Nankor və xəyanətkardan başqa nə isə gözləməyə dəyməzdi! ANALITIK

Yaxud, Əli İnsanov qeyri-insani davranaraq, Qərb və ABŞ-a niyə yalmandı?

Ölkə rəhbərinin verdiyi böyük əfv sərəncamından sonra azadlığa çıxan məhbuslar ilk növbədə dövlət başçısının humanizm prinsipindən çıxış edərək, onları öz ailələrinə qovuşdurduğuna, ikiqat bayram hissləri yaşatdığına görə sonsuz təşəkkürlərini bildiriblər. O cümlədən, siyasi baxışları müxalif olan məhbuslar da öz növbələrində Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Ümumiyyətlə, belə bir sərəncamın verilməsi istər məhbusların və onların ailələrinin, istərsə də ölkə ictimaiyyətinin ovqatına bayram əhval-ruhiyyəsi qatdı, yalnız bir nəfərdən başqa…

Bu bir nəfər isə, sabiq səhiyyə naziri, dövlət çevrilişinə cəhddə və s. cinayətlərdə ittiham edilərək həbs cəzası almış Əli İnsanovdur. O, həbsdən azad olunan kimi, jurnalistlərə verdiyi brifinqdə Qərb təşkilatlarına və ABŞ rəhbərliyinə sözün əsl mənasında yalmandı, yaltaqlandı, törətdiyi cinayətlərinə görə əfv olunmasını dövlət başçısının şəxsi humanistliyi ilə əlaqələndirməyərək, əslində nə qədər yararsız, vicdani hisslərə malik olmayan biri olduğunu sübut etdi. Bu, Ə.İnsanovun ümumiyyətlə, insani xüsusiyyətlərə aid olmayan ünsürlüyünü kifayət qədər sübuta yetirmiş oldu.

Heç bir azərbaycançılıq çərçivəsində sığmayan kinin, küdurət göstəricisi

Daha bir diqqətçəkici məqam isə, ənənəvi müxalifət düşərgəsində hər zaman mövcud olan və sağlam düşüncəli ictimai rəy tərəfindən hiddətlə qarşılanan bölücülük siyasətidir. Sabiq nazirin ətrafında olanların heç bir azərbaycançılıq çərçivəsində sığmayan bu kimi baxışlardan çıxış etmələri əslində kinin, küdurətin qəddarlığın göstəricisi kimi də əlaqələndirilə bilər. Əbəs deyil ki, bir sıra tanınmış ölkə siyasətçiləri, ictimai xadimlər Ə.İnsanovun bu və ya digər fikirlərini sərt tənqid atəşinə tutublar. SİA xəbər verir ki, media vasitəsi ilə fikirlərini bölüşənlər sabiq səhiyyə nazirinin hakimiyyətə, hakimiyyətə dəstək verən xalqa meydan oxumasını sərt şəkildə qınayıblar.

Əli Nağıyev: “Əli İnsanov əgər ağıl öyrənmək istəsəydi, 15 il bundan əvvəl məni dinləyərdi, daha qeyri-adamları yox!”

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından hesab edilən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev Prezident İlham Əliyevin əfv sərəncamı ilə 14 ildən sonra azadlığa çıxan sabiq səhiyyə naziri Ə.İnsanovun iqtidara meydan oxuyan fikirlərinə sərt reaksiya verərək deyib ki, onun fikirlərinin hamısı səhvdir. “Əli İnsanovun son müsahibəsi zamanı söylədiyi müəyyən fikirlərin hamısı səhvdir. Ona demək istəyirəm ki, ağrıdan doğan emosiya ilə müsbət nəticə əldə etmək mümkün deyil”, bildirən Ə.Nağıyev əlavə edib ki, o, bu vasitə ilə kimsəyə ağıl öyrətmək fikrində də deyil: “Mən heç kimə ağıl öyrətmək fikrində deyiləm. Əgər ağıl öyrənmək istəsəydi, 15 il bundan əvvəl məni dinləyərdi, daha qeyri-adamları yox! Ona görə də mən hesab edirəm ki, onun dediyi fikirlərin hamısı səhvdir”.

Fəzail Ağamalı: “Əli İnsanov Prezidentlə görüşəndə tamamilə başqa görkəm alırdı, az qala onun qarşısında baş əyirdi”

“Özünün də cilovlaya bilmədiyi emosiya ilə fikir bildirən Əli İnsanov - baxmayaraq ki, ölkə prezidentinin lütfkarlığı, mərhəməti və imzası ilə azadlığa çıxıb – təşəkkürü Amerikaya, Avropaya istiqamətləndirdi. Guya onların təzyiqi ilə prezident belə bir addım atıb, onu əfv edib. Bu, kökündən yanlışdır. Hətta dünyanın aparıcı dövlətlərinin liderləri də yaxşı bilirlər və qəbul edirlər ki, ölkə Prezidenti İlham Əliyevə təzyiq formasında hər hansı bir fikri çatdırmaq, onun təzyiqlə yerinə yetirməsini tələb etmək, fikrini dəyişmək mümkün deyil”.

Bunu isə əslən Qərbi Azərbaycandan olan deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı sözügedən mövzuya münasibətini bildirərkən deyib. F.Ağamalı bildirib ki, Prezidentimiz qətiyyətli, iradəli, öz müstəqil fikri olan və bu müstəqil fikrində kifayət qədər ədalətli mövqe nümayiş etdirən dövlət xadimidir, bunu bütün dünya bilir: “Ə.İnsanov da İlham Əliyevi yaxşı tanıyır və mən xatırlayıram ki, vaxtilə o, Prezidentlə görüşəndə tamamilə başqa görkəm alırdı, az qala onun qarşısında baş əyirdi. Əli İnsanov öz əməllərinə görə həbsə düşdü, mən də arzulamazdım ki, o, həbsxanaya düşsün. Ancaq özü əməlləri ilə 2005-ci ildə “hakimiyyəti zorla keçirmək layihəsi” içərisində yer alıbsa, buna görə ona heç kim “sağ ol” deməli deyildi. Cəzasını aldı, indi çıxıb. Azərbaycan müstəqil dövlətdir, demokratik ölkədir, burada hər bir vətəndaşın seçim hüququ var. Kimsə siyasi partiya yaratmaq istəyirsə, yarada bilər, kimsə hansısa siyasi partiyaya getmək istəyirsə, gedə bilər. Ə.İnsanov da Azərbaycanın vətəndaşıdır, o, seçimində müstəqildir, istədiyi peşə ilə məşğul ola bilər. Azərbaycanın Konstitusiyası da bunun üçün şərait yaradır. Hamı bilməlidir ki, Azərbaycanda hər şey qanunlarla idarə olunur, heç kim hədə-qorxu ilə, hirs-hikkə ilə Azərbaycan iqtidarına, Azərbaycan xalqına öz iradəsini tabe etdirə bilməz. Bu baxımdan Ə.İnsanov da istisnalıq təşkil etmir”.

Qərbi azərbaycanlıların Ə.İnsanovu guya özlərinə “lider” seçməsi ilə bağlı iddialara da toxunan millət vəkili deyib ki, o, qərbi azərbaycanlıları ətrafına yığacaq potensialda deyil, ola da bilməz: “Əgər o xəyallarla yaşayırsa, o xəyalların həyata keçirilməsi üçün heç bir əsas yoxdur. Ola bilsin ki, o, özünün yaxın qohumlarını, məhdud sayda tanışlarını toplayıb bir partiya yaradar. Yaratsın görək, bu partiya hansı gücə malikdir. Ancaq birmənalı şəkildə heç kimə mandat verilməyib ki, qərbi azərbaycanlıların adından danışsın. Bu mandat yalnız ölkə başçısına aiddir. Qərbi azərbaycanlıların əksəriyyəti bu gün cənab Prezidentin yanındadır, onu hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Buna heç kimin şübhəsi olmasın”.

Əziz Ələkbərli: “Heç kəs öz siyasi ambisiyasını həyata keçirmək üçün böyük bir bölgənin insanlarından istifadə etmək fikrinə düşməsin”

Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də Ə.İnsanovla birgə fəaliyyət göstərə bilmək haqda mülahizələrə fikir bildirib. Ə.Ələkbərlinin sözlərinə görə, bu oyunların kimə və nəyə xidmət etdiyi, hansı siyasi qrup və klanların maraqlarına hesablandığı da məlumdur: “Görünür, yenə də bəlli qüvvələr yaxın zamanda üç-beş adamın üstünə atılacaq çirkabı böyük bir kəsimin üzərinə yıxaraq, öz aləmlərində nəhəng bir toplumu zərərsizləşdirib həm siyasi proseslərin məcrasını istədikləri istiqamətə yönəltmək, həm də öz “yollarını təmizləmək” niyyətindədirlər. Qərbi Azərbaycan icması olaraq bəyan edirik ki, həmin məkrli qüvvələrin budəfəki planları baş tutmayacaq. Heç kəs də öz siyasi ambisiyasını həyata keçirmək üçün böyük bir bölgənin insanlarından istifadə etmək fikrinə düşməsin. Əvvəl bəyan etdiyimiz kimi, bir təşkilat olaraq biz Azərbaycanın daxili siyasi proseslərinə qarışmayacağıq, bizim əsas məqsədimiz Qərbi Azərbaycan torpaqları uğrunda mübarizədir. Bu müqəddəs yolda səmimi olaraq yanımızda olan hər kəs bizə dost, qarşımızda dayanan hər kəs isə dəf edilməsi bizim üçün o qədər də çətin olmayan maneədir”.

“Hər hansı bir məsələ üçün kiməsə müraciət etməli olsaq, ancaq dövlətimizə və xalqımıza müraciət edə bilərik”, deyən Ə.Ələkbərli həmçinin bildirib ki, bütün tərəflərə, xüsusilə sifariş yerinə yetirən bəlli media nümayəndələrinə səslənir: “Qurtarın Qərbi Azərbaycan masası üzərindəki oyunlarınızı! Bizi İrəvan, Göyçə, Zəngəzur, bütövlükdə Qərbi Azərbaycan uğrunda mübarizə hədəfimizdən yayındırmağa çalışmaqla düşmən dəyirmanına su və dən tökməyin!”

Onu da xatırladaq ki, ayrıseçkilik, bölücülük salmağa çalışanlardan biri də “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıdır ki, o Ə.İnsanovun ətrafında var-gəl edərək, növbəti dəfə suyu bulandırmağa cəhdlər göstərir. Ancaq unudur ki, onların bu kimi çirkin niyyətləri heç vaxt reallaşmayacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə