"Azərbaycan bütün ölkələrlə öz münasibətlərini, əməkdaşlığını qurur" ÖZƏL-RƏY

"Azərbaycanın beynəlxalq siyasəti cənab Prezidentin rəhbərliyi altında tarazlı şəkildə həyata keçirilir. Heç bir qlobal güclərə qoşulmadan müstəqil şəkildə öz xarici siyasətini yürüdür. Bu gün dünya tərəfindən də bizim ölkəmizin apardığı xarici siyasət yüksək səviyyədə dəyərləndirilir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan öz qonşuları ilə çox gözəl qonşuluq siyasətindədir: "Bu siyasət qonşularla bir yerdə regionun iqtisadi inkişafına, təhlükəsizliyin təminatına xidmət edir. Qonşular dedikdə torpaqlarımızı işğal edən, bizimlə düşmənçilik münasibətində olan Ermənistandan başqa bütün qonşularla Azərbaycanın münasibətləri çoxyüksək səviyyədədir. Təbii ki, bu da qonşu ölkələrin inkişafı ilə Azərbaycanın regional layihələrinin həyata keçirilməsində özünü göstərir. Bu layihələrə Bakı-Tbilisi-Qars dəmir yolunu, Cənub Qaz Dəhlizini və s. göstərə bilərik. Eləcə də Azərbaycanın yerləşdiyi coğrafiyaya görə, tranzit layihələrin ölkəmizdən keçən inkişafı istiqamətində məsələn, İran-Rusiya-Azərbaycan üçtərəfli əməkdaşlığı buna misal göstərmək olar. Bu çox böyük dəyərli münasibətlərdir. Bu münasibətlərin inkişafı bir bölgədə yaşayan qonşular arasında münasibətlərin möhkəmlənməsinə və onların iqtisadiyyatlarının inkişafına öz töhfəsini verir. Xəzərin hüquqi statusu ilə bağlı imzalanan konvensiya isə münasibətlərin daha da yeni mərhələdə səmərəli qurulmasına xidmət edir. Bu gün Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Ona görə də bu gün Azərbaycan hər bir ölkə ilə həm qonşu olan, həm də olmayan ölkələrlə sərbəst şəkildə öz münasibətlərini, əməkdaşlığını qurur. Bu bizim dövlət başçımızın yürütdüyü siyasətin təməlində dayanır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə