"Qərəzli kampaniyalar effekt doğurmayacaq" RƏY -ÖZƏL

"Azərbaycan gücləndikcə, beynəlxalq aləmdə güclü mövqeyə sahib olduqca, müstəqil siyasət yürütdükcə, özü öz taleyinə sahib çıxdıqca ölkəmizə qarşı xaricdən hücumlar daha da artıb. Son vaxtlar isə bu hücumlar ifrat halını alıb. Ədalətsiz, qərəzli mübarizə o qədər açıq müstəviyə keçib ki, artıq bu oyunu quranlar niyyətlərini gizlədə və “fəaliyyətlərini” arqumentləşdirə bilmirlər". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini, media ekspert Müşfiq Ələsgərli deyib.

O bildirib ki, onlar Azərbaycana qarşı hansı “iradı” bildiriblərsə, bunlara tutarlı cavab verilib, iddiaların əsassız olduğu konkret faktlarla sübuta yetirilib.

Hazırda arqumentləri tükənən, əsaslandırılmış mövqe ortaya qoya bilməyən bu qüvvələrin çılpaq və iyrənc oyun apardığını deyən M. Ələsgərli söyləyib ki, onlar heç bir əsas olmadan Azərbaycanı hər şeyə görə “tənqid” edirlər.

Onun sözlərinə görə, bununla onlar Azərbaycan daxilində - cəmiyyətlə dövlət, cəmiyyətlə hakimiyyət arasında etimadsızlıq mühiti yaratmağa çalışır, bu zaman təhqirlərə, böhtanlara yol verir, ictimai rəyi çaşdırmağa cəhd edirlər: "Bütün bunlar xaricdən Azərbaycanın daxilinə müdaxilədir və ölkədə ictimai-siyasi sabitliyi pozmağa hesablanıb. Xatırladım ki, vaxtilə bu güc mərkəzləri qarayaxma kampaniyalarını həyata keçirmək üçün Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları vasitəsilə öz tərəfdaşlarına maliyyə vəsaitləri ötürürdülər. Bu, qrant formasında, guya cəmiyyət üçün faydası olan hansısa işin həyata keçirilməsini maliyyələşdirmək adı altında edilirdi. Lakin Azərbaycan dövləti sonradan müəyyən etdi ki, bu qrantların böyük hissəsi heç də təyinatı üzrə xərclənmir, daha çox siyasi məqsədlərə, siyasi qrupların fəaliyyətinə yönəldilir. Ardınca həmin qruplar vasitəsilə ölkə daxilində ictimai-siyasi sabitliyin pozulmasına, Azərbaycan dövlətinin gözdən salınmasına cəhdlər edilir. Bildiyiniz kimi, 2014-cü ildə "Qrant haqqında" qanunvericiliyə əlavə və dəyişiklik edilib, QHT sektorunda çox böyük təftiş işi aparılıb, xaricdən ölkəmizə pulların ötürülməsi, siyasi qrupların maliyyələşməsi mexanizmi, onların əsas hədəfləri ifşa olunub”.

Ekspert əlavə edib ki, indiyə qədər Azərbaycana qarşı müxtəlif sahələrdə aparılan belə savaşlar öz nəticəsini vermədiyi kimi, hazırda müşahidə etdiyimiz qərəzli kampaniyalar da effekt doğurmayacaq: "Çünki, Azərbaycan xalqı öz dövlətini və hakimiyyətini qoruyur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...