Fidan Hacıyeva İtaliyadan dəvət alıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva İtaliya teatrlarında işləmək üçün keçirilən peşəkar vokalçıların beynəlxalq müsabiqəsində birincilik qazanıb. SİA-nın məlumatına görə, bu günlərdə İtaliyadan Vətənə qayıdan Fidan Hacıyeva bildirib ki, müsabiqədə qalibiyyət ona İtaliyada uzunmüddətli müqavilə bağlaması ilə yekunlaşıb.

"Mən çox həyəcan keçirirdim, çox tanınmış simalar və gözəl səslər iştirak edirdi. İtaliya opera teatrlarında işləmək mənim çox böyük arzum idi və məqsədimə çatdım. İtaliya opera teatrlarının imperesarioları ilə müqavilə bağladım. Müqaviləyə görə İtaliyada "Karmen", "Aida" və "Trubadur" operalarında oyanayacağam. İtaliyanın opera peşəkarları səsimi bəyəndilər və mənim çox böyük potensialımın olduğunu bildirdilər. Mənim üçün dünyada böyük bir karyera quracaqlarını dedilər. Müqavilə bağladığım agentlik çox böyük bir qurumdur və onlar bütün dünya ilə əməkdaşlıq edirlər. İlk öncə obrazlarımı İtaliyanın şəhərlərində nümayişi təşkil olunacaq. Bu sırada birinci yerdə Karmen obrazı dayanır"-deyə o əlavə edib.

F.Hacıyeva onu da qeyd edib ki, artıq o, hər ay İtaliyaya gedəcək və səfərləri çərçivəsində İtaliya dili və rejissorluq üzrə dərs alacaq: "Hər ay İtaliyaya gedəcəyimə baxmayaraq əsasən burada olacağam və İtaliyaya ancaq tamaşaların nümayişi zamanı gedəcəyəm. Artıq müqavilə həyata keçirilməyə başladıqdan sonra həmin agentlik dünya mətbuatının idarəçiliyini öhdəsinə götürəcək. Opera və Balet Teatrının rəhbərliyi tərəfindən mənə bildirildi ki, İtaliyada tamaşa oxuyub qayıtmalıyam. Bütün xərclərimi isə həmin agentlik çəkəcək".

Solistin sözlərinə görə, onun üçün ən əsas bu yarışmada qələbə qazanmağı olub: "Müqavilə əsasında tamaşaların nümayişinə gələn ilin yanvarında başlamağı nəzərdə tuturuq. Bu müsabiqədə uğur qazandığım üçün özümü çox xoşbəxt hiss edirəm. Mənim çox böyük arzum var ki, La Skala səhnəsində "Aida", "Karmen" kimi operalarını italyan dilində ifa edim və Azərbaycandakı dostlarımın hər biri mənimlə birgə bu sevincli günümdə yanımda olsunlar".

F.Hacıyeva həmçinin bildirib ki, dekabr ayı üçün Azərbaycanda da "Karmen", "Aida" operalarının nümayişini nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə