Arif Hacılı AXCP-dən dəstək istədi TƏHLİL

Cəbhəçilər onun “jestinə” susqunluqla cavab verdilər

Müsavat Partiyasında qurultay ərəfəsi başqanlıq uğrunda mübarizə qızışmaqdadır. Artıq bu statusa iddialılar dəstək axtarışı fonunda ən müxtəlif üsullara əl atmaqla, bir addım olsa belə, irəli çıxmağa cəhd edirlər. Buna misal kimi, bugünlərdə partiyanın Mərkəzi Aparat rəhbərinin AXCP-yə "dəstək" timsalındakı müraciətini göstərmək olar. Belə ki, Hacılı öz "facebook" səhifəsində AXCP-nin qərargahının "partladılmasını" əsas götürərək, daha dəqiq desək, partyadaxili opponentlərindən cəld davranaraq cəbhəçilərə "jest" edib. Guya AXCP-nin qərargahının sökülməsindən "təəssüf" hissi keçirdiyini yazan Hacılı bildirib ki, bu, hakimiyyətin marağında (?-R.N.) olan məsələdir və s.

Müsavat başqanlığına namizəd bütün bunlarla yanaşı, müxtəlif qanun pozuntularına görə həbs edilmiş AXCP üzvlərini də unutmayıb. Onların həbs edilmələrini "pislədiyini" yazan Arif Hacılı eyni zamanda bunun həm də Müsavat Partiyasının "dərdi" olduğunu qeyd edib. Belə ki, "Müsavat partiyasına, onun rəhbərliyinə, şəxsən mənə qarşı tutduqları mövqedən asılı olmayaraq AXCP-ni bu çətin günlərində tək qoymamalıyıq qənaətindəyəm"-deyə yazan Hacılı bu istiqamətdə AXCP-dən nə umduğunu açıq-aşkar gizlətməyib. Məsələn, partiya rəsmisi başqanlıq yolunda AXCP-nin mətbuatından, düşmən partiyanın digər instansiyalarından, hətta funksionerlərindən öz xeyrinə yararlanmağı planlaşdırıb. Çünki "Yeni Müsavat" qəzetinin digər başqanlığa namizəd Qubad İbadoğluya simpatiyası daha artıqdır. Bu baxımdan, Müsavat Partiyasına yaxınlığı ilə seçilən "Yeni Müsavat" qəzetinin onu deyil, məhz İbadoğlunu daha çox təbliğ edəcəyini düşünmək olar.

Arif Hacılı isə bu amili bilərək, məhz AXCP-dən pənah ummağa başlayıb. Hansı ki, Arif Hacılı ilə AXCP-nin, Əli Kərimlinin münasibətləri zaman-zaman kəskin gərginliyi ilə fərqlənib. AXCP təmsilçiləri Arif Hacılının yeni Müsavat başqanı olmasını istəmədiklərini istər rəsmi, istərsə də qeyri-rəsmi qaydada dəfələrlə bildiriblər. Arif Hacılının Müsavat Partiyasının qurultayı ərəfəsində AXCP-ni müdafiə edən açıqlama verməsi, məqsədli şəkildə "münasibətlərin yumşaldılması" kimi olmaqla yanaşı, həm də dəstək diləməsi kimi anlaşılır. Ancaq Əli Kərimlinin, bütövlükdə isə AXCP-nin onun bu kimi "jestinə" hansı münasibət göstərəcəyini indidən proqnozlaşdırmaq mümkündür. Çünki cəbhəçilərin Arif Hacılını başqan görmək arzuları və istəkləri yoxdur. Bu amili AXCP-nin onun "jestinə" susqunluq göstərmələri ilə də izah etmək olar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə