Sürücülük vəsiqəsini dəyişən əcnəbilərdən daha çox sənəd tələb olunacaq DƏYİŞİKLİK

Azərbaycanda əcnəbilərin sürücülük vəsiqəsini dəyişdirən zaman tələb edilən sənədlərin sayı artırılıb. SİA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin Kollegiyası bununla bağlı “Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ində dəyişkilik edib.

Dəyişikliyə əsasən Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə, həmin icazənin notarial qaydada təsdiq edilmiş surətinin skan edilmiş surəti də tələb olunacaq.

Qeyd edək ki, indiyə qədər sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün istifadəçi tərəfindən ərizəyə Azərbaycan ərazisində əcnəbinin daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin və ya Azərbaycan hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi, Azərbaycanda müvəqqəti olan, habelə müvəqqəti olma müddəti uzadılan əcnəbilər üçün onların pasportu və ya şəxsiyyəti təsdiq edən digər sərhədkeçmə sənədinin skan edilmiş surəti, sürücülük vəsiqəsinin nömrəsi və verilmə tarixi və sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə bank və ya poçt qəbzinin əslinin, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarışın, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədinin skan edilmiş surətinin əlavə edilməsi tələb olunub.

Müəllif: Nailə Məhərrəmova
loading...