"Paşinyan çalışır ki, razılığı qoruyub saxlaya bilsin" ÖZƏL-ŞƏRH

“Ermənistanda və qondarma rejim "DQR"-da baş verən prosesləri təhlil etmək üçün ilk öncə bir neçə əhəmiyyətli məqamlara toxunaq. Əvvəla, Nikol Paşinyan inqilab yolu ilə hakimiyyətə gəlməsi və daha sonra 9 dekabr tarixində növbədənkənar parlament seçkilərini qalib olaraq başa vurması, artıq "Qarabağ klanı"nın mövqeyinin zəifləməsindən xəbər verir. Ələlxüsus, son seçkilərdə köhnə iqtidar yəni Ermənistan Respublikası partiyasının parlamentdən kənarda qalması, klanın zəiflədiyinin bariz nümunəsidir. Bu zaman belə bir sual ortaya çıxır "Qarabağ klanı" nə edəcək"? Həqiqətənmi siyasi səhnədən tamamilə silinəcək, yoxsa bütün bu prosesləri "Qarabağ klanı"nda və Ermənistanda siyasi elitanın yenidən formalaşması kimi qiymətləndirməliyik?”. Bunu SİA-ya açıqlamasında analitik Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, Paşinyan inqilab yolu ilə hakimiyyətə gəldikdən sonra erməni KİV-də qondarma rejimin başçısı Bako Saakyanın və oradakı bəzi quldurların eyni ilə Ermənistanda olduğu kimi inqilab və ya növbədənkənar seçkilərin keçirilməsi yolu ilə göndərilməsini nəzərdə tutulan yazılar dərc olunmağa başladı: “İlk vaxtlar Paşinyan və Bako Saakyan tez-tez görüşüb müzakirələr aparsalar da lakin Saakyanı və onun klanını narahat edən amillər var idi. Məhz bu səbəbdən seçkilərə az qalmış bir vaxtda Saakyan ATƏT-in həmsədr ölkələrinə səfərlər təşkil edərək həm maliyyə dəstəyi, həm də qondarma rejimin tanınmasına nail olmağa çalışırdı. Digər tərəfdən də "Qarabağ klanı"nın tapşırıqlarını erməni lobbilərinə çatdırdığını da qeyd edə bilərik. Əsasən, seçki öncəsi Paşinyana qarşı maliyyə dəstəyinin erməni lobbisindən və onların təyziqiylə Qərbdən kəsilməsi kimi amillər də ola bilər. Beləcə, Paşinyanla Saakyan arasındakı bir-birilərinə olan əsl ( yəni bir-birilərinə bəslədikləri nifrət hissi) münasibət özünü biruzə verdi.

Son bir neçə gündür erməni mətbuatında çıxan xəbərlərə əsasən onu deyə bilərik ki, artıq Ermənistanda Saakyanın göndərilərək yerinə qondarma rejimin sabiq baş naziri Arayik Harutyunyanın gətirilməsi məsələsi müzakirə olunur. Onu da qeyd edim ki, Arayik Harutyunyan Rusiyanın Moskva şəhərindədir. Böyük ehtimal ki, bu məsləni müzakirə etmək və dəstəy almaq üçün erməni lobbisinin nümayəndələri ilə görüşlər təşkil edir. Deməli, yeni formalaşacaq qondarma rejimin tərkibinin müəyyənləşməsində Moskavada fəaiyyət göstərən erməni lobbisi və buradan birbaşa olmasa da dolayı yolla Rusiyanın da əli olacağını ifadə etmək olar. Bununla da belə bir qənaətə gələ bilərik ki, heç də Rusiya Ermənistandakı proseslərə qıraqdan müşahidəçi qismində çıxış etmir.

Digər mühim bir amil isə Ermənistanın Qarabağda dislokasiya olunan qanunsuz hərbi birləşməsinin rəhbəri general-leytenant Levon Mnatsakanyanı tutduqları vəzifədən uzaqlaşdırılması məsələsidir. Əvvəla onu qeyd edim ki, Qarabağda dislokasiya olunan qanunsuz hərbi birləşmələrin tərkibində əsgərlərə qarşı zorakılıq, təcavüzkarlıq, intihar hallarının artması, qanunsuz hərbi birləşmələrin tərkibində hərbi qulluqçuların özbaşınalığı və digər amillər artıq Levon Mnatsakanyanın tutuduğu vəzifədən göndərilcəyinə dair erməni mətbuatında xəbərlər yayılmağa başlamışdı. Və bugünlər də onun yerinə kim gələcəyinə dair məlumatlar yayılmağa başlayıb. Erməni KİV-çəxan xəbərlərə istinadən qeyd edə bilərəm ki, əsas namizəd qanunsuz hərbi birləşməsinin baş qərargah rəisi general-mayor Karen Abrahamyandır. O, Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunlarının keçmiş komandanı Armen Abrahamyan qardaşıdır. Hraparak qəzeti qeyd edir ki, "artıq o, Müdafiə Ordusu binasının zabitləri ilə görüşüb". Onun yerinə gələcək şəxs isə qanunsuz hərbi hissənin komandiri Calal Harutyunyanın olacağına dair erməni mediasında fikirlər irəli sürülür.

Digər maraqlı bir məqamı qeyd edim ki, Serj Sərkisyanın Qarabağ ərazisində yerləşən qanunsuz hərbi birləşmələrin rəhbəri və komandirləri üzərində böyük təsir amili olması Paşinyanı vadar edir ki, onları tutduqları vəzifədən uzaqlaşdırsın. Çünki Paşinyan Sərkisyanın göstərişiylə ona qarşı təxribat xarakterli addımların ola biləcəyini düşünür. İlk ağla gələn addım isə cəbhədə vəziyyətin gərginləşdirilıməsi məsələsidir ki, Paşinyan da hər vəchlə çalışır ki, Düşənbədə əldə olunmuş razılığı qoruyub saxlaya bilsin. Bir sözlə, Paşinyan qondarma rejimə nəzarət edə bilmək və öz istədiyi kimi idarə etmək üçün öz adamlarını yerləşdirməyə başlayıb. Bu baxımdan əsas iki yerdən, qondarma rejimin başçısı vəzifəsindən və qanunsuz hərbi hissə biləşmələri rəhbərindən başladığını ifadə edə bilərik. Bununla da Paşinyan gələcək də qondarma rejim tərəfindən özünə qarşı çevriliş cəhdlərinin qarşısını da almış olacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə