatrda quruluş verməklə əmək fəaliyyətini davam etdirib. Sonra Zeydulla Ağayevin yazdığı “Haray” pyesinə quruluş verib. Bu tamaşa yüksək dramaturji materialına və professional, maraqlı quruluşuna görə respublika teatr aləmində faşizm üzərində qələbənin 60 illiyinə həsr olunan tamaşa kimi böyük marağa səbəb olaraq, mütəxəssislər, tamaşaçılar tərəfındən rəğbətlə qarşılanıb. Vaqif Əlixanlının “Baş daşları ilə söhbət” monotamaşası (aktrisa Qəmər Məmmədovanın ifasında) rejissor kimi ona yeni uğurlar gətirib. Onun Dövlət Gənclər Teatrında quruluş verdiyi İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşası da özünün orijinal quruluşu və aktyor oyunu ilə tamaşaçıların, teatr mütəxəssislərinin böyük marağına səbəb olub. 2008-ci ilin aprel ayında ilk premyerası olan, Aleksandr Suxovo-Kobılinin “Tarelkinin ölümü” (tərcümə edəni İnqilab Kərimov) tamaşası Ağalar İdrisoğlu tərəfindən yüksək peşəkarlıqla və orijinal yozumla hazırlandığına görə, təkcə tələbkar tamaşaçıların yox, həm də teatr mütəxəssislərinin xoşuna gəlib. Hidayətin “Məhəbbət yaşayır hələ” tamaşası maraqlı rejissor işinə və peşəkar aktyor oyununa görə, onun bu teatrda son rejissor işi olub.

Belə ki, 2009-cu ildə Dövlət Gənclər Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdiyinə görə o, quruluşçu rejissor kimi artıq öz işini bu sənət ocağında davam etdirir. 2011-ci il fevral ayının 25-də ilk premyerası olan Vaqif Əlixanlının “Əcəl atı” tamaşası onun bu teatrda ilk rejissor işidir. Tamaşa xalqımızın yaralı yeri olan Qarabağ müharibəsinə həsr olunub. Xalqımızı milli birliyə və döyüşə səsləyən ən maraqlı səhnə əsəridir.

2012-ci il Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibəti ilə Ağalar İdrisoğlunun Qusar Dövlət Ləzgi Dram Teatrında quruluş verdiyi “Xırs quldurbasan” tamaşası müəllifin yazdığı bu pyesin ilk variantı olub. Bu vaxta qədər həmin varianta quruluş verilməmişdi. Ağalar İdrisoğlu məhz ilk variant əsasında çox maraqlı, orijinal tamaşa hazırlayıb. Həmin tamaşa hələ də Qusar Dövlət Ləzgi Dram Teatrının repertuarındadır, bu gün də tamaşaçılara göstərilir və tamaşaçılar da bu səhnə əsərinə maraqla baxırlar.

2012-ci ilin dekabr ayının 7-də premyerası olan Firuz Mustafanın “Pələng ili” Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında onun maraqlı, orijinal quruluşunda tamaşaçılara göstərilən ikinci səhnə əsəridir. Ağalar İdrisoğlunun bu teatrda quruluş verdiyi Panço Pançevin “Dörd əkizin nağılı” tamaşasının ilk premyerası 2013-cü il mart ayının 10-da Milli Teatrın 140 illiyi günündə olub. Bu tamaşa teatrın rəhbərliyi və bədii şura tərəfindən teatr aləmində bir sensasiya kimi qarşılanıb. Bu gün də tamaşaçıların maraqla baxdığı səhnə əsəridir.
2019-cu ildə Ağalar İdrisoğlu Mingəçevir Dövlət Dram Teatrında bir-birindən maraqlı iki əsərə quruluş verib. Bunlar- Qənbər Şəmşiroğlunun “Caninin etirafı” iki hissəli məhəbbət odası ( səhnələşdirənlər Nəriman Ocaqlı, Ağalar İdrisoğlu) və Nobel mükafatı laureatı Redyard Kiplinqin “Mauqli” əsərinin motivləri əsasında Nicat Kazımov və Ağalar İdrisoğlunun yazdıqları “Mauqlinin yeni il arzuları” müzıklı təkcə Mingəçevir tamaşaçılarının yox, qonşu rayoların tamaşaçılarının da xoşuna gəlib. “Caninin etirafı” tamaşası isə 2020-ci ilin fevral ayının 17 və 18 tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində oynanılan vaxtı Bakı tamaşaçılarının da marağına səbəb olub. Bu tamaşa ilə bağlı çoxlu ressenziya yazılıb. Gəncədəki “Kəpəz” televiziyası və bir sıra müstəqil televiziyalar vasitəsi ilə video lentlərə çəkilib.

2005-ci ilin mart ayında o, “Avropa Nəşr və Mətbu” evinin müəyyənləşdirdiyi müsabiqədə “İlin ən yaxşı vətənpərvər yazıçı-rejissoru” kimi diplom və “Qızıl” medalla təltif olunub. Beləliklə, teatr aləmində əlli ildən çox çalışan Ağalar İdrisoğlu 140-dan çox tamaşaya bir-birindən maraqlı quruluş verməklə Azərbaycan teatr tarixinə özünün adını maraqlı və öz dəsti-xətti olan bir rejissor kimi yazıb.

Uzun illər Azərbaycanın ayrı-ayrı teatrlarına rəhbərlik edən Ağalar İdrisoğlu siyasi arenada liderlərdən biri kimi görünməsə də, siyasəti hoqqabazlığa, şantaja çevirənləri, rüşvəti, inhisarçılığı, nadanlığı, təmiz insanların haqqının tapdalanmasını özünün bədii, publisist əsərlərində və quruluş verdiyi tamaşalarda ifşa edib, kəskin tənqid atəşinə tutub.

Ağalar İdrisoğlu həyatını aktyorluq, rejissorluq işləri ilə bitmiş hesab etməyib. Adını daşıdığı qardaşını yaşatmaqçün və daxilində bulaq kimi qaynayan bədii yaradıcılığını da mərhum qardaşı Ağanın arzularını çin etmək məqsədi ilə davam etdirib. O, əlli ildən çoxdur ki, nasir, dramaturq, publisist, jurnalist kimi yaradıcılığını davam etdirir. Belə ki, yuxarıda yazdığım kimi, onun ilk məqalələri, oçerkləri, kiçik hekayələri 1966-67-ci illərdən Masallı rayonunun “Çağırış” və respublika səviyyəli “Azərbaycan pioneri” qəzetlərində çap olunub.
50 il böyük bir insan ömrü olmaqla, acılı-şirinli, yuxusuz gecələr keçirməklə, düşmənlərilə mübarizə apararaq, öz Mənini sübut etmək məqsədi ilə o, “Həyatın astanasında”, “İnan mənə”, “Məhəbbətsiz həyat”, “Məhkəmədən əvvəl məhkəmə”, “Şah İsmayıl”, “Teleqram”, “İmam Şamil”, “Öz qanunları olan şəhər”, “Bir gecənin əhvalatı”, “Günahsız qurban”, “Qibləgahım Xocalı” və başqa pyeslərin, kütləvi tamaşalarçün 20-dən çox ssenarinin, “Kəfənini geymiş qoca”, “Vicdan mühakiməsi”, “Ulu Tanrı və ağ gəmi əhvalatı”, “Bura vətəndir”, “Səhnədə keçən ömür yolları”, “Teatr sənətinin aşiqi”, “Ağaəli və yeddi bənövşə”, “Odla oynayanlar”, “Bir təbibin ömür salnaməsi” və başqa povestlərin, “Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı”, “Qeyri adi insan” (“Ömrün akkordları”), “Şahidin şahidləri, şəhidləri”, “Qaranlığı yaran işıq”, “Bir alim ömrünün salnaməsi”, “Sərhədsiz dünyamız” sənədli, publisist romanların, yüz əllidən artıq hekayənin, essenin, elegiyanın, novellanın, pritçanın, 1500-dən çox publisist məqalənin, elmi yazıların, oçerklərin, portret cizgilərinin və ressenziyaların müəllifidir. Pyesləri Ağdam, Mingəçevir, Sumqayıt, Füzuli, Gəncə Dövlət Dram Teatrlarında, Dövlət Gənclər Teatrında və keçmiş Sovetlər İttifaqının bir neçə Teatr-Studiyalarında tamaşaya qoyulub. Bu haqda söz düşəndə o belə deyir:
- Mənim bədii yaradıcılığım, 1944-cü ildə anamın qucağında acından dünyasını dəyişən Ağa adlı qardaşımın adı ilə bağlıdır. Çünki valideynlərim lap erkən yaşlarımdan mənə təlqin eləyiblər ki, “onun adını sənə ona görə qoymuşuq ki, onu da yaşadasan”. Mən də onu bədii yaradıcılığımla yaşadıram.

Bədii yaradıcılığı dövründə bir sıra müsabiqələrdə iştirak edən Ağalar İdrisoğlunun 1982-ci ildə “Həyatın astanasında” pyesi respublika müsabiqəsinin qalibi olaraq birinci dərəcəli mükafata layiq görülüb. 1985-ci ildə “İnan mənə” pyesi Moskvada keçirilən Ümumittifaq Gənc Dramaturqlar Müsabiqəsində 48 pyesin içərisində ən yaxşı üç pyesdən biri kimi laureat olub və diploma, pul mükafatına layiq görülüb. Həm də “İnan mənə” pyesi 1986-cı ildə SSRİ dramaturqlarının “Məhəbbət və başqaları” adlı antalogiyasında Moskvadakı “İskusstvo” nəşriyyatında çap olunub. “Şah İsmayıl” pyesi 2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Ən yaxşı pyeslər” müsabiqəsində 34 pyesin içərisində ikinci dərəcəli mükafata və diploma layiq görülüb. Birinci dərəcəli mükafat isə heç bir pyesə verilməyib. Onun “İnan mənə”, “Ən xoşbəxt gün”, “Məhkəmədən əvvəl məhkəmə və ya kəfənini geymiş qoca”, “Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı”, “Qaranlığı yaran işıq” (Maarif Teymurla birlikdə), “Dünya Azərbaycanlıları” (müştərək), “Bir alim ömrünün salnaməsi”, “Vicdan mühakiməsi”, “Dözə bilmədi” (Sadıq Murtuzayevlə birlikdə), “Könüllərdə yaşayan sənətkar” ( müştərək), “General Xudu Borçalı və onun şəcərəsi” ( Veys Xudiyevlə birlikdə), “Mümkün olmayanı mümkün eləyən rəhbər”, “İmam Şamil” ( Sadıq Murtuzayevlə birgə), “Milyonlarını xalqa xərcləyən insan” ( Rəhman Orxanla birgə), “Bir təbibin ömür salnaməsi” adlı kitabları və on beşdən artıq topluda isə hekayələri, pyesləri, tərcümə etdiyi pyeslər çap olunub. O, tərcüməçi kimi də çox işlər görüb. Dünya xalqlarının on pyesini dilimizə tərcümə edib. Bu pyeslərin də bir neçəsi ayrı-ayrı Dövlət Teatrlarında tamaşaya qoyulub. (Vasili Şukşinin “Oyunbazlar”, Georgi Xuqayevin “Qocaların məhəbbəti”, “Varlı ev”, Slovomir Mrojekin “Polis” və başqaları).

O, uzun illərdir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor işləməklə yanaşı, həm də “Azad Azərbaycan” qəzetinin ədəbiyyat, mədəniyyət, incəsənət, elm, təhsil şöbəsinin müdiri vəzifəsində çalışır. Onun bir-birindən maraqlı ressenziyları, məqalələri, portret yazıları bu qəzetin və başqa qəzetlərin, saytların səhifələrində mütəmadi çap olunur və oxucuların sevə-sevə oxuduğu yazılar kimi dəyərləndirilir. Ömrünün 50 ilindən çoxunu ilk sevdiyi sənət olan jurnalistikaya həsr edən Ağalar İdrisoğlu 1500-dən çox məqalənin, ressenziyaların, oçerklərin, publisist yazıların, portrert cizgilərinin müəllifı olmaqla, tez-tez respublikamızda keçirilən tədbirlərdə iştirak edir və bugünki ictimai həyatımızda böyük rol oynayır. Cavan jurnalistlərə özünün təcrübəsini öyrətməkdən və məsləhətlər verməkdən qürur duyur.

Yaradıcılıq işlərində həmişə birinci olmağı xoşlayan Ağalar İdrisoğlu respublikamızda ilk Özəl Teatr-Studiyanın yaradıcısı, özündə dörd sahəni birləşdirən- peşəkar teatr rejissoru, nasir, dramaturq və jurnalistdir. Azərbaycandan ilk dəfə məhz onun “İnan mənə” pyesi Ümumittifaq müsabiqəsinin qalibi olub.

Doğulduğu Masallı rayonunun, yaşadığı Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu və Moskvada, Dövlət Teatr Sənəti İnstitutunda təhsil alan ilk peşəkar teatr rejissoru, teatr təşkilatçısı və ilk Əməkdar incəsənət xadimidir.
Gənc dramaturq kimi ilk dəfə Azərbaycanı Riqada, Minskdə, Ukraynada, Moldovada və başqa şəhərlərdə keçirilən yaradıcılıq seminarlarında məhz o, təmsil edib.

Ağdam və Sumqayıt Dövlət Teatrlarının tarixində ilk dəfə məhz Ağalar İdrisoğlu bədii rəhbər-direktor işləyib.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı məhz onun ideyası, təşəbbüsü və təşkilatçılığı ilə Musiqili-Dram Teatrı olub. Teatra əlavə 80 ştat verilib.

O, Azərbaycanda uzun müddət teatr sahəsində ilk bədii rəhbər-direktor işləyən teatr mütəxəssislərindən biridir.
Şabran rayon Mədəniyyət və Turizm İdarəsi nəzdində “Şabran” Teatr-Studiyası məhz onun ideyası, təşəbbüsü və təşkilatçılığı ilə yaradılıb. İlk tamaşa olan, özünün yazdığı “Vətən ağrıları, Vətən dərdləri” tamaşasına da Ağalar İdrisoğlu quruluş verib. 2018-ci ildə bu Teatr-Studiya Xalq Teatrı olub.

Azərbaycan teatrları içərisində məhz ilk dəfə onun rəhbərlik etdiyi teatr (H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrı) Qazaxıstanın Cambul, Çimkənd vilayətlərində, Gürcüstanın Qabal, Telavi rayonlarında, Vladiqafqazda və bütövlükdə Dağıstan Respublikasında qastrol səfərlərində olub.

Azərbaycan peşəkar teatr səhnəsinə dünyanın tanınmış dramaturqlarından Nobel mükafatları laureatları Alber Kamyunun, Slavomir Mrojekin, Redyard Kiplinqin, dramaturqlar Georgi Caqarovun, Aleksandr Vasilyeviç Suxovo-Kobılinin, Vasili Şukşinin, Eduard Babrovun, Aleksandr İvaşenkonun, Kirill Obalenskinin, Leonid Juxovitskinin, Aleksandr İvaşenkonun və bir neçə müasir Azərbaycan dramaturqlarının pyeslərinin ilk gəlişi məhz Ağalar İdrisoğlunun adı ilə bağlıdı.

Onun quruluş verdiyi tamaşalar və bədii əsərləri haqqında da dövri mətbuatda bir-birindən maraqlı ressenziyalar yazılıb. Həm də bu tamaşalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bədii əsərləri, publisist yazıları, ressenziyaları, məqalələri isə oxucuların sevə-sevə oxuduğu əsərlər, yazılardır.

Yuxarıda yazdığımız kimi, Ağalar İdrisoğlu (Mehdiyev) ədəbiyyat və inəsənət sahəsindəki böyük xidmətlərinə görə 2013-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar inəsənət xadimi” fəxri adına və yazıçı kimi, Prezident mükafatına layiq görülüb.
O, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan dövləti və dövlətçiliyi ilə bağlı respublikamızda gedən çoxlu ictimai işlərdə yaxından iştirak edir.

Söhbət zamanı o, ürək sözlərini belə ifadə etdi:

- 50 ildən çoxdur ki, məşğul olduğum jurnalistika, ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərimin yüksək qiymətləndirilməsində xidməti olanlara dərin təşəkkürümü bildirirəm. Çünki Prezident mükafatı və fəxri ad almağımda bu insanların əməyini dana bilmərəm. Doğrudur, illərlə gördüyüm uğurlu işlərə görə fəxri adı və Prezident mükafatını çoxdan almalı idim. Amma mane olanlar, gözü götürməyənlər çox olub... Onlar hələ də mənə Prezidentin Fəxri təqaüdünü və Xalq artisti fəxri adını almağıma mane olurlar. Belə ki, bütün bu illərdə, düşmənlərim həmişə məni daban-dabana izləyiblər. Həyatdır da... Amma onlar mənə pislik etməklə, əksinə bu yolla məni daha mübariz ediblər. Məni daha çox işləməyə, zəhmətkeş olmağa həvəsləndiriblər. Buna görə düşmənlərimə minnətdaram.

Ədəbiyyat, incəsənət və jurnalistikaya qədəm qoyduğum ilk günlərdən çalışmışam ki, xalqımın ədəbiyyatı, incəsənəti və jurnalistikası yolunda əlimdən gələni eləyim. Özümü dərk elədiyim vaxtdan Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə bacardığım kimi qulluq eləmişəm. Amalım həmişə xalqımızın milli birliyi, vətəndaş həmrəyliyi uğrunda mubarizə aparmaq olub. Mənim qəti fikrim belədir ki, biz, yalnız bu müqəddəs yolla, milli birliklə məmləkətimizi dünya ölkələri sırasında ən öndə gedən ölkələrdən biri eləyə bilərik. Çünki atalarımız deyib ki, “Birlikdən qüvvət doğar. Birlik olmayan yerdə dirilik olmaz”. Dahi Əfzələddin Xaqani də deyir:

İstəsən güzgü tək saf olsun ürək,
Sinədən on şeyi atasan gərək:
Haram, qeybət, kin, paxıllıq, tamah,
Kibr, riya, həsəd, ədavət, kələk.

Azərbaycanın müstəqilliyini görmək bu torpağın övladı olan bir ziyalı kimi mənə də nəsib olub.Bu müstəqilliyi qorumaq biz ziyalıların ən ümdə vəzifəsi və müqəddəs borcu olmalıdır. Çünki Vətəninin müstəqilliyini sevməyəni və Vətənə təmənnasız qulluq eləməyəni heç kim sevməz. Mənim fikrimcə ziyalı-millətin düşünən beyni, görən gözü və danışan dili olmalıdır. O, məddahlıqdan, yaltaqlıqdan uzaq olmalı və həmişə hökmdarı yox, xalqını müdafiə etməli və xalqının yanında olmalıdır.

Dahilər deyib ki, “əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdi. Əgər ağlın varsa, qızıla, nüfuza, yalan vədlərə aldanma. sənə rəhbərlik edən yalnız təmiz vicdanın olsun. Ən çətin iş özünü dərk eləmək, xalqına xidmət eləmək, ən asan iş isə başqalarına məsləhət verməkdi”. İndi də məsləhət verənlərin sayı çoxalıb... Təəssüf ki, lap çoxalıb...

Bu gün xalqımız böyük sevinc içərisindədir. Çünki 30 ildən çox işğalda qalan torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz yağı düşmənlərdən azad eləyib. Bundan da böyük tarixi hadisə, fəxarət ola bilməz. İndi biz yazarların, incəsənət işçilərinin ən böyük, müqəddəs vəzifəsi bu tarixi qələbəmizi, analoqu olmayan döyüşlərimizi, şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarını, bütövlükdə Vətən Müharibəsinin ən kiçik hadisələrini, milli birliyimizi sənədli, bədii formada yazıb, rəsm əsərlərinə, müsiqilərə köçürüb, rejissor kimi quruluş verib, gələcək nəsillərə çatdırmaqdır. Həmçinin çalışmalıyıq ki, dünya xalqları Azərbaycanı bir daha, yenidən tanısınlar. Necə igid, qəhərəman, mübariz olduğumuzu görsünlər.
Biz də öz növbəmizdə qəlbi daim Vətən sevgisiylə döyünən, yazıb-yaratmaqdan usanmayan, yaradıcılıq axtarışlarında olan, məhsuldar zəhmətindən zövq alan, gözəl ailə başçısı, dəyərli insan Ağalar İdrisoğluna ömrünün müdriklik çağında möhkəm can sağlığı, problemsiz və sevinc dolu günlər arzulayırıq!

İlhamə MƏHƏMMƏDQIZI
Şairə-jurnalist

Bütün xəbərlər Facebook səhifəmizdə