"2019-cu il forumu öz səmərəliliyi ilə yaddaşlarda qalacaq” ÖZƏL - ŞƏRH

“Davosda düzənlənən Dünya İqtisadi Forumu hər zaman öz əhatə dairəsi və qloballığı ilə diqqət cəlb edib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib. Deputatın sözlərinə görə, bu illik toplantını ən çox iqtisadi spektrda səciyyələndirsələr də Forumun ciddi siyasi əhəmiyyəti də vardır: “Bu səbəbdəndir ki, ölkə Prezidenti, cənab İlham Əliyev uzun illərdir məlum forumun tədbirlərində iştirak edir, orada öz dəyərli fikirlərini söyləyir, dünya liderlərinə, toplantı iştirakçılarına Azərbaycan həqiqətləri barədə səhih, təfsilatlı məlumatlar verir.

Bilirsiniz, bu qurum həm də ədalətli hesabatları ilə məşhurdur. Ötən il - Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan makroiqtisadi mühitə görə dünya miqyasında 39-cu, MDB məkanında isə 1-ci yeri tutub. Bu il isə güman ki, miqyas, göstərici daha da üst pillədə olacaq. Bu nə deməkdir? Bu o deməkdir ki, həm də dünyanın biznes hegemonlarının toplandığı məclisdə Azərbaycanla əməkdaşlığa maraq artacaq, ölkəyə kapital axını güclənəcək. Sabit siyasi durumu olan ölkələrdə iqtisadiyyat hər zaman güclü olur və hamının dostluq eləmək istədiyi, sərmayə qoymaq istədiyi ölkələr də məhz sabit siyasi durumu olan ölkələrdir. Üstəlik, bildiyiniz kimi cənab Prezidentin hər forum çərçivəsində fərdi görüşləri də olur və bu görüşlərdə təbii ki, ölkəmiz üçün faydalı müzakrələr aparılır.

Davos Forumu Dağlıq Qarabağ həqiqətlərinin də dolayı və birbaşa yolla dünya ictimaiyətinə çatdırılması üçün yaxşı fürsətdir və bu fürsət də hər zaman gərəkli, lazımlı formada dəyərləndirilir. Ümid edirəm ki, 2019-cu il forumu öz səmərəliliyi və aktuallığı ilə yaddaşlarda qalacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə