Azərbaycan Bəstəkarlar İttifaqının BƏYƏNATI

Azərbaycan Bəstəkarlar İttifaqı bəyənat verib. SİA-ya bəyənatı təqdim edir: "Azərbaycan bəstəkarları və musiqişünasları əsgərlərimizin Qarabağ cəbhəsində qazandıqları qələbələr haqqındakı sevinc dolu xəbərləri böyük ruh yüksəkliyi ilə qarşıladılar. Erməni işğalçılarına layiq olduqları cavabı verməklə Azərbaycan ordusu yüksək əhval ruhiyyədə olduğunu və öz doğma yurduna sevgisini bir daha sübut elədi.

Ən çətin illərdə Azərbaycan bəstəkarları öz yaradıcılıqlarına bir an da belə olsa fasilə verməyərək, xalqımızın cəsarətini və vətənpərvərlik duyğularını tərənnüm edən əsərlər yaradıblar.

Bəstəkarlarımızın yaradıcılığında Qarabağ hadisələrinə həsr olunan operalardan, simfoniyalardan, oratoriyalardan, kantatalardan tutmuş mahnılara və hərbi marşlara qədər müxtəlif janrlara aid əsərlərə rast gəlmək olar.

Vasif Adıgözəlovun "Natəvan", Firəngiz Əlizadənin "İntizar" operalarını, Ramiz Mustafayev, Oqtay Rəcəbov, Azər Dadaşovun oratoriya və kantatalarını, Azər Rzayev, Tofiq Bakıxanov, Cəlal Abbasov, Sərdar Fərəcovun simfoniya və simfonik poemalarını, o cümlədən, Tahir Əkbər, Yaşar İmanov, Azər Dadaşov, Eldar Mənsurov, Sərdar Fərəcov, Azad Zahid, Elza Seyidcahanın bəstələdiyi mahnılar və hərbi marşları buna misal olaraq göstərmək olar.

Azərbaycan bəstəkarları və musiqişünasları həmişə xalqın və ölkə rəhbərliyinin yanında olmağı özünün müqəddəs borcu olduğunu hesab edir və istənilən vaxt, istənilən çağırışlara Azərbaycan xalqının humanistliyini və vətənpərvərliyini tərənnüm edən yaradıcılıq nümunələri ilə cavab verməyə hazır olduğunu bildirir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...