Beynəlxalq hüquq yalnız beynəlxalq qanunlar külliyatında mövcuddur

ATƏT-in Minsk qrupunda amerikalı həmsədr Ceyms Uorlikin öz "twitter" səhifəsində yazdığı qeydlər formaca qısa olsa da, doğurduğu ictimai-siyasi rezonans baxımından geniş "məzmunlu" hesab oluna bilər. Xüsusilə də onun həllində vasitəçilik etdiyi problemi "Dağlıq Qarabağ-Azərbaycan münaqişəsi" kimi qiymətləndirməsinin iki izahı ola bilər. Ya həmsədr qeyri-peşəkardır, ya da ermənipərəst mövqedədir. Birinci hal təəccüb, ikinci hal isə təəssüf doğurur. Hər iki halda münaqişənin tənzimlənməsi prosesində etimadsızlıq mühitinin formalaşması labüdləşir. Nəticədə dalana dirənmiş danışıqlar prosesi növbəti zərbəni alır. Bu reallıqlar kontekstində münaqişənin tənzimlənməsi prosesinin məzmunu yalnız kəmiyyət kateqoriyası ilə qiymətləndirilə bilər. Əslində elə bu da baş verməkdədir. Martın 25-də Haaqada Ermənistan və Azərbaycan prezidentlərinin qısamüddətli görüşünü təşkil edən həmsədrlər faktın özündən məmnundurlar. Onları məzmun yox, forma maraqlandırır. Sevinirlər ki, 47-ci dəfə prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail ola biliblər. Təkcə sevinmirlər, həm də öyünürlər ki, Minsk qrupunun varlığı müharibənin yoxluğu deməkdir. Və ya əksinə. Müharibənin başlanması Minsk qrupunun sonu deməkdir. Deməli, Minsk qrupu ilk növbədə təbii özünühifz instinktindən çıxış edərək müharibəyə "Yox" deyir. Bu məntiqlə onun missiyasının münaqişənin həlli yox, onun müharibəyə çevrilməsinə imkan verməmək olduğu qənaətinə gəlmək mümkündür. Elə bu missiyadan çıxış edərək həmsədrlər aprelin 4-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada görüş keçirəcəklər. Bu görüşdə münaqişənin həlli yolunda hər hansı irəliləyişə nail olacağına inanmaq üçün ciddi əsas yoxdur. Niyə belə düşünürük?

Birincisi, Rusiya və ABŞ arasında Rusiya-Ukrayna böhranı ilə bağlı son dərəcə kəskin etimadsızlıq mühiti formalaşmışdır. Tərəflər sanki "soyuq müharibə" dövrünü nastalji hisslərlə xatırlayırlar. Hər iki dövlətin ATƏT-in Minsk Qrupunun həmsədrləri olduğunu nəzərə alsaq, bu reallığın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir göstərəcəyini proqnozlaşdırmaq mümkündür.

İkincisi, Ermənistan dövləti hər vəchlə qondarma "Dağlıq Qarabağ Respublikası"nın münaqişənin həlli ilə bağlı danışıqlar prosesində bərabər hüquqlu tərəf kimi iştirakında israrlıdır. Bədnam "respublika"nın qondarma "parlamenti"nin "spiker"i Aşot Qulyanın rəhbərliyi altında separatçılardan ibarət nümüyəndə heyəti Berlində aprel ayının 1-dən başlanan səfərləri çərçivəsində Avropa Akademiyasında təşkil etdikləri "Cənubi Qafqazın inkişafında Dağlıq Qarabağın rolu və əhəmiyyəti" adlı tədbirdə növbəti dəfə bu məqsədlərini səsləndirmişlər. Aşot Qulyan bəyan etmişdir ki, regionda uzunmüddətli sülhün əldə edilməsinin ən qısa yolu Azərbaycanla qonşu Qarabağ Respublikasının yaranmasından keçir. Bax bu reallıqlar fonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.

Üçüncüsü, Ermənsistan dövləti, dünyadakı erməni lobbisi və diasporu qondarma "Dağlıq Qarabağ Respublikası"nın beynəlxalq birlik tərəfindən tanınmasına nail olmaq istəyirlər. Bunu Sakit okeanın cırtdan Nauru, Tuvalu, Pitkern, Niue, Kuka, Tokelau və s. cirtdan dövlətləri hesabına həyata keçirməyə daha çox ümid bəslədiklərini gizlətmirlər. Burada xalqımızın "taylı tayın tapar" misalı yada düşür.

Bədxah qonşularımız ikinci və üçüncü bəndlərdə göstərdiyimiz "nəticə"lərlə 2015-ci ildə təmtəraqla keçirməyə hazırlaşdıqları qondarma "erməni soyqırımı"nın "100 illiyi"nə qatılmağı planlaşdırırlar. Bu plana uyğun olaraq onlar heç bir konstruktiv mövqe nümayiş etdirməməyi qarşılarına məqsəd qoyublar. Paralel olaraq isə dünya birliyinin "gözünə kül üfürmək" taktikasına sadiqlik nümayş etdirilir. Yəni danışıqlardan imtina edilmir, ancaq öncədən də bilirlər ki, münaqişənin həlli ilə bağlı hər hansı razılaşma qəbuledilməzdir. Bu siyasətin nəticəsi status-kvonun saxlanılması mənafeyinə xidmət göstərir. Bu mənafe isə Azərbaycanın dövlətçilik maraqlarına daban-dabana ziddir. Bu, təkzibolunmaz reallıqdır. Digər reallıq isə ondan ibarətdir ki, beynəlxalq hüquq bu halda aciz görünür. Hüququn gücü yox, gücün hüququ işləyir. Dahi Albert Eynşteyn təxminən 70 il öncə bu fikirləri söyləyərkən necə də haqlı imiş:" Beynəlxalq hüquq yalnız beynəlxalq qanunlar külliyatında mövcuddur."

Elman Nəsirov, siyasi elmlər doktoru, professor

Bütün xəbərlər Facebook səhifəmizdə