Tariyel Qasımov “İlin ən yaxşı aktyoru” oldu

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Prezident Təqaüdçüsü, xalq artisti Tariyel Qasımov "İlin ən yaxşı aktyoru" diplomu ilə təltif edilib. SİA-nın verdiyi məlumata görə, "Cəmiyyət və qadın" qəzetinin təsis etdiyi diplom Tariyel Qasımova Azərbaycanın kino və teatr sahəsində uzun illər səmərəli fəaliyyətinə, keçdiyi sənət yollarında aktyor adını şərəflə doğrultduğuna görə çoxsaylı əhalinin rəyi və ona olan sevgisi nəzərə alınaraq təqdim edilib.

Qeyd edək ki, istedadlı aktyor 4 fevral 1939-cu ildə Ağstafa rayonun Köçəsgər kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun "dram və kino aktyorluğu" fakültəsini bitirib. 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.

Onun ifa etdiyi tamaşalardakı Cəlal, Bəxtiyar ("Komsomol poeması", İskəndər Coşğun), Söhrab ("Söhrab və Rüstəm", İskəndər Coşğun), Zaur ("Yadındamı", Altay Məmmədov), Pərviz ("Sən nə üçün yaşayırsan", İmran Qasımov, Həsən Seyidbəyli), Kazım ("Məhəbbət novellası", Şamil Xurşud, Əşrəf Hacıyev), Məşədi Əzizbəyov ("26 Bakı komissarı", İskəndər Coşğun), Polkovnik ("Kiçik torpaqda üç gün", Şamil Xurşud), Zərbəliyev Səbzəli ("Məhəbbət, şeytan və lambada", Marat Haqverdiyev), Salahov ("Sevirdim, çox sevirdim", Hidayət), Qədim ("Büllür sarayda", İlyas Əfəndiyev), Həsənzadə ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev), Nihad ("Pələng ili", Firuz Mustafa), Muradzadə ("Sarıköynəklə Valehin nağılı", İlyas Əfəndiyev) obrazlar, "Ad günü", "Liftçi qız", "Qorxma, mən səninləyəm", "Sahilsiz gecə", "Bizim küçənin oğlanları", "Gilas ağacı", "İşarəni dənizdən gözləyin" və çəkildiyi digər bədii filmlərdəki bir-birindən maraqlı rollar istedadlı aktyorun rəngarəng obrazlar qalereyasını yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə