AGRİ regiondakı əməkdaşlıq xəritəsini dəyişəcək - TƏHLİL

Enerji ehtiyatları ilə dünyanın enerji təminatında mühüm rol oynayan Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Bölgədə strateji neft və qaz resurslarının nəqlini nəzərdə tutan marşrutların müəllifinə çevrilən respublikamızın iştirakı ilə keçirilən beynəlxalq tədbirlər də intensivləşib.

Ötən gün Bakıda işinə başlayan Enerji Sammiti də ölkəmizin regionun enerji mərkəzinə çevrilməsinin əyani sübutudur. Bu sammitdə qlobal enerji layihələri ilə bağlı geniş müzakirələrlə yanaşı, bölgə üçün mühüm əhəmiyyət kəsb edən "AGRI" qaz marşrutunun yaradılmasına dair sazişin imzalanması isə bir daha Azərbaycanın regionda strateji tərəfdaş və əsas tədarükçü dövlət olmasını göstərir. Məlum olduğu kimi də, dünən Bakıda AGRİ layihəsi üzrə iştirakçı dövlətlərin və hökumətlərin başçılarının görüşü keçirilib.

Qeyd edək ki, AGRİ layihəsi ilə bağlı 2008-ci ildən başlayaraq Azərbaycan ilə digər tərəfdaşlar arasında müxtəlif səviyyələrdə danışıqlar aparılıb. Aparılmış süzakirələrin nəticəsində Azərbaycan qazının Gürcüstan vasitəsilə Rumıniyaya nəqli barədə razılıq əldə olunub və müvafiq sənədlər imzalanıb. Məlumat üçün bildirək ki, Azərbaycanın çoxvektorlu enerji siyasətinin əsas komponentləri enerji resurslarının Qərb marşrutları ilə nəqlinin artırılmasından ibarətdir. Bakı-Tbilisi-Ərzurum kəməri, Astara-İran qaz xətti, Azərbaycan-Türkiyə-Yunanıstan-İtaliya qaz marşrutu, NABUCCO və digər layihələri bunun sübutudur.

Amma onu da qeyd etmək lazımdır ki, ölkəmiz balaslaşdırılmış iqtisadi siyasət yürüdərkən regiondakı əsas yaxın tərəfdaşları ilə tranzit marşrutlarına da mühüm əhəmiyyət verir və perspektiv layihələrin rentabelliyini nəzərə alaraq həmin kəmərlərə qoşulmağı zəruri sayır. Azərbaycan şimal marşrutu ilə də qazın nəqlini genişləndirmək niyyətindədir.

Rusiya prezidenti Dmitri Medvedevin bu günlərdə ölkəmizə səfəri zamanı "Qazprom"la Dövlət Neft Şirkəti (ARDNŞ) arasında Azərbaycan qazının 2011-ci ildə nəqlinin artırılmasına dair saziş imzalanıb. Eyni zamanda, Azərbaycan "Cənub axını" layihəsini də çoxşəbəkəli enerji marşrutlarının əsas halqalarından biri sayır. Bu və digər faktorlar respublikamızın bütün nəql marşrutları ilə yanacaq nəqlini həyata keçirmək və diversifikasiya siyasətini genişləndirmək niyyətlərini şərtləndirmiş olur.

Hazırda dünya nəql marşrutları sırasında qazın sıxılmış formada ixracı geniş yayılıb və Azərbaycan da bu layihənin rentabelliliyini nəzərə alaraq regionda diversifikasiyanın tam yeni bir formatını yaratmaq niyyətindədir. Azərbaycan, Gürcüstan, və Rumıniya hökumətlərinin birgə layihəsi hesab olunan AGRİ marşrutu da həmin siyasətin əsas tərkib hissəsidir.

Qeyd edək ki, 2010-cu ilin aprel ayında Buxarestdə Azərbaycan, Gürcüstan və Rumıniya arasında sıxılmış qazın Qara Dəniz üzərindən Avropaya ixracının nəqli ilə bağlı müqavilə imzalanıb. Layihə çərçivəsində Gürcüstanda və Rumıniyada təbii qazın sıxılması üçün emal zavodunun tikilməsi nəzərdə tutulur. Yanacaq Cənubi Qafqaz Boru Kəməri vasitəsi ilə Gürcüstana nəql olunacaq və Qara dəniz sahilində yerləşən zavodda emal ediləcək. Eyni zamanda, Gürcüstan və Rumıniyada xüsusi terminallar yaradılacaq. Xatırladaq ki, ARDNŞ Qara dəniz sahillərində artıq Kulevi qaz terminalının inşasına başlayıb.

Qaz zavodda emal olunduqdan sonra tankerlərlə Rumıniyanın Konstansa limanına çatdırılacaq. Amma bu da son olmayacaq və qazın digər region dövlətlərinə çatdırılması üçün addımlar atılacaq. Artıq Bolqarıstan bu layihəyə qoşulmaq niyyətini bəyan edib və bir neçə ay əvvəl Azərbaycanla Bolqarıstan arasında energetika sektorunda əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun əsas detallarından biri sıxılmış qazın Bolqarıstanın Varna limanına çatdırılmasından ibarətdir.

Bununla yanaşı, Macarıstan hökuməti də həmin layihədə təmsil olunmaqla, qaz əldə etmək istəyir. Qeyd edək ki, hazırda dünya yanacaq bazarında sıxılmış qaz nəqli ilə bağlı layihələrə daha çox üstünlük verilir. Misir, Əlcəzair, Rusiya, Norveç, Qətər və digər ölkələr artıq yanacağın bu formada satışını daha məqsədəuyğun sayırlar. Təbii qazın sıxılmış formada satılması iqtisadi baxımdan daha sərfəlidir. Bu cür qazın qiyməti dünya bazarında adi qazın qiymətindən 2 dəfə bahadır. Hazırda sıxılmış qazın min kubmetrinin qiyməti təxminən 450-500 dollar təşkil edir.

Nəzərə alsaq ki, 2013-cü ildə "Şahdəniz" layihəsinin 2-ci fazası çərçivəsində hasil olunacaq qazın həcmi 16 milyard kubmetri ötəcək, onda respublikamızın ixrac gücünün artması müqabilində yanacağın bir neçə kəmərlə nəqli qaçılmaz olacaq. Yəni, il ərzində ən azı 14-15 milyard kubmetr qaz satmaq imkanına malik olan Azərbaycan 3 kəmərlə orta hesabla 5-6 milyard qaz ixrac edə biləcək. Sonrakı mərhələdə, təxminən 2015-2020-ci illərdə yanacağın nəqli 20 milyard kubmetrdən artıq olacaq. Bu isə o deməkdir ki, ölkəmiz digər marşrutlarla da qaz ixrac etməlidir.

Belə bir vəziyyətdə, 4-cü nəql marşrutundan istifadə etmək zərurəti ortaya çıxır. Bu isə böyük strateji əhəmiyyətə malik AGRİ marşrutu ola bilər. Bir sözlə, respublikamız AGRİ layihəsini həyata keçirməklə həm regionda nüfuzunu möhkəmləndirir, həm də yanacaq resurslarının satışında iqtisadi baxımdan mühüm üstünlük qazanmış olur.

Ümumiyyətlə, bu layihədə iştirak edən dövlətlər enerji təhlükəsizliyi sahəsindəki əməkdaşlığından böyük fayda götürəcəklər. Dünənki, görüşdə də Prezident İlham Əliyev bir daha AGRİ layihəsinin əhəmiyyətindən danışaraq deyib ki, AGRİ yeni bir layihədir və onun çox yaxşı potensialı var...

Bütün xəbərlər Facebook səhifəmizdə