Havaların isti keçməsi çaylara təsirsiz ötüşmədi

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara çaylarında 30-40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 407 m3/s olmaqla ongünlük normanın 59 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 505 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 97 m3/s olmaqla, ongünlük normanın 49 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 171 m3/s təşkil edərək ongünlük normanın 86 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 21 sm artım, Şirvanda 2, Salyanda 4 sm azalma qeydə alınıb, lakin Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 310 sm (2017-ci il mayın 25-də 388 sm), Şirvanda 121 sm (2017-ci il mayın 25-də 255 sm), Salyanda 37 sm (2017-ci il mayın 25-də 182 sm), Bankədə 167 sm (2017-ci il mayın 25-də 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 16 sm (2017-ci il mayın 25-də 92 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...