Vəli VƏLİYEV

İkinci dünya müharibəsinin sonu Yaponiya üçün də dəhşətli ssenari ilə bitdi. Sakit okean cəbhəsində hadisələr və antihitler koalisiyasının Yaponiyaya qarşı döyüşləri bu ölkəyə bəlalar gətirdi. Havay adalarına imperator hava donanmasının hücumundan sonra ABŞ təyyarələrinin Xirosima və Naqasaki şəhərlərinə nüvə bombası atması, Mancuriyanın Sovet ordusu tərəfindən işğalı Yaponiyanı təslimçiliyə sürüklədi. Missuri gəmisində kapitulyasiya aktını bir sıra səlahiyyətləri əlindən alınmış Yaponiya imperatoru imzaladı. Və Yaponiyaya hərbi dəniz və hava qüvvələri saxlamaq kvotası tətbiq edildi. Buna səbəb əlbəttə, Yaponiya imperator ordusunun işğalçı əməlləri idi...

Tarixi misalı çəkməkdə məqsədimiz buna bənzər hadisələrin günümüzdə də yaşanması, amma oxşar hadisəyə fərqli reaksiyaların verilməsini dəyərli oxucularla bölüşməkdir. Ermənistan adlı oyuncaq dövlətin Azərbaycan torpaqlarını 30 il ərzində işğalda saxlaması və buna dünya birliyinin, iri dövlətlərin, beynəlxalq təşkilatların seyrçi qalması bizi narahat etməkdədir. Ermənilər azərbaycanlılarla münaqişəyə başlayanda bu hadisələrin nə ilə sonuclanacağını bilməyən az idi. Amma tədbir görmədilər, əksinə onu bəslədilər, silahlandırdılar, yeni torpaqlar ələ keçirməyə həvəsləndirdilər, Ermənistanı işğalçı kimi yetişdirdilər. Onlar isə torpaq ələ keçirmək azmış kimi, burada yaşayan insanlara qarşı misli görünməmiş vəhşiliklər, qətliamlar, soyqırımıları törətdilər. Bəşəriyyət yenə susdu, dünyanın seyrçi qaldığını görən ermənilər bir az daha azğınlaşdılar.

Bu gün regionda vəziyyət tamamilə dəyişib. Dünya güclərinin 30 ildə görə bilmədiyini, daha doğrusu, görmək istəmədiyini Azərbaycan cəmi 44 günə yerinə yetirdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq yad ünsürləri, xarici qüvvələri, işğalçı ordunu torpaqlarımızdan, Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazilərindən qovub çıxardı. Amma, hələ də proses məntiqi sonluqla tamamlanmayıb. Ermənistana qarşı Yaponiya imperator ordusuna tətbiq olunan qadağalar aid edilməyib. Yəni qonşu dövlətin torpaqlarına qəsd edən, işğalda saxlayan, insanları ən adi hüquqlarından məhrum edən, evindən qovan, öldürən, əsir və girov götürən bir dövlət sanki heç nə olmamış kimi yenə hədyanlar yağdırır, bizimlə ultimativ dildə danışmağa cəhd edir. Əlbəttə, buna son vermək üçün bəşəriyyətə qarşı cinayətlər törətmiş Ermənistan cəzalandırılmalıdır. Əks təqdirdə ədalət öz yerini tuta bilməz.

Ermənistana xarici ölkələrdən hərbi təyinatlı məhsulların idxalını qadağan etmək, o cümlədən öz imkanları hesabına hər hansı hərbi texnikanın və digər ağır silahların istehsal edilməsi yasaqlanmalıdır. Buna BMT TŞ nəzarət etməlidir. Bu, işğalçı ölkələrə də dərs olar.

44 günlük müharibə aldığı zərbələrdən dərs çıxarmayan rəsmi İrəvan hərbi xərclərini artıraraq, yeni silahlanmaya başlayıb. Məlumata görə, ölkənin müdafiə xərcləri 1,3 milyard dollar təşkil edib. Bu isə onu göstərir ki, Ermənistanın hərbi büdcəsi 40%-dən çox artıb və tarixdə ilk dəfə olaraq 1 milyard dolları keçib. Eyni zamanda, hərbi xərclər ənənəvi olaraq büdcədə ən böyük maliyyə tutumu olan sosial proqram üzrə xərcləri ilk dəfə üstələyəcək.

Bü isə o deməkdir ki, məğlub Ermənistan yenidən silahlanmaqla vəziyyəti daha da gərginləşdirməyə çalışır və yeni müharibəyə hazırlaşır. Sərhəddəki son təxribatlardan sonra Ermənistan tərəfi açıq şəkildə sülh istəmədiyini göstərir. Hətta son vaxtlar revanşist qüvvələrin aktivləşməsi və yeni müharibə anonslarının gündəmə gətirilməsi diqqətdən qaçmır.

Bütün xəbərlər Facebook səhifəmizdə