Azərbaycanı hansı təhlükə gözləyir?

Dünya ərzaq böhranından çıxış yolu axtarır

İndi də dünyanı ərzaq böhranı qorxusu bürüyüb. ABŞ-da yaşanan son 50 ilin ən quraq mövsümü əkinçilik məhsullarına böyük ziyan vurub. Taxılın qiyməti rekord həddə çatıb. ABŞ-dakı quraqlıqla yanaşı, dünyanın ərzaq bazarında mühüm yer tutan digər ölkələrdəki çətinliklər də qiymət artımının əsas səbəbi kimi dəyərləndirilir. Bura Braziliyadakı vaxtsız güclü yağışlar və Rusiyadakı istehsal çətinlikləri aiddir. Nəticədə iyul ayında ərzaq ümumilikdə 6% bahalaşıb. Taxılın qiyməti 17%, şəkərin qiyməti 12% yüksələrək növbəti maksimumlara çatıb. Qarğıdalının qiyməti isə 30%-dən çox artıb. G-20 ölkələri qida qiymətlərindəki yüksəlişin qarşısını almaq məqsədilə birgə çıxış yolu aramaq üçün təcili yığıncaq keçirməyi planlaşdırır.

G-20 ölkələri çıxış yolu axtarır

Quraqlıq və azalan istehsal səbəbilə getdikcə artan ərzaq qiymətləri G-20 ölkələrini təcili tədbirlər görməyə vadar edir. Belə ki, quruma üzv ölkələr təcili toplanmaq qərarı alıb. "Financial Times" qəzetinin görüşlə bağlı məlumatı olan mənbələrə istinadən verdiyi xəbərə görə, G-20 rəsmiləri avqustun 27-də telekonfrans təşkil edərək sentyabrın sonu və ya oktyabr ayının əvvəlində keçiriləcək yığıncağın təfərrüatlarını müzakirə edəcəklər. ABŞ Kənd Təsərrüfatı Nazirliyi cümə günü ölkədə yaşanan quraqlıqla bağlı Amerikanın qarğıdalı və soya paxlası istehsalının gözləniləndən də aşağı olduğunu açıqlayıb. Qarğıdalı və soyanın qiymətləri ölkə tarixində ən yüksək səviyyəsinə çatıb.

Təhlükə çox böyükdür

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən hazırlanan qlobal ərzaq qiymətləri indeksi isə son üç aydakı enişdən sonra iyulda yenidən yüksəlib. Ötən həftə açıqlanan məlumata görə, indeks iyul ayında iyunla müqayisədə 12 ballıq artımla 213 bala yüksəlib. FAO-ya görə indeksdəki yüksəliş, sürətlə artan qiymətlər dünyanın 30 ölkəsində ərzaq üsyanlarının baş verdiyi 2007-2008-ci illər ərzaq böhranına bənzər bir böhranın təkrarlanması təhlükəsini yaradıb.

Qarğıdalı qiyməti rekord vurub

Tarlaları yandırıb qovuran quraqlığın yalnız bir ayda qarğıdalı tarlalarının altıda birini məhv etməsi qiymətləri fantastik həddə çatdırıb. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, qarğıdalının 1 kiloqramı Amerika tarixində ilk dəfə 9 dollar olub. Analitiklər qiymətin daha da artacağını proqnozlaşdırırlar. Bu isə digər qarğıdalı ixracatçılarının tələbatını artırıb. Belə ki, ildə 5 milyon ton qarğıdalı ixrac edən Çində bu il bu rəqəmin 8 milyon tona çatdırılacağı bildirilir. Yaponiya isə bu ilə planlaşdırdığı 15,5 milyon ton qarğıdalının miqdarını 16 milyon tona çatdıracaq.

ABŞ-da lobyanın qiyməti ilə bağlı vəziyyət də ürəkaçan deyil. Lobyanın qiyməti dünya tarixində rekord həddə - 17 dollar 11 sentə çatıb. Buğdanın qiyməti isə 50 faizdən çox artıb.

Belə ki, ABŞ və quraqlıq dünya ölkələrində də qida məhsullarının qiymətini rekord həddədək artır, bu da ərzaq böhranı nın bütün dünyaya təsir etməsinə səbəb olur.

Daxili istehsal hesabına tələbat tam təmin oluna bilər

Bəs bütün bu baş verənlərin Azərbaycana təsiri olacaqmı? Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, dünyadakı ərzaq məhsullarının bahalaşmasının əksinə, ölkəmizdə cari ilin iyulunda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,2 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 1,7 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri 1,8 faiz ucuzlaşıb.

Onun sözlərinə görə, bu ilin iyul ayına olan məlumata görə, 1 milyon hektar ərazidə əkilmiş payızlıq dənli və dənli paxlalı bitkilərinin 1,7 milyon tonunu buğda təşkil edir. 900 min hektardan artıq ərazi artıq biçilib: "Buradan 2,5 milyon ton taxıl toplanıb. Rəsmi statistikaya görə, respublika əhalisinin buğdaya olan tələbatı 1,6 milyon ton təşkil edir. Proqnozlara görə isə ilin sonuna qədər 2,8 milyon ton taxılın istehsal olunacağı gözlənilir. Bunun da 1,8-1,9 milyon tonunu ərzaq buğdası təşkil edəcək. Ümumiyyətlə isə daxili istehsal hesabına respublika əhalisinin ərzaq buğdasına olan tələbatının 80-85 faizi ödənəcək. Qalan 15 faizi isə idxal hesabına tamamlanacaq".

Dünyadakı ərzaq böhranının Azərbaycana təsiri məsələsinə gəlincə, nazirlik rəsmisi bildirib ki, ölkəmizə taxıl Qazaxıstan, Rusiya və Ukraynadan idxal olunacaq: "Dövlətin ərzaq təhlükəsizliyinə dair proqramına görə, 2015-ci ilə kimi ərzaq buğdasına olan tələbat daxili istehsal hesabına tam ödənəcək. Ötən illə müqayisədə buğda istehsalı 1,6 sentner artıb. Hazırda məhsuldarlıq 26,6 sentner təşkil edir. Bu göstərici qənaətbəxş deyil. Mütəxəssislərin fikrincə, taxıl intensiv yolla inkişaf etdirilməlidir. Burada tək əkin sahəsinin genişləndirilməsinin deyil, məhsuldarlığın artırılmasının da zəruri olduğu deyilir".

Murtuzəli Hacıyevin sözlərinə görə, bu gün Azərbaycanın iqlim şəraiti hektardan 5-6 ton məhsul əldə olunmasına imkan verir. Orta məhsuldarlıq 30-35 sentner təşkil edərsə, daxili istehsal hesabına əhalinin ərzaq buğdasına olan tələbatı tam təmin oluna bilər.

Qiymətlər ucuzlaşıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 4,1 faiz, kartofun 1,6 faiz, xiyarın 4,3 faiz, pomidorun 2,3 faiz, badımcanın 24,3 faiz, bibərin 41,6 faiz, yaşıl lobyanın istehsalçı qiymətləri 3,1 faiz və s. ucuzlaşıb. Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 9,1 faiz, əriyin 1,3 faiz, alçanın 2,6 faiz, gavalı və göyəmin 0,8 faiz, fındığın istehsalçı qiymətləri 2,6 faiz və s. ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1 faiz, inək südünün 0,1 faiz, camışın 1,4 faiz, donuz ətinin (diri çəkidə) 0,1 faiz və s. ucuzlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə