"Brüssel Forumu Azərbaycanın xeyirxah missiyasını təsdiq edib"

Bu günlərdə Brüsseldə keçirilən “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forum, hesab edirəm ki, Azərbaycanın xeyirxah missiyasını və onun bu şər qüvvəyə qarşı mübarizədə dünya birliyinə kömək etməyə hazır olduğunu növbəti dəfə təsdiq edib. Bu sözləri Finlandiyadakı Azərbaycan diasporunun başçısı, Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin başçısı Təranə Nəzərova AZƏRTAC-ın müxbiri ilə söhbətində söyləyib.

T.Nəzərova qeyd edib ki, Azərbaycan əzəli torpaqlarımızda kök salmış təcavüzkar erməni separatizminin 20 ildən çoxdur qurbanıdır. Bu fikri forumun bütün gedişi zamanı Avropa ölkələrinin parlament nümayəndələri, görkəmli siyasətçilər səsləndiriblər. Brüssel Konfransına T.Nəzərova ilə birlikdə Finlandiya parlamentinin deputatları Tom Paçkalen və Antero Eyerola da dəvət olunublar.

Forumun çox yüksək səviyyədə təşkil edildiyini vurğulayan T.Nəzərovanın sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışı birmənalı şəkildə bu irimiqyaslı tədbirin mühüm məqamı olub. Ölkəmizin üzləşdiyi etnik separatizm barədə həqiqətləri Avropa birliyinin görkəmli nümayəndələrinə çatdıran Ə.Həsənov aparıcı beynəlxalq təşkilatlara müraciət edərək, onları etnik separatizmin aradan qaldırılmasını nəzərdə tutan hüquq normalarına dünyanın bütün dövlətləri tərəfindən riayət olunması məsələsinə daha həssas yanaşmağa çağırıb.

Konfrans başa çatandan sonra finlandiyalı deputatlar foruma dəvət olunduqlarına görə təşəkkür ediblər. Onlar təşkilatçılığın yüksək səviyyədə olduğunu qeyd edərək vurğulayıblar ki, separatizmlə üzləşən ölkələrin reallıqlarını çatdıran və optimal qərarların axtarışına kömək edən belə qlobal tədbirləri tez-tez keçirmək lazımdır.

T.Nəzərova deyib: “Tədbir çərçivəsində deputatların çoxu ilə, keçmiş baş nazirlər və prezidentlərlə söhbət etdim. Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun Azərbaycan xalqı haqqında xoş sözləri xüsusilə yaddaqalan oldu. V.Yuşşenko dahi şəxsiyyət saydığı Ulu Öndər Heydər Əliyevlə görüşü barədə xatirələrini bölüşdü. Sabiq prezidentin fikrincə, Azərbaycanın bəxti gətirib ki, İlham Əliyev kimi lideri var. Onun müdrik rəhbərliyi ilə bu gün Azərbaycan inamla irəliləyir, dünyanın siyasi arenasında onun çəkisi ildən-ilə artır”.

Bütün xəbərlər Facebook səhifəmizdə