Paşinyan Amulsarın istismarına bəhanə axtarır

“Amulsarın istismarının ekoloji fəlakət olub-olmadığı barədə de-yure və de-fakto məlumat almalıyam”. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Nikol Paşinyan deyib.

Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Los-Ancelesdə keçirdiyi mətbuat konfransında Amerika ermənilərinə iqtisadi inkişaf, iqtisadi hüquqların və imkanların genişləndirilməsi istiqamətində Ermənistan Respublikasının problemlərinin çox böyük olduğu barədə mesaj verib.
"Ən böyük problemimiz Ermənistan Respublikasının iqtisadi inkişafı və iqtisadi hüquqlarının və imkanlarının genişləndirilməsidir. Çünki Ermənistanın milli gündəliyindəki bütün məsələlər güclü bir dövlət tərəfindən həll edilməli olan məsələlərdir. Siz başa düşməlisiz ki, güclü bir dövlət isə iqtisadi cəhətdən inkişaf etmiş bir dövlət”, deyə erməni baş nazir bildirib.
O, həmçinin Ermənistanla Diaspor arasındakı sərhədin qaldırılmasının vacibliyini də vurğulayıb.
“Dünyada getdikcə daha çox erməni Ermənistanla birləşməlidir və diasporun struktur, ideoloji sərhədləri aradan qaldırılmalı, bu əsasda münasibətlər qurulmalıdır. Hər bir erməni özünü Ermənistanda yaşayan ermənilər kimi görməli və ermənilərin hamısı özlərini Ermənistanın benefisiarı hesab etməlidir”, deyən Paşinyan ölkəsindəki vəziyyətin acınacaqlı olduğunu və narahatlığını gizlədə bilməyib.
Los-Ancelesdəki erməni mediası baş nazirdən Amulsar mədəninin inkişafı, Amulsar məsələsində son bir qərarın olub olmadığını soruşduqda, Nikol Paşinyan hər kəsin öz fikirləri var və bəziləri deyir ki, Amulsar dağda qalmasa dünya dağılacaq, deyə cavab verib. O, bəzilərinin, cəmiyyətin bir hissəsinin Amulsar istismar edilməlidir fikrini də ortaya atmaqla əslində öz düşündükərini diqqətə çatdırmağa çalışıb. Baş nazirin, indi bu ekoloji fəlakətdir, ya yox, bu suala de-yure və de-fakto cavabını almalıyam, deməsi isə onu təsdiq edir ki, Paşinyan Amulsarın istismarına bəhanə axtarır.
O, heç vaxt mədəni açmaq və ya açmamaq məsələsini qaldırmadığını deməklə, əslində Lydian səlahiyyətlilərinə də yalan danışıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə