Tarixin görünən və görünməyən üzü FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 31 Mart Azərbaycanlıların Soyqrımı Gününə həsr olunan “Tarixin görünən və görünməyən üzü” mövzusunda tədbir keçirilib.

ATMU-nun mətbuat xidmətidən SİA-ya verilən xəbərdə bildirilib ki, ali təhsil müəssisəsinin Heydər Əliyev lektoriyasının rəhbəri, İctimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfüqarlı 1918-1920-ci illərdə erməni-bolşevik birləşmələri tərəfindən türk-müsəlman əhalinin kütləvi şəkildə qəddarlıqla məhv edilməsini bir millətə qarşı soyqırımı olduğunu deyib. Qeyd edilib ki, 100-il əvvəl- martın 31-də baş verən qətliam yurdumuzda zaman-zaman ermənilər tərəfindən törədilən vandalizmin, faciənin növbəti nümunəsi kimi yaddaşımıza həkk olunub. Qırğınların davam etdiyi müddətdə saysız-hesabsız insan, o cümlədən təkcə Bakı və ətraf kəndlərdə 30 minə yaxın soydaşımız məhz milli mənsubiyyətinə görə amansızcasına öldürülüb. Mart qırğınları zamanı ermənilər hətta qədim binaları, ziyarətgahları, Azərbaycan və dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Azərbaycanlılara qarşı soyqırımı Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda daha genişmiqyaslı olub. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində erməni təcavüzkarlarının terror hərəkətlərinə hüquqi-siyasi qiymət verilib.Zaman-zaman azərbaycanlılara qarşı aparılan soyqırımı və deportasiya siyasətini geniş təhlilinə əsaslanan bu tarixi sənəddə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi təsbit edilib. Fərmanda deyilir: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”. Sənəddə ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə toxunulub, mərhələlərlə törədilən soyqırımı və terror siyasəti əsaslı əksini tapıb.

Məhərrəm Zülfüqarlı detallı məruzəsində vətən tarixinə qanla yazılan növbəti soyqırım-mart qırğınlarında ermənilər tərəfindən Şamaxının 75 kəndinin yerlə-yeksan edildiyini deyib.Bildirilib ki, Şamaxı və qonşu kəndlərdə törədilən soyqırımına dair yeddi cild, 925 səhifədən ibarət araşdırma- arxiv materialları təkcə bu bölgədə törədilən qətliamların statistik baxımdan miqyasından xəbər verir. Şamaxıya hələ martın ortalarında iki min erməni əsgəri və silah-sursat yüklü 60 maşının göndərilməsi əvvəlcədən qırğına hazırlıq aparıldığına sübutdur. Aradan illər keçsə də, o qanlı-qadalı hadisələr unudulmur, əksinə, xalqımızın qan yaddaşında silinməz izlər buraxıb.

ATMU-nun Tədris işləri üzrə prorektoru İranə Əliyeva universitet tələbələrinə vətən tarixini dərindən öyrənib,.xalqımızın tarixi taleyi ilə bağlı məsələlərdə vətəndaş mövqeyi sərgiləməyi tövsiyyə edib.Diqqətə çatdırılıb ki,Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərancamlarına əsasən ali təhsil müəssisəsi olaraq cari tədris ilində AXC-nin 100-illiyinə həsr olunan silsilə tədbirlərin təşkili qərara alınıb.

31 Mart Azərbaycanlıların soyqrımına həsr olunan tədbir ”Tarixin görünən və görünməyən üzü”adlı sənədli filmin nümayişi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə