Kampaniyanın yeni ünvanı Saray qəsəbəsi olacaq

Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyasının növbəti ünvanı Abşeron rayonunun Saray qəsəbəsi olacaq. Belə ki, sakinlər 23-27 iyul tarixlərində saat 09:00-dan 17:00-a qədər qəsəbənin V.Axundov küçəsi, 28 ünvanında fəaliyyət göstərən komitənin mobil ofislərinə yaxınlaşa bilərlər.

Komitədən SİA-ya verilən məlumata görə, vətəndaşlar tərəfindən müsbət qarşılanan kampaniyanın üstünlüyü onun effektiv təsir imkanlarını artırır. Belə ki, digər sosial layihələrdən fərqli olaraq bu kampaniya çərçivəsində ərazi sakinlərinin səyyar qaydada bütün növ daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən yararlanmaq imkanı var. Başqa sözlə Abşeron rayonunun Saray qəsəbəsinin əhalisi qeyd edilən tarixdə və vaxtda göstərilən ünvanlarda fəaliyyət göstərən mobil ofislərə müraciət edə bilərlər.

“Vətəndaş xidmətin məkanında deyil, xidmətin vətəndaşın yanında” hədəfinə uyğun olaraq keçirilən kampaniya vasitəsilə vətəndaşlar daşınmaz əmlaka dair qeydiyyat xidmətlərindən rahatlıqla faydalana bilirlər. Qeydiyyat xidmətlərində əlçatanlığın, şəffaflığın təmin olunması, sənədləşmənin əhalinin geniş kütləsini əhatə etməsi bu sosial layihənin əsas amalıdır.

Kampaniya zamanı sakinlər fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakları ilə bağlı sənədlərini təqdim edə bilərlər. Mobil ofislər vasitəsilə isə əmlaklar daha sadə və innovativ üsullarla rəsmi qeydiyyata alınır. Bu kampaniyalar məmur-vətəndaş ünsiyyətini, digər kənar əlaqələrin aradan qaldırılmasına imkan verir. Beləliklə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial layihə əhalinin geniş təbəqəsini sənədləşmə prosesinə cəlb etməklə operativ xidmət, üstün keyfiyyət prinsiplərinə əməl edir.

Bu kampaniya ardıcıl olaraq respublikanın bütün ərazilərini əhatə edəcək. Öncədən elan edilən məkanda fəaliyyət göstərəcək mobil ofislər vətəndaşların xidmətində olacaq. Sakinlər ərazi idarələrinə getmədən bu mobil ofislərə müraciət etməklə səyyar şəkildə qeydiyyat xidmətlərindən yararlana biləcəklər. Bununla bağlı vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələri ilə məlumatlandırılacaqlar.

Qeyd edilməlidir ki, ilk belə kampaniya Abşeron rayonunun Ceyranbatan qəsəbəsində reallaşıb. Bu zaman 100-ə yaxın müraciət olunub və 70-ə yaxın sənəd qəbul edilib. Sənədlər əsasən fərdi yaşayış evlərinə, həyətyanı torpaq sahələrinə aid olub. Əmlakını qeydiyyata alan sakinlərdə dövlət rüsumu və xidmət haqqı barədə sual yaranmır. Onlar komitənin rəsmi internet saytına (emdk.gov.az) daxil olaraq “Əmlakın qeydiyyatı kalkulyatorundan” ödəniləcək məbləği əvvəlcədən öyrənə bilərlər. Bundan başqa vətəndaşlar mövcud çıxarışlarını elektron şəkildə də əldə etmək imkanına malikdir.

Kampaniya çərçivəsində sakinlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı lazımi məlumatları özündə əks etdirən informasiya bukletləri və bildirişlər paylanılıb.

Qeyd edilməlidir ki, qeydiyyatla bağlı sənədləri mobil ofislərlə yanaşı, ərazi idarələrinə də təqdim etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...