Müğənni Azərin - "Türk dünyası" dirijoru

TRT “Türkiyənin səsi” radiosunun qonağı Türk dünyasının əvəzolunmaz sənətkarı Azərindir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Sevda Mirzə: Salam, TRT “Türkiyənin səsi” radiosunun dinləyiciləri və TRT/Azerbaycan saytının oxucuları və tamaşaçıları. Bu gün bizim qonağımız, çox titulları olsa da, xalqa yaxın dillə söyləsək, Türk dünyasının əvəzolunmaz sənətkarı Azərindir. “Həm Türkiyə, həm Azərbaycanda bu qədər eyni dərəcədə sevilən ikinci bir sənətkar yoxdur” deyə bilərik.

Azərin: Təşəkkür edirəm. Bayramlar günündə studiyada oturub tamaşaçıları hiss etmək çox xoşdur.

Sevda Mirzə: Bildiyimiz kimi, qədimdən bahar öncəsi insanlar dənli, paxlalı bitkilərdən bir ovuc götürüb isladar və gözləyərdilər ki, necə olacaq, necə cücərəcək. Əgər toxumlar yaxşı cücərsə, yaşıllansa, o il üçün “Bolluq olacaq”, “Ruzili-bərəkətli olacaq” deyərdilər. Bu il 2024-cü il üst-üstə düşən Novruz və müqəddəs Ramazan günləri də Türk dünyasına ikiqat ruzi-bərəkət gətirsin.

Azərin xanımı hər kəs müğənni kimi tanıyır. Amma Azərin xanım ilk dəfə dirijorluq etdi. Bu xorun adı da yenə üzərinizə yazılan ad kimidir. “Türk dünyası” xorunun şefi, yəni dirijoru oldunuz. Mən də o konsetdəydim. O salon gələn tamaşaçılara kiçik gəldi.

Azərin: Hər kəsin gələn ayaqları var olsun. Mən özümə dirijor demirəm, çünki peşəkar müğənniyəm. Amma əgər bu gün mən səhnədə olmasam, müəllim olardım. Konservatoriyanı bitirdiyim üçün mənim ikinci məsləyim pedaqoji fəaliyyətdir. Ona görə xorla bağlı mən özümü dirijordan daha çox müəllim kimi görürəm. Səhnədə yalnız xoru yönləndirmək üçün varam.

Sevda Mirzə: Mən bu nüansı tamaşaçıların nəzərinə çatdırmaq istəyirəm: Azərin dirijorluq edərkən sanki əllərilə rəqs edir. Türk dünyasının ayrı-ayrı musiqiləri səsləndiyi zaman ritminə uyğun əllərlə oynaırsınız sanki.

Azərin: Ankara Keçiören bələdiyyə sədri, dəyərli böyüyümüz, qardaşımız, gerçəkdən də sözü, işi, əməli ilə Türk dünyasına könül vermiş, heç bir zaman Türkiyəni Azərbaycan və türk cümhuriyyətlərindən ayırmayan Turqut Altınok bir neçə il əvvəl məni və köməkçim, pianoçum “Türk dünyası” xoru orkestrinin şefi Cavid Abidovu dəvət etdi. Belə bir istəyinin olduğunu bildirdi: Keçiören Bələdiyyə Konservatoriyası tərkibində “Türk dünyası” xorunun açılmasını istədi. O zaman çox baş qarışıqlığı oldu. “Olar” dedik, amma sonra getdik öz işlərimizin – konsertlərimizin dalınca. Amma bu təklifi unutmadıq. Pandemiya dövrü daha çox evdə oturduq. Bir dahakı görüşümüzdə xorun yaranmasına qərar verdik, çox qısa zaman ərzində bu xoru yaratdıq. 10 martda ilk konsertimiz baş tutdu.

Sevda Mirzə: İlk konsert olmasına baxmayaraq, çox möhtəşəm keçdi.

Azərin: İnsanlar gəldi, bizi seyir etdi, ayaqüstə alqışladı. Bu, məni çox-çox sevindirdi. Balaca iş deyil. Burada böyük bir insan əməyi var. Turqut bəy başda olmaqla, onun bələdiyyə yardımçısı Sabiha xanıma, xorda Cavid bəy və mənimlə birlikdə addımlayan hər kəsə təşəkkür edirəm.

Xorda oxuyanlar həvəskar insanlardır. 18-75 yaş arasında oxuyanlarımız var. Xüsusilə, həvəskar olduqları üçün çalışırıq ki, əlimizdən gələn qədər kömək edək, qırmayaq, doğru yönləndirək. Hələ çox-çox səslərdən solist kimi bir neçəsini seçmişik. Əgər-əskiklərimiz var, hələ çox çalışmalıyıq, onları da, inşallah, düzəldəcəyik. Heç bir il olmadı. İstək var idi ki, bu konsert olsun. Ona görə də biz qısa repertuardan ibarət konset hazırladıq. “Türk dünyası” xoru olduğu üçün mütləq türk cümhuriyyətləri musiqilərini səsləndirdik.

Bizim üçün – mən və Cavid bəy üçün burada ən əhəmiyyətli olan bilirsinizmi nə idi? Mən eşidirəm ordan-burdan, “xor ancaq bir səsli oxunmalıdır” deyirlər. Amma mən düşünürəm ki, xor çox səsli olmalıdır.

Mənim uşaqlığım sovet dövründə keçib, xorda oxumuşam, Allah rəhmət eləsin, Əfsər Cavanşirov kimi böyük bir müəllimim olub. Yəni xor təcrübəm var idi. Çox şükürlər olsun, “Türk dünyası”nın xorunu da yarada bildik, ilk konsertimizi də verdik.

Sevda Mirzə: Xorun üzvləri neçə nəfərdir?

Azərin: Əslində xora müraciət edən çox idi. Biz ancaq musiqi qulağı, az-çox istedadı və müxtəlif səs temrində olanlardan seçdik 35 nəfər.

Sevda Mirzə: Türkiyə, Azərbaycan, Krım, Qıbrız mahnıları səsləndi xorun ifasında.

Azərin: Hələ qırğız, qazax, özbək, türkmən mahnıları qaldı, bu konsertə daxil edə bilmədik.

Sevda Mirzə: İnşaallah, türk dünyası ölkələrində də bu konsertləri verərsiniz.

Azərin xanım, Novruz günlərini yaşayırıq. Ümumiyyətlə, insan bütün bayramların ləzzətini uşaqlıqda daha çox alır. Yumurta döyüşdürmək, təzə paltarlar geyinmək və s. kimi hadisələrlə. Sizin uşaqlq xatirələrinizdə Novruz necə qalıb?

Azərin: Novruz bizim ən böyük milli bayramımızdır. Biz Sovet İttifaqı içində olduğumuz dövrdə, qadağaların qarşısında belə davayla-şavayla Novruzu qeyd etməyi bacarmışıq. Bizimlə bərabər Özbəkistan da, Qazaxıstan da, Qırğızıstan da həmçinin.

Milli bayram olaraq Novruz bizə çox-çox əzizdir. Əfsuslar olsun ki, bu gün biz onu tam olaraq yaşaya bilmirik. Daha əvvəllər daha gözəl keçirirdik, mən belə hesab edirəm. Çünki bütün qohum-əqrəbalardan xanımlar birləşərdi, şəkərburalar, paxlavalar - bayram çörəkləri bişirərdilər gecəyəcən o böyük-böyük qablarda. Ancaq özümüzü düşünməzdik: qonum-qonşu, hətta bunların arasında qeyri-millətlər də olurdu. Hamının qapısına gedərdi bu xonçalar.

Sevda Mirzə: Həm də qadınların bir-birilə, yaxşı mənada, rəqabətiydi bu. Şəkərburaya kimin vurduğu naxış daha gözəl alınıb? Kim kənarlarını daha gözəl büküb? Kimdə bu bayram çörəklərinin dadı necə alınıb?

Azərin: Məsələn, mən çox çalışırdım, əlləşirdim ki, məndə şəkərburanın naxışları alınsın, alınmırdı, bəlli bir yaşa gələndən sonra alındı. “Vicdan əzabı” çəkməmək üçün mən də gecələri anamla bərabər yatmamağa çalışırdım. O ki mənim zamanım daha çox konsertlərə, başqa ölkələrə qastrola getməklə keçirdi, yenə çalışırdım ki, bu bayramda ailəmin yanında olum. Bundan başqa, Novruzda uşaqlar üçün ən maraqlı hissə qapıya papaq atmaq olur. Çox xoş əhval-ruhiyyədir bu, bilirsən? Çünki hər şeyin başında baharın gəlişini, təbiətin oyanışını duyursan.

Novruz – Yeni gündür, təzə günün oyanışıdır, Türkün Ergenekondan çıxışıdır. Dəmirlərin döyülməsi, odun qalanması, ağırlığı-uğurluğu atəşə vermək, bu zaman çox gözəl deyimlər, atalar sözləri, bayatılar işlətmək çox xoşdur.

Azərbaycan ədəbiyyatında da Novruz böyük yer alır. Mənim idealım olan, daha çox “Çırpınırdın Qara dəniz” və Azərbaycan Respublikası himni ilə tanınan böyük şairimiz Əhməd Cavadın yaradıcılığına baxaq. Mən məsləhət görərdim ki, izləyicilər və dinləyicilər axtarsınlar, araşdırsınlar, o zaman görəcəklər ki, Əhməd Cavadın hər Çərşənbə axşamı və Novruzla əlaqəli nə qədər çox və gözəl şeirləri var. 1914-1918-ci illərdən elə sözlər yazıb ki, o dövrdə belə bizim xalqımızın Novruza necə münasibəti olduğu əks olunub.

Mən Axır Çərşənbədə qapı pusma, yəni qapıdan gizlin dinləməyi sevərdim. Bir inanc var, bilirsiniz: qapı arxasından hansı səs gəlsə, nə deyilsə, həmin il arzumuzun ona uyğun necə keçəcəyini düşünürdük.

2024-cü ildə Novruz Ramazanla üst-üstə düşdü. Allah bütün niyyətliləri – oruc tutanların oruclarını, ibadətlərini qəbul eləsin. Bu il Novruzumuz Ramazan abu-havasında, yəni ikiqat bayram əhval-ruhiyyəsindədir.

Novruz küsülüləri barışdıran aydır. Bayram vaxtları böyüklər – ağsaqqallar, ağbirçəklər araya girər, küsülüləri barışdırardı.

Sülh, əmin-amanlıq bayramı olan Novruz həm Türkün, həm də qeyri-türklərin bayramıdır.

Sevda Mirzə: İranda, Əfqanıstanda həm də yeni təqvim ilinin başlanğıcıdır Novruz.

Azərin: Nə qədər yumurta döyüşdürmüşük. Sap bağlayıb üzüyü suya salardıq. Neçə dəfə stəkanın divarlarına dəysə, sayardıq, guya o yaşda həmin qız ailə quracaqdı. Bunlar hamısı xoşdur və birlik, bərabərlik rəmzidir.

Sevda Mirzə: Qabaq mağazalarda pal-paltar çox olmurdu. Buna baxmayaraq, hər evdə, ailədə xüsusilə, uşaqlar yeni paltar geyinməliydi, tikər, ya tikdirərdilər. Hər gün məktəbli formasında dərsə gedib-gələn uşaqlar üçün yeni paltar geyinmək özü bir bayram idi.

Azərin: Azərbaycan Cümhuriyyəti bərpa olunduqdan sonra artıq milli geyimlərə də həvəs artdı. İndi mən görürəm və mənə çox xoş gəlir ki, Novruzqabağı uşaqlardan tutmuş böyüklərə qədər milli geyimlər geyinib fotosesiyalar edir, çəkilişlərə gedirlər. Hələ Özbəkistanda, Türkmənistanda olsanız, görərsiniz ki, bayırda da milli geyimlərdə gəzirlər.

Sevda Mirzə: Qız uşağı olan hər bir evdə bu gün milli geyim vardır. Əlamətdar və bəlli günlərdə o geyimləri geyinirlər. Biz buna sevinirik.

Novruzla Ramazanı birləşdirən xüsusiyətlər var ki, onlardan biri hər kəsin bir-birilə mehriban danışması, gözəl sözlər işlətməsi, xoş əhval-ruhiyyədə olması, küsülülərin barışmasıdır. Hər evdə, ailədə iki küsülü barışarsa, görün, cəmiyyətdə nə qədər sülh və əmin-amanlıq olur. Ramazan da belə aylardandır. Ramazanda müharibələr belə dayandırılırdı.

Azərin: Ramazan müqəddəs aydır. Qurani-Kərimdə yazır ki, bu ayda şeytanın əli bağlanar, qıfıllanar ki, Ramazanda müharibələr olmasın.

Biz Novruzu keçiririk. İnsan başqasının dərdini anladıqda, yandıqda gerçək insan olur. Sağ əlimiz bu müqəddəs bayramları istədiyi kimi qeyd edə bilməyənlərin başına. Uyğur türkləri ki müqəddəs dini bayramları istədikləri kimi qeyd edə bilmirlər, Fələstində baş verən ədalətsiz hadisələr, Allah bütün İslam aləminin yar və yardımçısı olsun. Ramazan xeyirlərə vəsilə olsun.

Sevda Mirzə: Təəssüf ki, bu gün müsəlman dünyasının çox yerində müharibələr gedir. İraqda, Suriyada insanların başlarına bombalar yağır, Əfqanıstanda müharibə alovu hələ sönməyib, Fələstində uşaqlar öldürülür, qadınlar gözü yaşlı qalır. Heç kim gözü yaşlı qalmasın heç vaxt.

Azərin: Ramazan ayı kütləvi şəkildə namazların qılınması, dualar edilməsi baxımından çox əhəmiyyətlidir. Dualar nə qədər çox olsa, ərşə çıxar, Allah qəbul edər.

Novruz milli, Ramazan da bizim üçün müqəddəs bayramlardır.

Biz bu gün özümüzə xoşbəxt millət deyə bilərik. Çünki Allah bizə elə gözəl günlər nəsib edir ki, Azərbaycana, Türk dünyasına, İslam aləminə xas olan bayramlarımızı artıq işğaldan qurtarılmış torpaqlarımızda – Qarabağımızda qeyd edə bilirik. Var olsun dövlətimiz, var olsun bizim silahlı qüvvələrimiz. Əsgərimizin ayağına daş dəyməsin. Ümumiyyətlə, mən Azərbaycan deyəndə Türkiyəni də ondan heç ayırmıram. Səs-sədası az gəlsə də, əməlləri ilə ikisi birlikdə böyük bir Turan ordusuyuq.

Sevda Mirzə: Turan ordusu barış ordusudur.

Azərin: Biz bu barışı hər bir millətin öz torpağında istəyirik. Baxın, bizim kiminsə torpağında işimiz yox idi ki, bundan sonra da yoxdur. Biz öz torpağımızı geri istəyirdik. Şükür Allaha ki, Allah bizə bu yolu açdı. Allah can sağlığı versin, cənab prezidentimiz İlham Əliyevin sərəncamları ilə millətimizin gözlədiyi, bir amalla, bir əllə, doğrudan da bir yumruqla hərəkət etdik. Bu yerdə də bizi yenə Türkiyə Cümhuriyyətinin, Pakistanın dəstəkləməsini unutmuruq. Biz istəyirik ki, necə ki biz öz dədə-baba ocaqlarımızda bayramlarımızı qeyd edirik, eləcə də digər müsəlmanlar öz torpaqlarında azad şəkildə keçirsinlər.

Sevda Mirzə: Bayramlar həqiqətən elə xoş duyğular yaradır ki, insan özünü fərqli hiss edir. Ramazan ayında müharibə olmaması tövsiyyə edilib. Bəlkə bununla Peyğəmbərimiz demək istəyib ki, “Barı 1 ay müharibəsiz yaşayın, görün, bu, nə qədər gözəl bir həyatdır. Bu şəkildə digər 11 ayı ona birləşdirin, görün ki, sülh şəraitində yaşamaq nə qədər gözəldir”.

Azərin xanım, mən təşəkkür edirəm, bizim - TRT Türkiyənin səsi radiosunun qonağı oldunuz. Sizin yeni – “Türk dünyası” xorunda dirijorluq fəaliyyətiniz bahar təravətli, qədəmləri xoş, uğurları axarlı-baxarlı olsun, çiçək açsın. Nəinki Türk dünyasına və müsəlman aləminə, dinindən, irqindən asılı olmayaraq, bütün Yer üzü insanlarına sülh, barış arzulayırıq. Mehriban yaşamaqdan gözəl nə var ki dünyada?

Azərin: Çox təşəkkür edirəm, məni dəvətin və studiyada belə atmosfer yaratdığın üçün. Bir daha mən də hər kəsin bayramını təbrik edirəm.

Mart ayında həm də Çanaqqala şəhidlərini yad edirik. Çanaqqala zəfəri şəhidlərinin timsalında torpaqlarımız üçün canını fəda etmiş bütün şəhidlərimizi rəhmətlə yad edir, qaizlərimizə sağlıq diləyirəm. İnşaallah, bundan sonrakı Ramazanlara müharibə bəlgələrində olan insanlar sülh və əmin-amanlıq şəraitində girsinlər.

Sevda Mirzə: Ramazanın da, Novruzun də əsas birləşdirici xüsusiyyətlərindən biri rəhmətə gedən əzizlərimizin, şəhidlərimizin məzarlarını ziyarət etmək, onları unutmadığımızı göstərməkdir. Nə gözəl bayramlarımız var.

Bütün xəbərlər Facebook səhifəmizdə