"Yeni metodlardan istifadə etmək daha məqbul hesab edilə bilər” ÖZƏL-ŞƏRH

“Azərbyacan demokratik ölkədir və ən müxtəlif siyasi dünyagörüşün daşıyıcıları olan fərdlər və təşkilatlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Bu, mitinqlər, yazılı bəyənatlar, mətbuat və s. vasitələrlə həyata keçirilir və bütün demokratik ölkələrdə də belədir”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, yalnız mitinqlər şəklində kütləvi tədbirlərin keçirilməsində israr edənlər varsa, o zaman gərək onlar mütləq ictimai asayiş, onun qorunması, digər ictimai maraqlarla bağlı mənafelərin təmin olunmasını da nəzərə alsınlar: “Təəssüf ki, bəzən bizdə belə məsələlərə diqqət yetirilmir, mitinqlər zamanı qanunun tələbləri və ictimai asayiş mitinq iştirakçıları tərəfindən pozulur və bu da digər vətəndaşlarımızda haqlı narazılıq yaradır. Görünür Bakı Şəhər İcra Hakimiyyəti də bu nüansları nəzərə alaraq mitinqə icazə verməyib. Düşünürəm ki, burada məqsəd hansısa hüquqları məhdudlaşdırmaq deyil, tam əksinə ümumi ictimai mənafeyi təmin etməkdir. Biz bundan əvvəlki mitinqlə bağlı xeyli sayda qanun pozuntusu faktları bilirik ki, onların araşdırılması və təkrar olunmaması üçün müvafiq tədbirlərin görülməsi lazımdır. Ona görə də elə bir xüsusi ictimai sifariş olmadan mütləq mitinq keçirməyə cəhd etmək də doğru deyil. Hazırda çoxsaylı informasiya və internet resursları var ki, onlar vasitəsilə istənilən müxalif fikri geniş auditoriyaya kütləvi şəkildə çatdırmaq olur. Böyük şəhərlərdə ictimai ahəngdarlığı pozmamaq üçün belə yeni metodlardan istifadə etmək daha məqbul hesab edilə bilər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə