Sərdar Cəlaloğlu İsa Qəmbərə nəyi eyham vurub? TƏRS BAXIŞ

ADP sədri Müsavatdakı qarşıdurmaları onun “ayağına yazır”

ADP sədri Sərdar Cəlaloğlunun zaman-zaman ənənəvi müxalifət düşərgəsinin “liderlərini” ittiham etməsi əslində adi hal almaqla yanaşı, onun bir sıra hallarda həqiqəti söyləməsi də kimsəyə sirr deyil. Belə ki, onun növbəti hədəfi Müsavatın sabiq başqanı İsa Qəmbər olub. Daha dəqiq desək, müsavatdaxili qarşıdurmaların, intriqaların baş verməsində əsas günahkar olaraq partiyanın sabiq başqanı İsa Qəmbər göstərilib. Məsələ ondadır ki, “Müsavat partiyasında proseslər elə cərəyan edir ki, artıq onu tənzimləmək çətindir”, deyə qeyd edən ADP sədrinə görə, yalnız hərəkətsizliklə partiya daxilində sakitlik yaratmaq olar. Bu baxımdan, o hesab edir ki, “bataqlığa düşən çapalamamalıdır”.

İsa Qəmbərin mövqe tutaraq, çox aktiv hərəkətlərə imza atması partiyanın qarşısıalınmaz bir tərzdə dağılmasına gətirib çıxardı”

Beləliklə, Müsavat partiyasının daxili qarşıdurmalardan, qruplaşma savaşlarından dolayı bataqlığa düşdüyünü və çapalayaraq özünü daha ağır vəziyyətə saldığını deyən S.Cəlaloğluya görə, İ.Qəmbərin Arif Hacılını saxta yollarla başqanlıq kreslosuna otuzdurması Müsavatda cərəyan edən konfliktlərin daha dərinliyə doğru inkişaf etdiyini bildirib

ADP sədri Müsavatın hazırkı rəhbərliyinə bir sıra tövsiyələrdə də bulunub. Belə ki, onun sözlərinə görə, partiya daxilində ziddiyyətli məqamlar yaranıbsa, tərəflər aktiv addımlar atmamalıdır. “İsa Qəmbərin yanlış mövqeyi Müsavatın dağılmasına səbəb oldu”, deyə qeyd edən ADP sədrinə görə, Müsavatda əllərində imkan olanlar etiraz edənləri təşkilat sıralarından azad edirlər: “Qarşı tərəf isə, buna etiraz olaraq, aksiya keçirir və öz tərəfdarlarını partiyadan çıxarmağa çalışır. Bununla da, partiya dağılır”.

S.Cəlaloğlu buna misal olaraq, Qubad İbadoğlunun təsis etdiyi və sıralarına sabiq müsavatçıları cəlb etdiyi “ADP” hərəkatını, həmçinin, Tural Abbaslının sədri olduğu “Ağ partiya”sını göstərib, eləcə də hər iki siyasi təşkilatda vaxtilə İ.Qəmbər-A.Hacılı cütlüyünə qarşı etirazçıların toplaşdığını bildirib.

ADP sədrinə görə, baş qaldırmış etirazların və səs-küyün ardınca, psixoloji sakitləşmə getdikdən sonra bütün problemləri həll etmək mümkün idi. Lakin müsavatçıların heç biri bu sakitliyə getməyərək, hay-həşir saldılar və vəziyyətin daha da gərginləşməsinə səbəb oldular: “Çox təəssüflər olsun ki, İsa Qəmbər də mövqe tutaraq, çox aktiv hərəkətlərə imza atdı. Bu da partiyanın qarşısıalınmaz bir tərzdə dağılmasına gətirib çıxardı”.

ADP sədri: “Müsavat yamaqlı olacaq”

ADP sədri bundan sonra Müsavat partiyasının özünün əvvəlki gücünü bərpa edə bilməyəcəyini deyib, eyni zamanda iddia edib ki, hətta gedənlər geri qaytırılarsa, vəzifələrə təyin olunarlarsa belə, əvvəlki Müsavatdan əsər-əlamət qalmayacaq: “Hətta partiyadan çıxarılan və istefa verən simalar bir araya gətirilsələr də, Müsavat əvvəlki gücündə olmayacaq. Yəni yamaqlı olacaq”.

Yeri gəlmişkən, onu da xatırladaq ki, məhz 2014-cü ilin qurultayından sonra Müsavat daxilində kəskin böhran yaşanmağa başladı və bu böhran adıçəkilən partiyanın sıralarının sürətlə boşalması ilə nəticəsini tapdı. Artıq 2018-ci ildir və Müsavatın növbəti qurultayı keçirilməlidir. Lakin növbəti qurultayın köçürülməsində də ciddi problemlər yaşanır. Çünki ötən dörd ildə partiyada bu və ya digər şəkildə qalanlar da artıq etirazçılıq sindromuna yoluxublar. Bu baxımdan, partiyadaxili məsələlərdə növbəti qarşıdurmaların yaşanması həqiqətə çevrilə bilər.

Maraqdoğurucu nüanslardan biri də S.Cəlaloğlunun hücumlara məruz qalması ilə bağlı irəli sürdüyü fkirləridir. O, nə zaman mətbuat vasitəsi ilə düşərgədədki açıq-aşkar çatışmayan cəhətlər barədə danışırsa, müxalifət partiyalarının uğursuzluqlarının səbəblərini izah edirsə, dərhal təhqirlərə məruz qaldığını, sosial şəbəkələrdə onun barəsində izafi söyüşlər yazıldığını bildirib.

Sərdar Cəlaloğlunun cavabını Mustafa Hacıbəyli verib: “Təhqir olunmuş şəxs niyə özünü təhqir olunmuş hesab edir?”

Ancaq digər məqamlardan biri də budur ki, S.Cəlaloğlunun sözügedən ittihamlarına növbəti dəfə və dərhal reaksiya verilib. Misal üçün, Müsavat partiyası məclisinin üzvü, başqan müşaviri Mustafa Hacıbəyli ADP sədrini təhqir olunmuş şəxs hesab etdiyini bildirib və çox qəliz bir sual ünvanlayıb: “Sərdar Cəlaloğlnun fikirləri özünə aiddir. Çünki sual yaranır ki, təhqir olunmuş şəxs niyə özünü təhqir olunmuş hesab edir?”

Müsavat funksioneri onu da qeyd edib ki, əgər S.Cəlaloğlu, həqiqətən də, özünü təhqir olunmuş hesab edirsə, onda müxalifətçilik adından birdəfəlik imtina etsin: “Əgər belədirsə, onda görüşlərini müxalifətlə deyil, iqtidarla keçirsin. Çünki onun özü də əvvəllər belə bir təşəbbüs ilə çıxış etmişdi ki, hakim partiya ilə görüşməyə hazıram”.

Beləliklə, çətin vəziyyətdə qalan kimi, bir-birlərini hakimiyyətə işləməkdə, iqtidara yalmanmaqda suçlayan ənənəvi və dağıdıcı düşərgə təmsilçiləri real nəticələr çıxarmaq yerinə, “siyasi bilgilərinin” bundan artıq inkişaf etmədiyini sübuta yetirirlər. Əks halda, reallıqlar qarşısında ciddi arqumentlərlə çıxış edib, opponentlərinə daha səlis cavablar verərdirlər. Görünür, ittiham olunan tərəflərin buna nə gücləri, nə də siyasi peşəkarlıqları çatır...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə