"Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə fəal iştirak edir" - ŞƏRH EDİLDİ

“Bu gün dünya ictimaiyyətini narahat edən təkcə müharibə və münaqişələr deyil. İqlim dəyişikliyi və onun qarşısının alınması da dünyanın gündəmindədir və bu yöndə mühüm addımlar atılır. Azərbaycan bu günə qədər Avropanı neft və qaz ilə təchiz edirdisə, artıq ölkəmiz enerji siyasətində yeni bir mərhələyə qədəm qoyub. Bu, bərpaolunan enerji resursları ilə bağlıdır. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Bu gün elektrik enerjisinin Avropaya nəql edilməsi üzərində işlər aparılır. Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Enerji keçidinə xidmət edən bütün istiqamətlərdə Azərbaycan sürətlə irəliləyır. Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə bildirib ki, COP üçün yenilik olan bir təşəbbüs Azərbaycan tərəfindən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. BƏƏ, Azərbaycan və Braziliya müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

K.Bayramov qeyd edib ki, Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri ilə dünyanın diqqətindədir: “Artıq enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır. Getdikcə həmin dövlətlərin sayı artır, onların Azərbaycan haqqında olan fikirləri müsbət istiqamətdə inkişaf edir.
Ölkəmizin iştirakçısı və təşəbbüskarı olduğu enerji layihələri ölkələr, xalqlar arasında körpü roluna yeni əlavələr etməklə tərəfdaşların coğrafiyasının genişlənməsində öz sözünü deyir. Bu fikir Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərin rəsmiləri tərəfindən xüsusi qeyd edilir ki, Azərbaycan bütün Avropa üçün strateji tərəfdaşdır. Azərbaycanla Avropa İttifaqına üzv olan doqquz ölkə arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu mövcuddur. Mövcud geosiyasi dəyişikliklər fonunda enerji təhlükəsizliyinin təminatına ehtiyacın daha da artdığı hazırkı dövrdə yeni enerji marşrutlarının müəyyənləşdirilməsinə, mövcud potensialın ortaya qoyulmasına zərurət duyulur.

Deputat diqqətə çatdırıb ki, ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə davamlı olaraq öz töhfəsini verib. Bu gün davam edən təşəbbüslər ölkəmizin prosesdə israrlı olduğunu göstərir. Məlumdur ki, Vətən müharibəsindəki Zəfərimizdən sonra regionda yaranan yeni reallıq çərçivəsində, Azərbaycanın uğurlu sosial-iqtisadi və siyasi nailiyyətləri, milli dəyərləri qarşıdakı illərdə də Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Azərbaycan Prezidenti qəti olaraq o qənaətdədir ki, inkişafın bütün sahələri əhatələməsi üçün sağlam insan konsepsiyasına sadiq qalınması, bu məqsədlə gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin azaldılması, uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf zərurətdir.

2021-ci il 2 fevral tarixli Sərəncamı ilə Azərbaycanın 2030-cu ilə qədərki sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərini müəyyənləşdirərkən, Prezident İlham Əliyev qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviq edilməsini qəti vəzifə olaraq müəyyən edib. Azərbaycanda yüksək keyfiyyətli ekoloji mühitə və yaşıl enerji məkanına nail olmaq üçün isə ötən dövrdə, xüsusən ərazi bütövlüyümüzün bərpa olunduğu son 4 ilə yaxın bir müddət ərzində iqtisadi artımla ekoloji mühitin tarazlığının təmin olunması, ölkədə ümumi ərazilərdə yaşıllıqların payının artırılması istiqamətində konkret addımlar atılır.
K.Bayramov vurğulayıb ki, Azərbaycan 1995-ci ildən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını təsdiqləyib. 2000-ci il iyulun 18-də istilik effekti yaradan qazların azaldılmasına dair öhdəliklərin ehtiva olunduğu Kioto Protokolunu ratifikasiya etmiş, 2016-cı il aprelin 22-də isə BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasının imzalanma mərasimində iştirak etməklə bu sənədə qoşulub.

Dövlət başçımızın “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmağı milli prioritet kimi müəyyən etməsi əslində həm də Azərbaycanın növbəti dəfə beynəlxalq hüquqa sədaqəti, o cümlədən, beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərə vicdanlı yanaşmasının bariz nümunəsidir. Bildiyimiz kimi, 30 illik işğal dövründə ərazilərimiz yaşıllıqların məhv edilməsi, yandırılması, təbii sərvətlərin talanması fonunda ekosidə məruz qalıb. Azərbaycan işğala son qoymaqla əslində həm də davam edən böyük bir ekoloji fəlakətin qarşısını almış oldu. Bu gün isə ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Məhz bu inkaredilməz amillər qarşısında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar verildi. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir: «Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar”.

K.Bayramov onu da xatırladıb ki, Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib ki, bu da, Qarabağın və Şərqi Zəngəzurun tezliklə yaşıl enerji mərkəzinə çevrilməsi deməkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə