Məhbusların azadlığı kimlərə və niyə sərf etmir?

Radikalların heç bir sosial sifarişi olmayan aksiyalar keçirib yenidən diqqəti öz üzərlərinə cəlb etmək planları səmərəsiz qalacaq

Bir müddət əvvəl “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli və 18 Nardaran məhbusunun azad edilməsindən sonra radikal təmayüllü müxalifətdə ciddi narahatlıqlar baş qaldırmağa başlayıb. Belə ki, məhz azadolma prosesinin ardınca sözügedən düşərgədə özlərini “ana müxalifət” adlandıran siyasi təşkilatların rəhbərlikləri hakimiyyətin bu addımından təlaş keçirərək, arxalandıqları bir sıra Qərb təşkilatlarının əllərindən çıxacağını ehtiyat edirlər. Daha dəqiq desək, erməni lobbisinin dəstəyi ilə Azərbaycan əleyhinə fəaliyyət göstərən xarici təşkilatlar bundan sonra hakimiyyətə qarşı qərəz kampaniyası üçün yeni bəhanələr axtarışına çıxmalı olacaqlar. Bu dövrdə isə müxalifət “liderlərinin” dəstəksiz qalacağı şübhəsizdir.

“Siyasi məhbus” məsələsi əldən çıxarsa, onların mühacir biznesi, eləcə də digər çirkin maraqları məhv olacaq

Ümumilikdə Azərbaycan – Qərb münasibətlərinin normallığı fonunda hakimiyyətin humanizm siyasətini davamlı olaraq yürütməsi faktorundan qorxan “liderlər” qənaətə gəliblər ki, 2018-ci ildə baş tutması gözlənilən prezident seçkilərinə qədər və hətta sonra Azərbaycan hakimiyyəti daha güclü demokratik mühit istiqamətində səylərini artıracaq. Bu isə radikal düşərgənin siyasi sonunu reallaşdıracaq əsas amillərdən biridir.

Söz yox ki, AXCP və Müsavat partiyalarının, o cümlədən həmin partiyalarla yaxınlıq edən siyasiləşmiş QHT-lərin və hərəkatların maraqlarına cavab verməyən demokratik addımlar onların ictimai-siyasi sabitliyin pozulmasına yönəlik addımlar atmaq istəklərini ortaya qoyur. Bu baxımdan, “Milli Şura”nın AXCP-nin egidası altında, Müsavatın isə ayrılıqda mitinq keçirmək cəhdləri də belə deməyə əsas verir. Yəni radikalların hədəfi azad olunan insanları ictimai rəydən gizlətmək, ya da bu prosesi unutdurmaq və yeni qarşıdurmalar yaratmaqdan ibarətdir. Çünki istər Əli Kərimlinin, istərsə də Arif Hacılının cəhdlərindən, münasibətlərindən aşkar görünür ki, onların əsas qazanc yeri olan “siyasi məhbus” məsələsi əldən çıxarsa, onların mühacir biznesi, eləcə də digər çirkin maraqları məhv olacaq.

Artıq Qərb təşkilatları da anlamağa başlayıblar ki, Azərbaycanla təzyiq dilində danışmaq sadəcə boş vaxt itkisidir

Düzdür, indi onlar əllərindən çıxmış bu məsələyə öz təbirlərincə donlar geyindirməyə çalışırlar. Misal üçün iddia olunur ki, guya Avropa və Qərb təşkilatlarının Azərbaycana təzyiqləri nəticəsində “siyasi məhbuslar” əfv olunaraq azadlığa buraxıldılar. Amma fakt budur ki, dustaqların azad edilməsi üçün Azərbaycan hakimiyyətinə heç bir xarici təzyiq olmayıb, tələblər irəli sürülməyib və bu tövsiyə bilavasitə ölkə rəhbərliyinin verdiyi qərardan doğan reallıqdır.

Belə olan vəziyyətdə ortaya çıxan daha bir gerçəklik Qərbin ənənəvi müxalifətdən üz döndərməsidir. Artıq Qərb təşkilatları da anlamağa başlayıblar ki, Azərbaycanla təzyiq dilində danışmaq sadəcə boş vaxt itkisidir. Hətta erməni lobbisinin xərclədiyi məbləğlər də Azərbaycan hakimiyyətinə qarşı heç bir təsir gücünə malik ola bilmir. Bunun isə əsasında xalq-iqtidar birliyi dayanır ki, nə radikal müxalifət, nə də ölkə xaricindəki qərəzli təşkilatlar həmin birliyə necə deyərlər, bata bilmirlər. Bu zaman həm də belə qənaətə gəlməyə zəmin yaranır ki, istər AXCP-“Milli Şura” cütlüyünün, istərsə də Müsavatın və s. qurumların heç bir sosial sifarişi olmayan aksiyalar keçirib yenidən diqqəti öz üzərlərinə cəlb etmək planları səmərəsiz qalacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə