İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışının milli təhlükəsizlik və geopolitik təhlili
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında çıxışı təkcə Azərbaycanda yox, yaxın-uzaq, dost-düşmən, loyal-qeyri-loyal ölkələrdə böyük rezonans doğurdu, desək yanılmarıq. Onu da əvvəlcədən vurğulayaq ki, hər kəs öz hesabını götürdü. Necə deyərlər, söz, fikir öz hədəfinə çatdı. Elə çıxışın əsas məqsədi də son zamanlar Azərbaycanın daxili siyasətinə dil uzadan bəzi ölkələr və bu ölkələrin içində oturmuş qüvvələrə öz yerlərini göstərmək idi. Amma bu siyahıda dost və qardaş bildiyimiz ölkə və xalqlar yox idi. Çünki biz qardaş dediklərimizi illərlə sınamışıq, ona heç vaxt xəyanət etməmişik və dönüklüyü də əsla gözləmirik.
Əslində Prezident çıxışında qeyri-adi heç nə söyləmədi, olanlar və olacaqlardan danışdı. Öz dövlətinin, xalqının taleyinə biganə qalmayan, onun xoş gələcəyini düşünən, cəmiyyətinin sağlamlaşmasına çalışan, dostuna dost, düşməninə düşmən kimi davranmağı bacaran, yaxşılığı da, pisliyi də unutmayan bir Lider olduğunu bir daha sübut etdi. “Azərbaycanın daxili işlərinə burnunuzu soxmayın” xəbərdarlığını etdi.
Amma Azərbaycan Prezidentinin çıxışında qardaş Türkiyəyə yönəlik bir kəlmə də yox idi. Və ümumiyyətlə, heç bir ölkənin, xalqın, millətin, dini kəsimin, ağın, qaranın adı belə çəkilmədi. Həmin cümlələrin əvvəlinə, yaxud sonuna hər kəs düşündüyü, ehtimal etdiyi ölkənin, millərin, dini kəsimin adını, soyadını qoya bilər ki, bu da onların siyasi savadını, düşüncəsini və içindəkiləri ortaya tökəcək, onları ifşa edəcək.
“Aliyev Türkiyeyimi kast etdi”
Sosial şəbəkə hesabında bir türk qardaşımız çox maraqlı və bizim də fikirlərimizi dəstəkləyən, bu düşüncələrə qatqı verən fikirlər səsləndirib. O bir sual verib: “İlham Əliyev çıxışında Türkiyənimi nəzərdə tutdu?”. Ardınca da çox maraqlı bir təklif verib həmin kəslərə: “İlham Əliyevin çıxışına əvvəldən axırına qədər baxın, dinləyin, sonra nəticə çıxarın. Yoxsa, bir cümləni götürüb onun üzərindən təbliğat aparmayın”. Türk bloger davam edir: “Mən Əliyevin çıxışını başdan sonuna qədər izlədim. Və o sözlərin hansı məqsədlə deyildiyini anladım. İndi Türkiyənin bəzi media orqanlarında İlham Əliyevin “Hər kəs öz yerində otursun, Azərbaycanın daxili işlərinə qarışmasın” başlıqlı yazılar yerləşdirilir. Bu sözlərin Türkiyəyə deyildiyinə işarələr vurulur.
İstanbulda Azərbaycan konsulluğu qarşısında etiraz aksiyası keçirənlər, siz türkmüsünüz? Siz Azərbaycanda hicabın qadağan olunduğuna əminsinizmi? Yalansa Allah bəlanızı versin. Kim o qanunu imzalayıb, kimdir hicabı qadağan edən? Dində zorakılıq olmaz, deyən sizlər, əksinə insanları təhdid edir, hicabsızları təhqir edirsiniz. Bunin nə olduğunu anlaya bilirsinizmi? Bütün bəşəriyyətin hakimi və hökm verəni olan Ulu Tanrı sizin xidmətinizə möhtacmı qalıb? Onun hökmü bu qədərmi keçərsiz oldu deyə sizi vəkil tutdu? Ümumiyyətlə, bunu müsəlmançılıq, islammı sayırsınız? Bu, cahillikdən başqa bir şey deyil.
Yenə qayıdıram İlham Əliyevin çıxışına, Prezident Türkiyə və qardaş ölkədə yaşayanlar haqqında heç nə demədi. Və ümumiyyətlə, bu günün mövzusu nə hicab, nə fələstinlilər, nə də Türkiyə deyil. Bu gün diqqətdə olan qlobal təhlükəsizlikdir. Hicab və islam məsələsi isə diqqəti yayındırmaqdan başqa bir şey deyil. Çox təəssüflər ki, islam dünyasını parçalamaq istəyənlərin planı zərgər dəqiqliyi ilə həyata keçirilir. Hələ indiyə qədər başqa dinlərin nümayəndələri bu qədər islam dünyasının üzərinə yürüməyiblər, onu bu qədər bölməyə çalışmayıblar, nəinki özünü islamçı adlandıran “hicabçı”, “fələstinpərəst”, “qəzzapərəst”, “iranpərəst” ünsürlər. Konssulluğumuzun qarşısında etiraz edənlər elə bağırırlar, elə arqument irəli sürürlər ki, sanki bunların dədə-babasına borcumuz var, yaxud öhdəlik götürmüşük, amma yerinə yetirməmişik. Bütün bu əmrlərin haradan gəldiyini dəqiq bilirik, özünüzü qanmaz, anlamaz yerinə qoymayın. Əvvəlcə, özünüz islam qaydalarına dürüst əməl edin, nümunə olun, sonra... Sonra isə “islamda zor, təkid yoxdur” fikrini dəfələrlə təkrar edin ki, bir daha unutmayasınız.
Yaxın Şərqdə, daha dəqiq desək Fələstində İsrailin Qəzzaya hücumu nəticəsində baş verənlər hər kəsi mütəəssir etdi. Ona görə yox ki, HƏMAS-ın niyyəti baş tutmadı, yaxud girov saxladıqları israillilərin aqibəti pis oldu, ona görə ki, İranın təkidi, “uzaqgörən” planı əsasında HƏMAS-ın başlatdığı ağılsız müharibə nəticəsində 70 minə yaxın dinc fələstinli öldürüldü. Onları İsrail əsgərləri HƏMAS-ın gülləsi ilə qətlə yetirdi. Çoxsaylı insan tələfatının baş verməsi müharibədə iştirak edənlərin hər birinə lazım idi. Çünki hərə öz xeyirini, hərə öz hesabını güdürdü.
Sərt müqavimət doktrinasının manifesti
Azərbaycan Respublikasının Prezidenti və Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII qurultayındakı proqram xarakterli çıxışı təkcə daxili siyasi qərarların ifadəsi deyil, həm də müstəqil dövlətçiliyin milli təhlükəsizlik arxitekturasının və kənar müdaxilələrə qarşı sərt müqavimət doktrinasının manifestidir.
Çıxışın xüsusən xarici qüvvələrin Azərbaycanın daxili işlərinə qarışmaq, ölkənin daxilində təsir rıçaqları yaratmaq və "burunlarını soxmaq" cəhdləri ilə bağlı hissələri post-münaqişə dövründə suverenliyin qorunması baxımından həlledici geosiyasi mesajlar ehtiva edir. Prezident İlham Əliyevin mövqeyinin mərkəzində birmənalı bir tezis dayanır: Azərbaycan öz taleyini özü həll edən, heç bir xarici mərkəzdən təlimat almayan və suveren hüquqlarına kənar müdaxiləni qətiyyən qəbul etməyən qüdrətli dövlətdir.
...90-cı illərin əvvəllərində – xarici qüvvələrin və böyük dövlətlərin maraq dairəsində Azərbaycanın idarəolunan böhran içində olduğu dövrlə müqayisədə, bu gün Bakı hər cür xarici təzyiqə qarşı immunitetə malikdir. Xarici qüvvələrin daxili siyasətə müdaxilə cəhdləri artıq sadəcə diplomatik etirazla deyil, institutsional və hüquqi mexanizmlərlə neytrallaşdırılır.
"Burunlarını Soxmaq" etaforasının reallıqdakı qarşılığı
Qlobal güclərin və ya regional dairələrin insan hüquqları, demokratiya və ya ekologiya adı altında Azərbaycanın daxili proseslərinə təsir etmək cəhdləri ölkə rəhbərliyi tərəfindən açıq şəkildə ifşa olunur. Bu, birtərəfli "təzyiq aləti" deyil, imperialist yanaşmanın qalığıdır ki, Bakı buna qarşı sərt strateji sədd çəkib.
Müasir dünyada təhlükə yalnız hərbi sərhədlərdən gəlmir. Xarici qüvvələrin daxili işlərə müdaxiləsi həm də informasiya məkanı, qeyri-hökumət təşkilatları (QHT-lər), maliyyə axınları və sosial şəbəkələr üzərindən həyata keçirilən hibrid müharibə vasitəsilə aparılır. Azərbaycan dövləti xaricdən maliyyələşən, ölkə daxilində beşinci kolon funksiyasını yerinə yetirən və xarici maraqlara xidmət edən ünsürlərə qarşı hüquqi müstəvidə radikal addımlar atıb. Qurultaydakı mesajlar bir daha göstərdi ki, milli təhlükəsizliyə xələl gətirən heç bir kənar təsirə imkan verilməyəcək.
Kənar qüvvələrin daxili işlərə müdaxilə üsullarından biri də yalan məlumatlar, manipulyasiyalar və qərəzli kampaniyalardır. Azərbaycanın informasiya təhlükəsizliyini gücləndirməsi bu xarici hücumların təsir gücünü sıfıra endirir. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət göstərir ki, xarici güclərin təzyiqlərinə cavab verməyin yeganə yolu iqtisadi, hərbi və siyasi baxımdan asılı olmayan güclü dövlət olmaqdır. Xarici maliyyə institutlarından və ya Qərb donorlarından asılı olmayan Azərbaycan öz daxili resursları (9 milyard manata yaxın hərbi və təhlükəsizlik xərcləri, güclü valyuta ehtiyatları) hesabına yaşayır. Kiminsən maliyyə qarmağında olmayan dövlətə "şərt kəsmək" qeyri-mümkündür.
Bakı həm Qərb, həm də Şərqlə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurur. Kənar qüvvələrin "bizim tərəfimizdə olun və ya qarşımızda durun" diktəsi Azərbaycan tərəfindən qətiyyətlə rədd edilir. Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışı xarici qüvvələrə verilən açıq və qətiyyən dəyişməyəcək geosiyasi mesajdır. Yəni Azərbaycanın daxili işlərinə qarışmaq dövrü birdəfəlik başa çatıb. Zəfər qazanmış, sərhədlərində tam suverenliyi bərpa etmiş və öz inkişaf yolunu özü çəkən Azərbaycan üçün kənar müdaxilələr yalnız daxili həmrəyliyi daha da gücləndirən katalizator rolunu oynayır. Bu doktrina – xarici təzyiqlərə boyun əyməyən, milli ləyaqəti hər şeydən uca tutan və gələcəyini öz iradəsi ilə quran suveren Azərbaycanın dəyişməz təhlükəsizlik xəritəsidir.
V.VƏLİLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB