Güzgüyə tez-tez baxmaq özünəinamla bağlıdır, yoxsa psixoloji vərdişdir? - PSİXOLOQ DANIŞDI

"İnsanlar çox zaman düşünürlər ki, güzgüyə tez-tez baxmaq özünə heyranlıq və ya yüksək özünəinam göstəricisidir. Yəni insan özünü nə qədər çox sevirsə, güzgüyə bir o qədər çox baxır. Amma əslində bu davranışın arxasında daha mürəkkəb psixoloji mexanizmlər dayanır".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.

Onun sözlərinə görə, psixologiyada güzgü ilə işləmək xüsusi bir texnika kimi istifadə olunur: "Terapiya prosesində insana güzgüyə baxmaq, hətta gözlərinin içinə baxmaq tapşırığı verilir. Bunun məqsədi insanı “üzləşmə mərhələsinə” gətirməkdir. Bu mərhələdə insan həm özünəinamını formalaşdırır, həm də daxili narahatlıqlarını üzə çıxarır.

Lakin gündəlik həyatda güzgüyə tez-tez baxmaq hər zaman sağlam özünəinamın göstəricisi deyil. Bu, çox vaxt “özünü izləmə instinkti” ilə bağlı olur. Xüsusilə sosial şəbəkələrin təsiri ilə insanlar daim başqalarının fikrini, təsdiqini və bəyənisini axtarırlar. Artıq insan üçün təkcə güzgüdə özünü görmək kifayət etmir, o, başqalarının da onu “gözəl”, “uyğun” və “ideal” hesab etməsini istəyir.

Bu səbəbdən bəzi insanlar tez-tez güzgüyə baxır, mağaza vitrinlərində və şüşələrdə özünü yoxlayır, görünüşünü davamlı nəzarətdə saxlayır. Bu davranışı bir növ “daxili müşahidə kamerası” kimi də izah etmək olar. İnsan sanki hər an izlənildiyini düşünür və buna görə də daim mükəmməl görünməyə çalışır. Amma burada vacib bir məqam var: mükəmməl görünmək həmişə özün olmaq demək deyil.

Digər tərəfdən, güzgüyə həddindən artıq baxmaq insanı daha çox özünü analiz etməyə aparır. Bu analiz isə çox vaxt sağlam olmur. İnsan bədəninin müxtəlif hissələrində qüsur axtarmağa başlayır, sosial mediada gördüyü ideal obrazlarla özünü müqayisə edir və nəticədə bədən qavrayışı pozula bilər.

Məsələn, əvvəl diqqət etmədiyi bir xüsusiyyət - burun forması, saç və ya bədən quruluşu - birdən-birə problem kimi qəbul olunur. Bu isə əsassız narahatlıqların və komplekslərin yaranmasına səbəb olur.

Güzgüyə baxmaq özü-özlüyündə problem deyil, lakin bu davranışın tezliyi və arxasında duran səbəblər daha vacibdir. Əgər bu, özünü tanımaq və qəbul etmək üçündürsə, faydalıdır. Əgər bu, davamlı narahatlıq, müqayisə və təsdiq axtarışı ilə bağlıdırsa, artıq psixoloji yükə çevrilə bilər. Güzgüyə baxmaq insan davranışında həm özünəinamın göstəricisi, həm də psixoloji vərdiş və ya narahatlıq əlaməti ola bilər. Burada əsas məsələ insanın güzgüyə baxdıqdan sonra nə hiss etməsidir.

Əgər insan güzgüyə baxıb özünü yoxlayır, görünüşündən razı qalır və rahat şəkildə yoluna davam edirsə, bu, tamamilə normal və sağlam bir vərdişdir. Bu, özünəinamın göstəricisidir. Yəni insan “mən yaxşı görünürəm” deyib qərar verə bilir.

Amma əgər insan güzgüyə bir dəfə baxdıqdan sonra yenidən qayıdıb baxır, özündə qüsur axtarmağa başlayırsa, artıq bu davranış psixoloji vərdişə çevrilir. Bu zaman düşüncə dəyişir: “mən yaxşı görünürəm” deyil, “görəsən yaxşı görünürəm?” sualı yaranır. Bu isə insanın daxilində narahatlıq yaradır.

Bəzi hallarda güzgüyə tez-tez baxmaq narsistik meyllərlə də əlaqəli ola bilər. Belə insanlar öz görünüşlərindən zövq alır, güzgüdə özlərini izləməklə ego məmnunluğu yaşayırlar. Güzgü onlar üçün bir növ özlərini təsdiqləmə vasitəsinə çevrilir.

Digər tərəfdən, bu davranış daha ciddi psixoloji vəziyyətə də keçə bilər. Əgər insan gün ərzində dəfələrlə güzgüyə baxır, hər dəfə özündə yeni qüsurlar tapır və bu düşüncələr onu narahat edirsə, bu artıq obsesiv düşüncələrin və narahatlıq pozuntusunun əlaməti ola bilər.

Güzgüyə baxmağın özü problem deyil. Əsas olan odur ki, insan güzgüyə baxdıqdan sonra özünü necə hiss edir. Əgər bu baxış rahatlıq və məmnunluq yaradırsa, bu normaldır. Əgər narahatlıq, şübhə və özündən narazılıq yaradırsa, bu artıq diqqət yetirilməli bir siqnaldır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə