Və ya Müsavatın növbəti qurultayı öncəkindən daha qalmaqallı keçəcək

Müsavat partiyasının hələ 2014-cü ildə keçirilən qalmaqallı qurultayında baş verənlər məlum hadisələr və qurultaydan sonra yaranan istefalar dalğası bu gün də siyasətlə maraqlanan tərəflərin müzakirə obyektində qalmaqdadır. Parçalanmış və hazırda da didişmələrlə yadda qalan Müsavat partiyası isə get-gedə siyasi iflasına doğru daha sürətlə irəliləməkdə davam edir. Belə ki, partiyanın saxta yollarla seçilmiş başqanı Arif Hacılı zaman-zaman mətbuata müəmmalı açıqlamalarını, müsahibələrini verərkən, üstüörtülü fikirləri ilə nə qədər çətin durumda olduğunu nümayiş etdirib.

Arif Hacılı özünə inanmır, yaxud İsa Qəmbərin “əfsanənin qayıdışı” planı

Məsələ ondadır ki, partiyanın bu ilin sonlarında keçiriləcək qurultayına hazırlıqla bağlı açıqlama verən A.Hacılı deyib ki, qurultayın gününün təyin edilməsi hazırlıq işlərinin gedişindən asılıdır və s. Məhz bu açıqlamadan da bəlli olur ki, əslində partiyadaxili münasibətlər çox pis vəziyyətdədir və qurultay gününün təyin edilməsi belə, ciddi problemə çevrilib. Halbuki, A.Hacılı bu və ya digər şəkildə rəhbəri olduğu partiyasının qurultay gününü bir iclas keçirməklə müəyyənləşdirə bilər. Sadəcə, partiyadaxili münasibətlərdə finksionerlərin fikirlərinin üst-üstə düşməməsi həmin problemi daha da qabartmış olur. O cümlədən, Müsavatın heç ilin sonunda da quurultay keçirə bilməyəcəyi bəri başdan özünü göstərməyə başlayıb.

Başqa yandan, ilginc görünən daha bir məqam A.Hacılının "partiyanın növbəti qurultayında namizədliyinizi irəli sürəcəksinizmi?" sualından yayınmasıdır. Belə ki, "namizədliyin irəli sürülməsi mərhələsi irəlidədir", deyən Müsavat başqanı bu dəfə özünə inamının olmadığını dolayısı ilə etiraf edib. Hətta Hacılı başqanlığa namizədliyini irəli sürəcəyini desəydi, yada başqa bir namizədin adını açıqlasaydı belə, yenə də bu inamsızlığını biruzə verəcəkdi.

Artıq Müsavata yaxın kuluarlarda belə bir fikir də formalaşmağa başlayıb ki, sabiq başqan İsa Qəmbər A.Hacılını bu postdan çıxdaş etməyə hazırlaşır. Çünki 2014-cü ildəki qurultayda Qubad İbadoğlunu, Vurğun Əyyubu, Səxavət Əlisoyu, Ellada Məmmədlini, Hikmət Hacızadəni və başqa köhnə müsavatçı funksionerləri, başqan müavinlərini, müşavirləri A.Hacılıya qurban verməklə nə qədər səhv tutduğunu anlamağa başlayıb. Hacılı isə söz yox ki, İ.Qəmbərin ümidlərini doğrulda bilməyib. Eləcə də, İ.Qəmbərin hazırda “əfsanənin qayıdışı” tipli plan üzərində “baş sındırdığı” barədə məlumatlar əldə edilməkdədir.

Ellada Məmmədli: "Qurultaydan sonra belə bir nəticəni gözləməyən keçmiş başqan uzun illər onun tərəfdarı olmuşlara "xəyanatkar, iqtidara işləyənlər" damğasını vurdu"

Bu gün Q.İbadoğlunun sədri olduğu və demək olar ki, tərkibi köhnə müsavatçılardan ibarət olan ADR hərəkatının funksioneri, Müsavatın qadınlar şurasının sabiq sədri Ellada Məmmədli də hesab edir ki, İ.Qəmbər A.Hacılını başqanlığa saxta yollarla təyin edərkən, əslində öz "siyasi nüfuzunu" qorumağa çalışıb, hətta 2018-ci ilin sonlarına qədər keçirilməsi gözlənilən qurultayda özünü başqanlıq kreslosuna kökləyib.

"İsa Qəmbər başqanlıqdan gedəndə Müsavatın parçalanacağını hesablamamışdı. O düşünürdü ki, Müsavat partiyasındakı insanlar hamısı onun tərəfdarlarıdır və dediyi sözlər birmənalı olaraq hər kəs tərəfindən qəbul ediləcəkdir", deyən E.Məmmədlinin sözlərinə görə, Müsavatdan məhz İ.Qəmbərin yaxın çevrəsi, ona sadiq olanlar getdilər və yaxud da onu dinləməyənlər partiyadan xaric olundular: "Partiyadan gedənlər elə İ.Qəmbərin tərəfdarları oldu. Qurultaydan sonra belə bir nəticəni gözləməyən keçmiş başqan uzun illər onun tərəfdarı olmuşlara "xəyanatkar, iqtidara işləyənlər" damğasını vurdu. Bu da illərini partiyaya həsr edən insanlara vurulan damğa, onu dinləməyənlərin "cəza damğası" idi. Ona görə də A.Hacılının Müsavatda qalması və ya getməsi artıq heç nəyi həll etmir. Dünənə kimi A.Hacılını günahkar bilənlər bu gün elə düşünmürlər. Ona bu qədər səlahiyyəti verən kimdir? Təbii ki, 22 il partiyaya başqanlıq etmiş İ.Qəmbər".

İsa Qəmbər başqanlığa namizəd olaraq iddiasını ortaya qoymaqla, Arif Hacılı klanını özünə qarşı qaldıracaq

Ellada Məmmədli onu da qeyd edib ki, siyasətin öz qanunları var: "Bəzi hallarda liderlər müsbət və mənfi xüsusiyyətlərinin həyata keçirilməsi üçün bəzi şəxslərdən istifadə edirlər: "Dünənə qədər Müsavatı xaricdə təmsil edən Qubad İbadoğlunun xidmətləri birmənalı olaraq, onun başqanının adına yazılırdı ki, baxın İ.Qəmbərin ətrafında necə ziyalılar toplaşıb. O cümlədən, professor Adil Qeybullanın, professor Almaz Əliqızının, Hikmət Hacızadənin, Vurğun Əyyubun və adını çəkmədiyim bir çox ziyalının xidmətləri Müsavat başqanının adına yazılırdı. Ona görə də əvvəllər hər kəs İ.Qəmbəri yaxşı tərəfdən tanıyırdı. Bəs mənfi işləri görənlər kimlərdir? Qaraguruh dəstəsi! Onları kim idarə edir-Arif Hacılı və onun Müsavatda rəhbər postlara təyin edilmiş qruplaşması. Deməli, buradan belə qənaətə gəlmək olar ki , A.Hacılı İ.Qəmbərin görünməyən qara simasıdır".

Beləliklə, görünən budur ki, Müsavat partiyasının bu ilin sonlarında keçiriləcəyi növbəti qurultayı daha qalmaqallı və daha sərt qarşıdurmalarla nəticəsini tapa bilər. İ.Qəmbər başqanlığa namizəd olaraq iddiasını ortaya qoymaqla, A.Hacılı klanını özünə qarşı qaldıracaq və beləliklə, Müsavat adında partiya tamamilə siyasi səhnədən silinəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə