Həqiqətdə belədir ki, hər kəsin hərəkəti, ictimai yerlərdə özünüaparma tərzi onun mədəniyyətidir. Yəni ailədə gördüyü tərbiyənin inikasıdır. İstər böyük şəhərlər olsun, istərsə də rayonlar, ən ucqar kəndlər olsun, valideynin verdiyi tərbiyə, yəni evdə qazanılan ilkin tərbiyə həyatın bütün məqamlarında özünü büruzə verir. Biz zaman-zaman başlayırıq ya ucadan, ya da əl-qol hərəkətləri ilə danışmağa. Ya özümüzdən böyüklərə hörmətlə yanaşmağa, ya da ətrafdakı heç kimə məhəl qoymadan hərəkət etməyə, utanmadan, ar etmədən istədiyimiz kimi özümüzü aparmağa. Və ya bütün bunların əksinə olaraq ucqar kənddən gəlməyimizə baxmayaraq hərəkətimizlə, astadan, sakit danışığımızla, geyim tərzimizlə hər kəsə nümunə gücündə ola bilirik.
Bu mənada ötən günlərdə jurnalist Həmid Həmidovun “Danışaq?” verilişinin qonağı olan aktyor Bəhram Bağırzadənin regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham etməsi ilə qətiyyən razılaşmıram.
Birincisi, hər birimizin regionlarda bir evimiz-ata-baba yurdumuz var. Hər birimizin regionlarımızla bir bağlılığımız var. Biz Bakıda doğulsaq da, ata-anamız burada yaşasa da, atamızın atası, anamızın anası, yəni baba-nənələrimiz regionlarımızın birindəndir. Bizim əsl-kökümüzü onlar dünyaya gətirib, tərbiyə edib, həyata buraxıblar. Onlar da zamanla şəhərlərimizdə məskunlaşıblar. Belə olan halda regionlardan gələnlərin şəhər həyatına adaptasiya oluna bilməmələri ifadəsi nə qədər doğrudur, bunu sual etmək istəyirəm. Onlar nə üçün özlərini şəhərdə apara bilməsinlər, ucadan danışsınlar. Belə bir halın olması mümkündürmü? Məsələn, bir nəfər kəndlərimizdən hansındasa doğulub, gözəl ailə tərbiyəsi alıb, məktəbdə kənd müəllimləri tərəfindən təlim-tədris alıb, sonra isə təhsilini davam etdirmək üçün şəhərə gəlib. Burada nə üçün çığırmalıdır, nə üçün ucadan danışmaqla diqqətləri üzərinə toplamalıdır. Bu, heç düşünülən bir məsələdirmi?
Vurğulamaq istəyirəm ki, ucadan və ya alçaqdan danışmaq əsasən genetik xüsusiyyətdir ki, bu, insanın harada doğulmasından, yaşamasından asılı olmayaraq onda müşahidə olunur. Sonra isə özünəhörmət hissini itirmə mərhələsində ortaya çıxan problemlərdən biridir ki, bu da hər kəsdə baş vermir. Maraqlıdır, regionlarda məgər insanlar bir-biri ilə çığıra-çığıra danışırlar. Bu nə deməkdir? Vallah, bizim müəllimlərimiz olub ki, onların dərsini dinləmək üçün qulaq kəsdirmişik ki, onu eşidə bilək. Ucqar kəndlərimizdə ağzı yaşmaqlı bibi-xalalarımız, nənələrimiz olub ki, bir nəfər kişi xeylağı görəndə yaşmağı gözlərinə qədər qaldırıblar, bir söz soruşanda o qədər astadan cavab veriblər ki, onları eşitmək üçün dəfələrlə “nə dediniz”,- deyə soruşulub.
Regionlarımızda, yəni rayon və kəndlərimizdə kişilər var ki, həyatı torpaqla keçib. Alnının tərini torpağa axıdıb, zəhməti ilə qazanıb, ailəsində 5-6, bəzən 7-8 övlad böyüdüb ki, hər biri cəmiyyətdə davranışı, hərəkəti ilə bir nümunədir.
Bu gün Bakıda yaşayanların əksəriyyəti həmin kişilərin oğulları, qızlarıdır. İndi bəs biz nə üçün öz kökümüzü bəyənməyib kəndlərdən şəhərlərə gələnlərin şəhər həyatına uyğunlaşa bilməməsini müzakirə edirik?
Bizim ata-babalarımız bu cür kişi və qadınlardan tərbiyə alıblarsa, belə olan təqdirdə biz nə üçün ucadan danışıb ətrafdakı insanların diqqətini çəkməliyik? Hələ üstəlik də onlara qarşı sayğısızlıq sərgiləməliyik? Daha sonra isə onların qınağı ilə rastlaşmalıyıq.
Bəli, yaşadığımız cəmiyyətdə elə yerlərdə oluruq, tədbirlərdə iştirak edirik ki, burada özümüzü xüsusilə həmin mühitə uyğun aparmalıyıq, çünki tələb belədir. Başa düşüləndir ki, son vaxtlar cəmiyyətimizdə özünü apara bilməyən, daha doğrusu yerini bilməyən bəzi insanlarla rastlaşır, istər-istəməz əsəbi hal keçirir, onları qınayırıq.
Aktyorun dediklərindən:” Gənclər haqqında danışmaq istəyirəm. Bax, indi burada veriliş gedir. Zalda oturanlar o qədər də gənc deyillər. Onlar bilirlər ki, burada veriliş gedir, amma ucadan danışırlar. Hətta heç olmasa, hörmət qoymağı lazım hesab etmirlər. Əvvəllər bu hörmət var idi”. Bəli, bu fikirlərlə razılaşmamaq mümkün deyil. Çünki indi çox yerlərdə ucadan danışan, bütün diqqətləri üzərinə çəkən həm gənclərlə, həm də orta yaşlı insanlarla raztlaşırıq. Bu, indi belə deyil, bütün zamanlarda olub. Kimsə deyə bilməz ki, sovet quruluşu illərində küçədə, parkda, metroda, marşrut avtobuslarda, təhsil müəssisələrində tam sükut hökm sürüb. Hər kəs bir-biri ilə pıçıltı ilə danışıb. Həmin dövrü yaşamış bizlər elə o dövrdə də həm kafe-restoranlarda, həm mağaza-gözəllik salonlarında, həm küçə və parklarda, universitet dəhlizlərində ucadan danışan, yaxınlıqdakı insanlara məhəl qoymayan insanlarla qarşılaşmışıq. Bu üzdən də vurğulamaq istəyirəm ki, hər kəs adıçəkilən məkanlarda öz ailə tərbiyəsini nümayiş etdirir. Bu tərbiyəni nümayiş etdirənlər isə tək regionlardan Bakıya gələnlər deyil, bunlar arasında məhz Bakıda doğulub, böyüyüb, təhsil alanlar da var. Deməli, ucadan danışmağın səbəbini regionlarda, şəhərlərdə deyil, müasir dövrün bəzi problemlərində axtarmaq lazımdır.
Aktyorun fikirləri: “Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz”.
Bəli, tək şəhər yox, həyat gözəldir. Bu həyat isə həm rayon, həm kənd, həm də şəhərlərimizlə gözəldir. Bu yaşayış yerləri isə təbii ki, insanları ilə mənalıdır, rəngarəngdir. İnsansız nə şəhər, nə kənd…
Bir də ki, insanı mühüt də tərbiyə edir, deyirlər. Rayon və kəndlərdə şəhərlərimizdən fərqli sakit bir mühit var. İnsanlar da təbii ki, həmin mühitə uyğun sakit təbiətli ola bilirlər. Şəhərlərimizdə də səs-küy, maşınların siqnalı, çox halda maşınların qapı-pəncərəsini yarıb bayıra “bomba” kimi düşən musiqi səsi ola bilər ki, bəzi insanları daha ucadan danışmağa vadar edər ki, bir-birilərini eşitsinlər.
Bütün bunlara görə də nə üçün rayondan gələnlər şəhərə adaptasiya ola bilməsinlər? Bu, çox yanlış fikirdir. Kəndlərimizlə şəhərlərimiz arasındakı bağı qoparmaq, ortaya ayrı-seçkilik atmaq deməkdir.
Yaxşı olar ki, bütün söhbətlərimizdə, istər regionlarımızdan, istər şəhərlərimizdən, istər gənclərdən, istərsə də orta yaş qrupundan olan insanlardan danışarkən, “bəzi” ifadəsini işlədək. Çünki bəzilərimiz ucadan danışırıq, özümüzü apara bilmirik. Bəzilərimiz şəhərlərə adaptasiya oluna bilmirik. Bəzilərimz şəhərdə doğulsaq da, şəhərdə yaşasaq da, özümüzü apara bilmirik. Bəzilərimiz kənddən gəlib şəhərə uyğunlaşa bilmirik.
Bəzilərimiz, yalnız bəzilərimiz. Bu, həm də tək ucadan danışmaqda deyil, bütün mənalarda belədir.
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB