"Sərgilənən yeni silahlar ölkəmizin potensialını ortaya qoyur" RƏY-ÖZƏL

“Müdafiə sənayeni sahəsində beynəlxalq sərgi keçirmək hər bir ölkəyə müəssər olan fakt deyil. Azərbaycan olduqca ciddi bir yükün altına girərək, artıq üçüncü dəfədir ki, “ADEX-2018” ə ev sahibliyi edir və sərgiyə dünyanın ən müxtəlif ölkələrindən kifayət qədər ciddi silah istehsalçıları qatılırlar”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Sərgidə 29 ölkədən 224 şirkətin iştirak etdiyini deyən siyasi şərhçi bildirib ki, bu, müdafiə sənayesi sahəsində keçirilən sərgilər baxımından çox böyük göstəricidir.

Onun sözlərinə görə, sərgi ilk növbədə Azərbaycanın bir təşkilatçı kimi potensialını ortaya qoyur: “Digər amil ölkəmizin silah istehsalçısı kimi dünya bazarına daxil olması və özünü kifayət qədər yaxşı tərəfdən təqdim etməsi ilə bağlıdır”.

E.Mirzəbəyli yaxın tarixə diqqət yetirərək Qarabağ müharibəsində Azərbaycan ordusunun, silahlı qüvvələrinin hətta adi patron tapmağa belə çətinlik çəkdiyini və ordunun təminatında kifayət qədər ciddi problemlərin olduğunu xatırladıb: “Amma keçən zaman müddətində Azərbaycan çox böyük irəliləyişə nail olub. Ölkəmiz nəinki dünyanın ən böyük dövlətlərindən, modern silah istehsalçılarından silah alıb öz silahlı qüvvələrinin silah təminatını artırır, həmçinin özü silah istehsalçısı olaraq kifayət qədər müasir silahlar istehsal edir”.

Siyasi şərhçi vurğulayıb ki, ADEX sərgisində nümayiş olunan yeni Azərbaycan silahları ölkəmizin bu sahədə olan potensialını ortaya qoyur: “Faktiki olaraq bu, Azərbaycan Prezidentinin müdafiə sənayesi ilə bağlı qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində ciddi addımların atılmasıdır. Şübhəsiz ki, Azərbaycanın müdafiə sənayesi inkişaf edir və bundan sonra da edəcək. Azərbaycan öz silah bazarında layiqli yerini tutur, həmçinin silahlı qüvvələrimizin təchizatının ən mükəmməl səviyyəyə çatdırılması istiqamətində ciddi addımlar atılır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə