Hippokrat andına əməl edilirmi? KÖŞƏ

El arasında belə bir məsəl var: “İtə, qurda işim düşsün, ancaq həkimə işim düşməsin”. Təəccüblü məsəl deyimi? Necə ola bilər ki, sağlamlığının təmin olunması, xəstəliklərin müayinə və müalicəsi üçün gərəkli bilinən həkimə münasibət heç də ürəkaçan deyil. Əslində, günümüzün hazırkı reallığında bəzi həkimlərin pasiyentlərinə münasibətdə yanlış davranışı ümumi həkim ailəsinə şamil edilə bilməz. Həqiqətən də Azərbaycanımızda bilikli, savadlı, öz peşəsinə, Hippokrat andına sədaqətli olan həkimlərimizin sayı kifayət qədərdir. Elə həkimlərmiz var ki, şanı-şöhrəti dünyanın tanınmış klinikalarından gəlir, hörməti-izzəti beynəlxalq miqyasda tanınır və qəbul edilir. 3 min il əvvəl qəbul edilən və bu gün də öz akuallığını qoruyub-saxlayan Hippokrat andında həkim statusu qazanan şəxs andına xəyanət edəcəyi təqdirdə Allahdan özünə bədbəxtlik arzulayır. Təəssüf, min dəfə təəssüflər olsun ki, bu gün elə həkimlər var ki, addımbaşı Hippokrat andına xəyanət edir, buna görə nə qızarır, nə də xəcalət çəkir. Ancaq məndə bir əminlik var ki, tibb sahəsindəki kəm-kəsir, qüsurlar tədricən həlli ediləcək. Daha doğrusu, icbari tibbi sığortanın tətbiq edilməsi ilə tibb sahəsində qarşıya qoyulan məqsədlərə çatılmağa imkan verir. Çünki icbari tibb sığortanın tətbiqi ilə laborator, diaqnostik müayinələr, fizioterapiya, ambulator və stasionar tibbi xidmətin keyfiyyəti kifayət qədər yüksəkdir, təcili tibbi avtomobillərin texniki avadanlıqları müasir avadanlıqlarla əvəzlənir, digər tərəfdən isə tibb işçilərinin aylıq maaşları iki-üç dəfə artır. Ekspertlər də o fikirdədir ki, icbari tibb sığortanın tətbiqi şəxsi klinikalara üz tutanların sayında kəskin azalma yaradacaq, müayinə və müalicə xərcləri 65-70 faizə qədər ucuzlaşacaq. Bunu anlayan bəzi işbaz klinikalar və onlara dəstək verən qüsurlu həkimlər icbari tibbi sığortanın əhaliyə verdiyi imkanlara müxtəlif vasitələrlə əngəllər yaratmağa cəhdlər göstərirlər. Səthi araşdırma aparılsa bəlli olar ki, özəl klinikalarda müayinə və müalicə xərcləri həddindən artıq bahadır. Yəni dövlət tibb müəssisələri ilə müqayisədə özəl klinikalarda qiymətlər az qala 80 faizə qədər bahadır. Sual oluna bilər, niyə əhali ucuz çağırışlara və şirnikləndirici reklama aldanıb özəl klinikalara gedirlər? Niyə özəl klinikalarda uzun növbələr mövcuddur. Birmənalı şəkildə suala cavab vermək olar ki, insanlar icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə qaydaları barədə bir o qədər məlumata malik deyillər. Nəzərə almaq lazımdır ki, Xidmətlər Zərfində tibbi xidmətlər kifayət qədər genişdir və keyfiyyətlidir, həm də həkimlərin xəstələrə münasibəti də yaxşıdır. Sadəcə qeyd etdiyim kimi, əhali icbari tibbi sığorta ilə bağlı lazimi səviyyədə məlumata malik deyillər. Deməli, bu istiqamətdə maarifləndirici tədbirlərə ehtiyac var. Bu kimi maarifləndirici tədbirləri isə TƏBİB-lə yanaşı, bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatları həyata keçirməlidir. Vaxtlarının əsas hissəsini sosial şəbəkələrdə keçirən bloggerlər də əhalinin icbari tibbi sığorta ilə bağlı geniş məlumatlar almalarına yardımçı ola bilərlər. İnsanlar bir daha anlayar ki, özəl klinkalarda həkimlərin ciblərini doldurmaqla nəticəsiz tibbi xidmət əldə etmələrindən, dövlət tibb müəssisələrinə müraciət etməklə pulsuz, həm də keyfiyyətli xidmət qazanmış olarlar. Məlumat üçün xatırladım ki, Xidmətlər Zərfinə görə əhali TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsilə müraciət etməklə ödənişsiz istifadə edə bilərlər.Bu zaman xəstələrə tibb müəssisəsində ixtisaslı həkimlər tərəfindən lazım olan tibbi xidmət göstəriləcək. Əgər dövlət tibb müəssisəsində lazım olan tibbi xidməti göstərmək mümkün olmadıqda özəl tibb müəssisəsinə göndəriş verilir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə