Diaspor işi: “pripiska” yox, ƏMƏLİ İŞ!

Yazdığım bu yazı, qarşıdakı həmrəylik günümüzlə bağlıdır. Elə bil həmrəylik ki, neçə on illiklərdir düşüncəmizdə və arzularımızda həmin HƏMRƏYLİYİ arzulayırıq. Həmrəylik üçün atılması vacib olan, amma hələ də gözə görünməyən əməli işlər barədə yazıram. O işlər ki, dünyanın bu çağında güclü Azərbaycan üçün görülməsi çox-çox vacib olan işlərdir. Həmrəylik, Dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi və bir ürək kimi döyünməsi üçün bu işləri reallaşdırmaq lazımdır. Başdansovdu, formal, “pripiska” üsullu, əlamətdar günlərdə beş-on səfirlik personalını zala yığıb “tədbir keçirmək” əvəzinə REAL İŞ GÖRMƏK!.

Bir faktı özəlliklə qeyd edəcəm: son illərdə xarici ölkələrin ictimai və siyasi dairələrində Azərbaycana qarşı yaranan çox müsbət münasibət ilk növbədə ölkə Prezidentinin dəqiq və düşünülmüş strateji siyasətinin nəticəsidir. Azərbaycan dövlətinin mövqeyi, ölkəmin iqtisadi rıçaqları, ölkə liderinin hədəfi dəqiq vuran strateji siyasət kursu, həm də Azərbaycanın əlində böyük iqtisadi və siyasi “silaha” çevrilən qaz faktoru. Bu sadaladıqlarım artıq bütün dünyada bizim ən önəmli diaspor “silahımıza” çevrilib. Bəs Avropanın beşiyindəki diasporlarımız, təşkilat və birliklərimiz necə, diplomatik və siyasi dildə desək, “güllə gilizi qədər” bu siyasətdə yer alırlarmı?,-bax əsas məsələ budur.
İllərdir Azərbaycan dövləti xaricdə, dünya siyasətinin aparıcı ölkələrində diaspor qurmaq üçün milyonlar deyil, neçə-neçə on milyonlar ayırır, amma ortada xalq və dövlət olaraq bizim gözlədiyimiz İŞ YOXDUR!.
Nədir gözlədiyimiz?,- dünyanın nüfuzlu və aparıcı ölkələrində mövqelərimizi gücləndirmək, həmin ölkələrin cəmiyyətlərində söz sahibi olan insanlarla səmərəli əməkdaşlıq qurmaq, o cəmiyyətlərə Azərbaycan həqiqətlərini çatdırmaq və onların haqq işimizdə mühüm dəstəkçimiz olmalarını təmin etmək, orda yaşayan BÜTÜN AZƏRBAYCANLILARI bir yerə toplamaq, onların əsl həmrəyliyinə nail olmaq!. Bizim gözlədiyimiz bunlardır. Gözlədiyimizi alırıqmı?,- yox, hələ bu gözləntidən uzaqıq. Çevik, dünya siyasətinin aparıcı qüvvələri ilə möhkəm əlaqələr qurub Azərbaycanın maraqları naminə yararlanacağımız diaspor ən böyük xəyalımızdır.
Düzdür, son illər irəliləyiş üçün ümidlər var, amma konkret hədəflərə çatmaq üçün qarışqa zəhməti ilə çalışmaq lazımdır. Biz Avropada çox güclü, çox köklü, gələcək əsrlərdə Azərbaycana dayaq duracaq lobbi yaratmalıyıq əzizlərim. Biz bu işi mütləq görməliyik. Çünki dünya siyasətində yer sahibi olmaq üçün güclü və çevik diaspor işinin böyük önəmi var. Avropanın aparıcı siyasi və beyin mərkəzlərində mükəmməl, köklü və böyük təsir rıçaqlarına sahib olan Azərbaycan diasporunun yaradılması, gələcək yüzillikdə ölkəmiz üçün çox-çox önəmlidir. Bu, diaspora siyasətinin ƏSAS AÇARIDIR. Lobbi siyasəti neçə yüzilliklər boyu dünya siyasəti üçün mühüm faktor olaraq qalacaq, bunu qəti unutmaq olmaz!.

Həm də məsələ beş-on ilin məsələsi deyil, gələcək on illiklərin məsələsidir. Bu mühüm məqsədə Avropa ölkələrində yoldan ötən insanlara restoran vizitkası paylayırmış kimi broşuralar paylamaqla, anım tədbirlərində səfirliklərin texniki və təmizlik əməkdaşlarını zala yığıb saxta görüntü yaratmaqla nail olmaq mümkün deyil cənablar!.

Və sonda bir məsələyə də çox ciddi diqqət etməliyik. Dünya azərbaycanlıları olaraq, xarici ölkələrdə yumruğu bir yerə vurmaq üçün, ilk əvvəl uzun əsrlərdir bizimlə “yol gələn” mənfi ənənələrə son qoymalıyıq. El dilində desək, qabağa gedəni arxadan çəkmək, inkişaf edənə badalaq vurmaq, öz içimizdən səslənən ağıllı bir fikrə novruzəli sayağı lağlağa etmək işinə son qoymalıyıq.
Gəlin unutmayaq: düşmən tətikdədir, bizim hər bir uğurumuzu məhv etmək üçün bütün ərslərdə fürsət axtarıb, elə indi də fürsət axtarır. Gəlin yalandan, saxta “tədbirlər” keçirməklə, “pripiska” üzərində özümüzü aldatmaqla "həmrəy" olmayaq. Gəlin bir-birimizə sarılaq, bir-birimizə arxa duraq, bir-birimizin "ayağından çəkməyək", bir-birimizi ürəkdən sevək, gəlin ÜRƏKDƏN HƏMRƏY OLAQ!

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə