Müxalifətçilər partiya qərargahının damına niyə çıxdılar?

Yəqin çoxları mənimlə razılaşar, hər bir siyasi təşkilatın qayəsində və məzmununda mütləqdir ki, ideoloji xətt olsun. Çünki insanlar siyasətdə yolayrıcına bir tək hansısa dəyərlə deyil, həm də həmin dəyəri daşıyanlarla çıxır. Belə olan halda isə seçmək və seçilə bilmək ən vacib elementlərdən, nüanslardan biri kimi çıxış edir. Amma diqqət edin, bir daha vurğulayıram: Söhbət seçilə bilməkdən gedir. Təşkilat daxilində və insanlar içində seçilə bilməkdən. Dırnaqlı və dırnaqsız!

Siyasi rəqiblərimizin də ən böyük kabusu və dilemması məhz budur. Onlar daima lider boşluğu, defisiti ilə üz üzədir. Hər zaman özgüvən problemlərı var. Eyni zamanda hər biri oxşar ağılda, bənzər mövqedə və özlərinə xarakterik şablonda, obrazda olduqları üçün onları əvəzləmək, dəyişmək, zamanı gələndə yeniləmək belə çox ciddi problemlər yaradır. Təmsil olunduqları bütün cəbhə boyunca. Və ya bu gün müxalifət deyəndə ilk öncə təsəvvürlərə kimlər gəlir? Təbii, İsa Qəmbər və Əli Kərimli. Çoxmu ağıllı olduqarı üçün? Xeyr, təbii. Sadəcə meydanda çoxdan var olduqları üçün. Vəssalam. Eyni zamanda 21 ildir əvəzlənmədikləri, dəyişmədikləri ya da dəyişə bilmədikləri üçün! Və nəhayət, insanları önə buraxmaq, onlara meydan vermək təpərini özlərində hiss etmədikləri üçün!

Xatırlayıram, 2009-un Referendum təbliğatı öncəsi idi. Və İsa Qəmbər belə bir bəyənat vermişdi: "Müsavat bu il öz növbəti qurultayına gedir, yeni başqanını seçir və yoluna da tam yeni bir heyətlə və ovqatla davam etməyi qarşısına məqsəd qoyur". Hətta o mətndə xüsusi bir vurğu da var idi: "Biz 3-cü dəfə Prezident seçkilərinə qatılmaq istəyən siyasi qüvvəyə xitabən həm də ortalığa yeni bir nümunə qoyacayıq ki, baxın demokratiya nədir, o necə olur və hansı komponentləri özündə əks etdirir"...

Bu söhbətin üzərindən isə nə az-nə çox, düz 4 il keçib. Ortalıqda nə qurultay var, nə haqqında danışılan demokratiya nümunəsi, nə də İsa Qəmbərin nəql etdiyi nağıllardan əsər-əlamət. Adam söylədiklərini "yemiş" olsa da, bu vaxta qədər həzmə verə bilməyib. Elə bu səbəbdən də infeksiya bütün daxili orqanlara siraət edib. Məsələn, tabeliyində olan gənclər təşkilatına. Və ya bunların törəmələri də eynən öz günündədir. Yapışdıqları yerdən durmaq istəmirlər, durduqları yerdən isə tərpənmək!

Elə misal üçün götürək, "Müsavat"ın Gənclər Birliyini. Keçən həftə eyni adlı təşkilatın sədr kürsüsü uğrunda (guya) növbəti seçki düzənləndi. Ətrafda da elə bir izdiham fonu yaratdılar ki... kənardan baxan elə bilərdi Obamanın seçki qərərgahı-filan öz işinə başlayıb. Oysa, üst-üstə vur-tut 10-15 nəfər olalar ya olmayalar... Və həmin o az saylı "cəmi-cümlətanılar" öz boylarından böyük elə elə bir rəqabət havasına giriblər ki, il yarımdır sıradan bir seçkini keçirib qurtara bilmirlər. Tural Abbaslı olub Napaleon, ətrafındakılar isə vazkeçilməz liderin yəhərləri. Kimi hansı atın belinə qoysa, orda da qalmalıdır. Amma bir tərəfdən də qınamıram adamları. Çünki, Abbaslı da özünə görə Abbaslıdır. Bir tək baxışı və zəhmi yetərlidir ki, dünyanı öz oxundan çıxara və müsavat qərərgahı boyunca fırlaya bilsin. Belə olan təqdirdə isə əvəzolunmaz liderin öz yerinə layiqli bir varis hazırlama cəhdi məncə normal qəbul olunmalıdır. Hətta maraqlar təmin olunmadığı təqdirdə bu seçkini 10 dəfə deyil, 20 dəfə də keçirmək olar. Yetər ki, kürsüdə oturacaq yeni sədr, yəni "onbeşbaşı" Tural bəyin və ələlxüsus da dünya miqyaslı siyasətçi, Azərbaycanın Çörçili, bəzi hallarda isə Mister Bini Arıf Hacılının könlüncə olsun...

Hacılı demişkən, bu adamın gənclər birliyinə olan marağını hələ də anlamaqda çətinlik çəkirəm. Və çox maraqlıdır, başqan müşaviri hətta artıq doğmalarını belə seçki ilə bağlı devrəyə salmış durumda. Və ya Arif Hacılının provokasiya və konflikt məsələləri üzrə nümayəndəsi, eyni zamanda dost-doğmaca qardaşı Musatafa Hacıbəyli görün, mövzu haqqında nə deyir: "Kifayət qədər təmiz və ədalətli seçim oldu. Heç bir müdaxilə-filan də də yox idi. Sadəcə bir nüansı qeyd etmək istəyirəm ki, məğlub olan namizəd Rüfət Hacıbəyli bir az aqressiyasını azaltmalı və ağıllı olmalıdır. Çünki onun başqan müşaviri kimi böyük bir vəzifəsi var. Üzərində işləsə hələ daha böyük zirvələrə qalxa bilər".

Əvvəla ondan başlayaq, daha doğrusu dəqiqləşdirək ki, bunların vəzifəsi və həmin vəzifələrin təsnifatı hansı meyarla aparılır? Və ya belə deyək: sıradan bir müsavatçı ilə başqan müşaviri arasındakı əhəmiyyətli fərq görəsən, nədən ibarətdir? Mitinqlərdə, aksiyalarda biri o birindən daha çoxmu qışqırır, yoxsa İsa Qəmbərin mədhiyyələrini daha çoxmu dinləyir? Və bu yerdə bir anlıq bilirsinizmi nəyi xatırladım? Məşhur "Ögey ana" filmindən çox yadda qalan bir fraqmenti. Orda bir yer var, çoban İsmayıla guya, təsəlli vermək üçün deyir: "Əgər mən ali məktəb qurtarmasam heç baş çoban olardımmı?" İndi bunlarınkı da həmin söhbətdir. Müsavatda qalxılmalı yermi var, vəzifəmi var? Məncə, orda elə ən yaxşı halda qərərgahın damına qalxmaq olar. O da bəzi ayağı sürüşkənləri həmin sıradan çıxmaq şərti ilə...

Və ya, digər bir məqam: Hacıbəyli seçkidə özləri tərəfindən məğlub edilmiş gəncə mesaj verir ki, ağıllı olmaq lazımdır. Bu anda isə suala qarşılıq bir başqa sual yaranır: "Ağıllı adamın "Müsavat"da nə işi var ki?"

Hələ partiya dəhlizlərində gəzən rəvayətlərə görə zati aliləri, cənab Tural Abbaslı öz köməkçisinin katibəsinin sürücüsünün müavini ilə mətbuata belə bir mesaj ötürüb: "Mən kənardan prosesi yalnız müşahidə etmişəm. Zamanı gələndə fikrimi bildirəcəm". Alın, bu da sizə xarizma nümunəsi! Zamanı gələndə Tural bəy bir dənə Napaleon baxışı ilə baxacaq. Ondan sonra oğul istəyirəm onun qabağında söz desin. Və ya bir ay qabaq İsa Qəmbərin təlimatı, Arif Hacılının kuratorluğu və həmin bu Tural Abbaslının birbaşa rəhbərliyi ilə demokratiya adı altında onlar üçün canını və həyatını fəda edən gənclərin başına hansı oyunlar açıldısa, bu gün də nəticə maraqlara uyğun olmasa eyni hal müşahidə olunacaq. Buna heç kimin şübhəsi olmasın. Çünki, söhbət İsa Qəmbər demokratiyasından gedir. Onunsa özünə məxsus qanadları, qolları və komponentləri var. Və yəqin elə bu demokratiyaya olan heyranlığındandır ki, seçkidə məğlub olan Rüfət Hacıbəyli belə bir mətndə bəyənat verib: "Partiyada bəzi qüvvələr tərəfdaşlarımı sıxışdırmaq üçün əlindən gələni etdilər və sonunda bizi əzməyi bacardıar. Amma bu işi belə qoymayacam və sabahdan etibarən araşdırmalara başlayacam".

Başla, "əzizim", başla. Hətta sabahı-filan gözləmə. Günü bu gündən başla. Partiya başqanın 20 ildir Prezident seçkilərini araşdırır, sən də bu gündən etibarən qatıldığın seçkilərin nəticəsini araşdır. Amma imkan olanda bir də bilirsənmi nəyi araşdır? Bu rəzalətin və xaosun mənbəyini, hardan qidalandığını və gəldiyini araşdır. Bir heç uğruna özünü fəda etməyin, nağıllara və əsatirlərə qurban verməyin və ən nəhayət, ucu-bucağı olmayan davamlı məğlubiyyətlərin səbəbini araşdır...

***

Bədbəxtlik bir insanın taleyinəmi, yoxsa alnınamı yazılır, bilmirəm. Amma bu gün siyasətidəki radikal qruplaşmaların hərəsi öz ranqında bədbəxtdir. Öz boyunda bədbəxtdir. Öz çəkisində bədbəxtdir.

Hətta 9 nəfərlik bir təşkilata sədr seçə bilməyib, 9 milyonluq Azərbaycan xalqını idarə etmə xəyalına, əfsanəsinə qapılacaq qədər bədbəxtdir!

Bütün xəbərlər Facebook səhifəmizdə