Əbülfəs Qarayev Rusiya Federasiyasının nümayəndə heyətini qəbul edib

Rusiya Federasiyasının Şimali Osetiya - Alaniya Respublikası Hökumətinin sədri Sergey Takoyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən nazir Azərbaycan ilə Rusiya arasında mədəniyyət və turizm sahəsində daima sıx əlaqələrin mövcud olduğunu və bu əlaqələrin son illərdə daha da inkişaf etdiyini, Rusiyanın regionları ilə əməkdaşlığa xüsusi önəm verildiyini qonaqların diqqətinə çatdırıb. SİA-nın verdiyi məlumata görə, o əlavə etdi ki, biz eyni regionda yaşadığımız üçün xalqlarımızı bir-birinə yaxınlaşdıran dəyərlər vardır və bunlara əsaslanaraq turizm, musiqi, teatr sahəsində mübadilələrin aparılması mövcud əlaqələrin genişlənməsinə təkan verə bilər.

Sergey Takoyev qəbula görə Əbülfəs Qarayevə minnətdarlığını bildirib. Azərbaycanda gedən inkişafın onda yüksək təəssürat yaratdığını, ölkəmizlə əlaqələrin bütün sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahəsində də genişləndirilməsində maraqlı olduğunu qeyd etdi. O Şimali Osetiya-Alaniya Respublikasında yaşayan çoxsaylı azərbaycanlıların sosial həyatda fəallığını vurğulayaraq, bu amilin gələcək münasibətlərin inkişafında özünəməxsus yer tuta biləcəyini vurğuladı.

Qeyd edək ki, görüşün sonunda əməkdaşlıq üçün birgə turizm marşrutları və konkret mədəniyyət tədbirlərinin keçirilməsi qərara alındı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...