"Zorakı miqrasiya siyasəti təhlükəli həddə çatıb" - ŞƏRH EDİLDİ

"Rusiyanın hazırda həm daxili, həm də xarici siyasəti neoimperialist məzmunda davam edir. Kremlin ölkə daxilində milli və etnik ayrı-seçkilik siyasəti güclənib. Qeyri-ruslara qarşı təzyiqlər, təqiblər və zorakılıq halları maksimum həddə çatıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, eyni zamanda, son dövrlərdə Kremlin zorakı miqrasiya siyasəti də diqqət çəkir: "Bəzi ölkələrdən, xüsusilə də müsəlman ölkələrindən gələn miqrantların ölkədən çıxarılması, onlar üçün iş imkanlarının məhdudlaşdırılması, sosial problemlərin həllində çətinliklərin yaradılması müşahidə olunur. Müsəlman ölkələrdən gələn miqrantların övladlarının təhsili ilə bağlı da ciddi problemlər ortaya çıxır. Bu, göstərir ki, Rusiya milli, etnik və dini ayrı-seçkilik mövqeyində israr edir və bu, yaxın gələcəkdə onun prioritet siyasəti ola bilər. Əsas səbəblərdən biri Rusiyada əhalinin artım səviyyəsinin aşağı olmasıdır. Xüsusilə də rusların sayının artmaması Kremlin ciddi narahatlığına səbəb olur. Kremlin qorxusu ondan ibarətdir ki, bir neçə onillikdən sonra Rusiyanın milli-etnik tərkibi qeyri-rusların xeyrinə ciddi şəkildə dəyişə bilər və ölkə qeyri-rus dövlətinə çevrilə bilər. Buna görə də indidən təhlükəli xarakter daşıyan zorakı miqrasiya siyasəti həyata keçirilir.

Əgər bu proses davam etsə, yaxın gələcəkdə Rusiyaya daxil olan miqrasiya tamamilə dayana bilər. Bu isə bir çox sahələrin inkişafına və mövcudluğuna ciddi zərbə vuracaq, iqtisadiyyata sarsıdıcı təsir göstərəcək. Kremlin bu reallığı anlaması nəticəsində MDB məkanından gələn miqrantların çıxarılmasını balanslaşdırmaq üçün Hindistandan miqrantların ölkəyə gəlməsinə imkan yaradılır. Bu addımın effektivliyi hələ məlum deyil. Lakin Rusiya üçün ölkə daxilində ciddi problemlər mövcuddur və Kremlin bu problemləri müasir dünyanın tələblərinə uyğun həll etməkdə böyük çətinliklərlə üzləşdiyi görünür. Bu çətinliklərin real təsirləri isə yaxın zamanda daha ciddi şəkildə hiss olunacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə