Tarixi abidələrimiz YUNESKO-nun nadir əsərləri sırasında yer alır - ŞƏRH

Bu gün YUNESKO ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin yüksək inkişaf səviyyəsinin nəticəsidir ki, ölkəmizin maddi və mənəvi irsinin ən mükəmməl nümunələri YUNESKO-nun nadir əsərləri sırasında yer alır. Belə ki, hazırda muğam ifaçılığı sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılığı sənəti, "Kəlağayı simvolizmi və ənənəvi sənəti" və s. YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ Atüstü Oyun ənənəsi isə YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alması Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondun prezidenti Mehriban Əliyevanın rolu xüsusidir. Belə layihələri həyata keçirən fondun prezidentinin humanizm ideyalarının beynəlxalq aləmdə əks-səda doğurmasının nəticəsidir ki, Mehriban Əliyevaya bu təşkilatın xoşməramlı səfiri adı verilmişdir.

Bu gün isə universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də iki ölkə ərazisində yerləşdiyini nəzərə alaraq Xudafərin körpülərinin YUNESKO-nun Dünya İrsi Siyahısına salınması məqsədilə Azərbaycan Respublikası tərəfindən tədbirlərin həyata keçirilməsi nəzərdə tutur. Bununla bağlı Mədəniyyət Nazirliyi Bəyanatı yayıb.

Bildiyimiz kimi, 18 oktyabr tarixində rəşadətli Azərbaycan Ordusu 1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Xudafərin körpülərini işğaldan azad etmişdir. Xudafərin körpülərinin üzərində 27 ildən sonra yenidən Azərbaycan Respublikasının üçgəngli bayrağı ucaldılmışdır. Vətən Müharibəsində böyük zəfərlərə imza atan müzəffər ordumuz tarixi abidəni öz sahibinə qovuşdurdu. Bu müjdəli xəbəri Azərbaycan xalqına Prezident, Ali Baş Komandan İlham Əliyev çatdırdı.

Vurğulayaq ki, 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində rayonun yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunmuşdur. Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu - IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir. Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara "Xudafərin" adı verilib. Araz çayı üzərində salınan iki Xudafərin körpüsündən birincisi "Baş Xudafərin körpüsü" adlanır. Onun uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.1993-cü ildə mənfur ermənilərin ərzimizi soxulması nəticəsində körpüyə ciddi zərər dəyişmişdir, hazırda körpünün müəyyən hissəsi durur.

Bəyanatda bildirilir ki, 1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalmışdır. Bu da bir daha Ermənistan Respublikası tərəfindən "Silahlı münaqişə zamanı mədəni sərvətləri qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, "Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisidir.
Bildiyimiz kimi, son zamanlar Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Yuxarıda qeyd etdiyimiz nümunələr ilə yanaşı, "İçərişəhər, Qız qalası vəŞirvanşahlar Saray Kompleksi", "Qobustan Qaya Sənəti Mədəni Landşaftı" UNESKO-nun Ümumdünya İrs Siyahısında yer alır. O cümlədən Azərbaycanın "Xan Sarayı ilə birgəŞəkinin tarixi mərkəzi" UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda təcəssümüdür. İnanırıq ki, digər abidələrimiz kimi, Xudafərin körpüləri də YUNESKO-nun Dünya İrsi Siyahısında yer alacaq.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə