"DÇ-2018": Danimarka - Avstraliya matçında bərabərlik

İyunun 21-də futbol üzrə XXI dünya çempionatının növbəti günü “C” qrupunda yer alan Danimarka və Avstraliya yığma komandalarının qarşılaşması ilə başlayıb. SİA xəbər verir ki, “Samara Arena” stadionunda keçirilən oyunda hesabı danimarkalılar açıb. Pion Sistonun ötürməsindən sonra cərimə meydançasının yaxınlığından Kristian Eriksen rəqib qapısına dəqiq zərbə endirib – 1:0. Qoldan sonra irəli atılan avstraliyalılar birinci hissənin bitməsinə yeddi dəqiqə qalmış hesabı bərabərləşdirməyə nail olublar. Danimarkalıların müdafiəçilərinin cərimə meydançasında avstraliyalı Əziz Bexiç qarşısını alması ilə əlaqədar yaranan mübahisəli epizod VAR sistemi sayəsində qaydalardan kənar müdaxilə kimi qiymətləndirilib. Nəticədə referi Danimarka yığmasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Komandanın kapitanı Mile Yedinak zərbəni dəqiq yerinə yetirərək hesaba tarazlıq gətirib. Komandalar fasiləyə 1:1 hesabı ilə yolanıblar.
Fasilədən sonra daha üstün oyun nümayiş etdirən Avstraliya millisi danimarkalıların qapı qarşısında təhlükəli vəziyyətlər yaradıb. Komandanın əsas qol silahı olan Aren Muy oyunun 71-ci dəqiqəsində uzaq məsafədən vurduğu top qapı tirinə dəyib. İkinci hissədə daha çox diaqonal ötürmələrə üstünlük verən avstraliyalıların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Bu oyundan sonra xal sayını dördə çatdıran Danimarka millisi birinci yerə yüksəlib, Avstraliya yığması isə bir xalla üçüncü yerdədir. “C” qrupu çərçivəsində növbəti oyun qrupun favoriti sayılan Fransa yığması ilə Peru millisi arasında “Yekaterinburq Arena”da keçiriləcək. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq bu matç İctimai Televiziya və İdman Azərbaycan telekanallarında canlı yayımlanacaq.
Qrup mərhələsinin üçüncü turunda Peru ilə Avstraliya və Fransa ilə Danimarka qarşılaşacaqlar.
Qeyd edək ki, Avstraliya və Danimarka komandaları dünya futbol tarixində ilk dəfə üz-üzə gəliblər. Avstraliya yığması bundan əvvəl dörd dəfə - 1974-cü, 2006-cı, 2010-cu və 2014-cü illərdə mundialda çıxış etmək hüququ qazanıb. Onun ən yaxşı göstəricisi 2006-cı ildə Almaniyadakı dünya çempionatına təsadüf edib. Avstraliyalılar həmin vaxt qrup ikincisi kimi səkkizdəbir finala yüksəlsələr də, İtaliya millisi onların yolunu kəsib (0:1).
Danimarka millisi üçün isə Rusiyada keçirilən dünya çempionatı beşinci mundialdır. Komandanın dünya çempionatlarında ən yüksək göstəricisi “Fransa 1998” mundialında dörddəbir final mərhələsinə yüksəlməsi olub.
Xatırladaq ki, dünya çempionatının səkkizinci gününün sonuncu oyunu saat 22:00-da başlayacaq. Mundialın ən maraqlı qarşılaşmalarından biri olan Argentina-Xorvatiya matçı İdman Azərbaycan kanalında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə