Azərbaycan multikulturalizmi modeli elmi müstəvidə öyrənilir

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq" təşəbbüsünün real həllini tapması məqsədilə BBMM-in apardığı ardıcıl və məqsədyönlü iş öz yüksək nəticəsini verir. Xaricdə "Azərbaycan multikulturalizmi" fənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməklə bərabər, öz təsir dairəsi və gücünü də artırmaqdadır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda bu layihə çərçivəsində dünyanın 21 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni magistratura pilləsində tədris olunur.

2020-2021-ci dərs ilindən etibarən "Azərbaycan multikulturalizmi"nin tədris olunduğu xarici universitetlər sırasına Cənubi Koreyanın Hankuk Universitetinin də (Hankuk University of Foreign Studies) adı əlavə olunacaq. Beləliklə də, Multikulturalizm Mərkəzi 22-ci xarici ölkə universitetində "Azərbaycan multikulturalizmi" fənninin tədrisini həyata keçirəcək. Artıq universitet rəhbərliyinin təklifi müsbət dəyərləndirilib və BBMM ilə Hankuk Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. BBMM bu günədək dünyanın bir çox ölkələrinin nüfuzlu ali məktəblərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisini həyata keçirsə də, Hankuk Universiteti Koreyada bu istiqamətdə ilk ali tədris ocağı olacaq.

Qeyd edək ki, Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə xarici ölkə universitetləri arasında əldə edilən razılaşma əsasında keçirilir. Dərslər üçün qeydiyyatdan keçən tələbələr arasında gələcəkdə ölkəmizdə təhsil almaq, iş qurmaq, həmçinin, öz universitetlərində Azərbaycanla bağlı fənn tədris etmək istəyən və bu məqsədlə mədəniyyətimiz, tariximiz və ədəbiyyatımız, habelə, multikultural vəziyyətlə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr həm də Azərbaycanda BBMM tərəfindən təşkil edilən Beynəlxalq Yay və Qış Multikulturalizm məktəblərində iştirak etmək üçün şans qazanırlar. Bu da, öz növbəsində, tələbələrə stimul verən amillərdən biridir.

Azərbaycan multikulturalizmi modelinin elmi müstəvidə öyrənilməsi və araşdırılması uğurla davam etdirilir və gələcəkdə bu tədris layihəsinə yeni-yeni xarici ölkə unversitetlərinin qoşulması mümkün olacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...