Prezident İlham Əliyev: "Azərbaycanın regiondakı rolu artmaqdadır"

Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir və əlbəttə ki, Azərbaycanın regiondakı rolu artmaqdadır. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı oldu və ilk dəfə olaraq Azərbaycan beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi. Çünki o vaxta qədər biz təbii qazı idxal edirdik. Yəni, biz əsas enerji layihəsi olan Cənub Qaz Dəhlizi istiqamətində davamlı olaraq irəliləmişik və bu gün bu layihənin icrası artıq reallıqdır. SİA-nın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında bildirib.

“Xatırlayıram ki, 2012-ci ildə Azərbaycan və Türkiyə TANAP layihəsi ilə bağlı müqavilə imzaladı və bu, Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsi idi. Bir il sonra, 2013-cü ildə “Şahdəniz-2” layihəsi üzrə sərmayə qərarı qəbul edildi və elə həmin ildə Trans-Adriatik boru kəməri TANAP-ın davamı olaraq seçildi. Bütün bunlar onu nümayiş etdirir ki, biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Biz vahid komanda şəklində çalışmağımız nəticəsində uğurdan bəhs edə bilərik”, - deyə dövlətimizin başçısı qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə