“Kərimlinin aylıq xərci minimum bəlkə də, yarım milyondu” MÜSAHİBƏ

Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin SİA-ya müsahibəsi

- Elşən müəllim, qanunsuz əməlinə görə, xalqdan üzr istəməkdəndisə Əli Kərimli polis bölməsindən çıxdıqdan sonra hakimiyyətə qarşı şər və böhtanlarını, ittihamlarını davam etdirir. Bunu özünü siyasətçi hesab edən şəxsin ən böyük səhvlərindən biri hesab etmək olar?

- Əli Kərimlinin ritorikası bir daha onu göstərir ki, illər onu dəyişə bilməyib, eyni xislətdə qalıb, dar təfəkkürü bu müddət ərzində azca da olsa genişlənməyib. Adam göz-görəsi qanun pozuntusu edir, ziyarət adı ilə destruktiv fəaliyyət sərgiləyir, provokasiya ilə məşğuldur. Amma sonucda da hamını borclu çıxarmağa çalışır. Nədir səbəb? – Uğursuzluq!. Həmin uğursuzluq Kərimlini bu günlərə gətirib, onu daim müşayət edib, rəzalətin dibinə sürükləyib. Adam bir dəfə özünə sual vermir ki, mən niyə 25 ildir xalqın 1 faiz də olsa səsini qazana bilmirəm, niyə icazəli mitinqlərə adam yığa bilmirəm, niyə insanları öz dediklərimə inandıra bilmirəm? Pafosun beşi bir qəpik, bütün söylədikləri boğazdan yuxarı...Ayıb deyilmi? Gücsüzsən, uğursuzsan, istedadsızsan, otur yerində də. Axı sənə dəyib dolaşan yoxdur. Niyə hər gün bir teatr düzənləyib, bir tamaşa qurub imitasiya edirsən? Nə isə. Bu danışıldıqca qurtaran mövzu deyil. Əli Kərimli həqiqətən Azərbaycan siyasətinin üz qarasıdır.

- “Milli Şura”nın sədri Cəmil Həsənlidə keçirdiyi mətbuat konfransında ənənəsinə uyğun şər böhtan kampaniyasından geniş şəkildə istifadə etdi. Sizcə, şantaj və böhtanla onlar nəyə nail olmaq istəyirlər?

- Əslində ilk öncə deyim ki, böhtan faktının özü cinayət tərkibi yaradır. Yəni, Cəmil bəyin dediyi hər sözdən yapışıb bu adamı hüququn əli ilə, qanuni formada cəzalandırmaq olar. Sadəcə onu məhkəməyə verən yoxdur. Daha doğrusu ona baş qoşan yoxdur. Prezident seçkilərindəki biabırçı məğlubiyyətindən sonra da abır edib dayanmır, susmur. Zamanında bir mandat üçün öz siyasi düşərgəsindən ayrılmışdı, partiyasının ümumi qərarına tabe olmamışdı və faktiki olaraq Əli Kərimlini satmışdı. Amma mandat müddəti bitən kimi yenə dönüb oldu müxalifətçi. Beləsinin dediyinə kim inanar? Kim belə bir adamı ciddiyə alar? Danışır danışsın. Bu monoloqa qulaq asan yoxdur. Dedikləri isə kökündən yalnışdır. Həsənli özü polis idarəsindən çıxanda söylədi ki, bizimlə idarədə ən yüksək səviyyədə davrandılar. İndi yəqin xaricdəki qəyyumları təlimat veriblər ki, başqa şey danışsın.

- Əli Kərimli “Meydan Tv”-yə açıqlamasında Böyük Britaniyada mülklərinin olmadığını və maliyyə çətinlikləri ilə üzləşdiyini iddia etdi. Bu birbaşa xarici maliyyə hesabına əldə etdiklərini ört-basdır etməyə hesablanan uğursuz addım deyilmi?

- Ağlaşma məclisi qurmaq Kərimlinin köhnə adətidir. Ağlaya-ağlaya da hamıdan gözəl yaşayır. Amma bu ağlamanın hədəfi həm də gizli mesajlardır. Yəqin kimlərəsə dolayı yolla müraciət edir ki, pul gətirin. Maşını hamıdan bahalı, geyimi hamıdan bahalı, ətrafında 50 cangüdən, hamısı da guya könüllü. Kimin işi-gücü qurtarıb ki, gedib könüllü mühafizəçilik eləsin, sürücülük eləsin? Kərimlinin aylıq xərci minimum bəlkə də, yarım milyondu. Budur maliyyə çətinliyi? Oğlunun Londonda bir kef məclisinə xərclədiyi pul 10 min, 20 min evrodu. Budur çətinlik? Hə, ola bilər əvvəl 2-3 milyon olub, indi yarım milyona düşüb, bu başqa məsələ. Amma Kərimlinin elə aldıqları qrantlar kifayətdir ki, ömrünün sonuna qədər kef-damaq içində yaşasın. Bir daha deyirəm, onun ağlamağı timsahın göz yaşlarından o tərəfə bir şey deyil. Bu adam təpədən dırnağa qədər saxtadır və həyatı boyu özündən, öz maraqlarından başqa heç nə düşünməyib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...